Daşaltıda 2 nəfər minaya düşərək həlak oldu - Yenilənib

dasaltida-2-nefer-minaya-duserek-helak-oldu
Oxunma sayı: 5428

Şuşa şəhəri yaxınlığında iki nəfər minaya düşüb.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verib.

Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda deyilir:

“Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən  hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək”.

***

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqlamasında deyilir:

“Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur.

Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin baris nümunəsidir.

ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar”.