Dəhşətli qəzadan sonra oğlunu ABŞ-yə qaçırıbmış

dehsetli-qezadan-sonra-oglunu-abs-ye-qaciribmis
Oxunma sayı: 6093

Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə aparan türkiyəli yazıçı Eylem Tokla bağlı yeni detallar üzə çıxıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazar oğlunu Misirdən ABŞ-yə aparıb. Eylem Tokun həyat yoldaşı, həkim Bülent Cihantimur daha öncə verdiyi açıqlamada oğlunun xarici ölkəyə qaçırılması ilə bağlı məlumatının olmadığını desə də, onların hava limanına birlikdə getməsi məlum olub.

Bundan başqa, yazıçının qəzadan sonra bir daha hadisə yerinə getməsi və dəlilləri gizlətməyə çalışması da bəlli olub.

Belə ki, o, oğlunun qəza törətdiyini öyrəndikdən sonra təcili özünü hadisə baş verən yerə çatdırıb. Oğlunu oradan götürərək evə aparıb. Daha sonra həmin məkana qayıdıb. Bildirilir ki, səbəb heç də yaralılara kömək etmək yox, sübutları gizlətmək olub.

Məlumata görə, qəza zamanı yazıçının oğlu T. C.-nin yarışdığı avtomobilin sürücüsünün də sürücülük vəsiqəsi olmayıb və onun 14 yaşında olduğu üzə çıxıb.

Qeyd edək ki, martın 1-i İstanbulun Eyüpsultan qəsəbəsində avtomobili xarab olduğu üçün yolun kənarında dostları ilə birlikdə dayanan Oğuz Murat Acını lüks avtomobil vurub, nəticədə o ölüb, daha 4 nəfər yaralanıb. Həmin maşının sahibi, 16 yaşlı T. C. anası, yazar Eylem Tok ilə birlikdə hadisə yerindən qaçaraq Misirə gedib.

Eylem Tokla oğlu haqqında həbs qərarı çıxarılıb.