“Mançester Yunayted” doğma meydanı olan “Old Trafford”da baş tutan prinsipial derbidə əzəli rəqibi “Mançester Siti”ni məğlub edərək mövsümün ən səs-küylü qələbələrindən birinə imza atıb.
“Qafqazinfo” “Sky Sports”a istinadla xəbər verir ki, İngiltərə Premyer Liqasının (EPL) 22-ci turu çərçivəsində keçirilən qarşılaşma “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin keçən derbinin taleyi ikinci hissədə həll olunub. Meydan sahiblərinin heyətində Brayan Mbemo 65-ci dəqiqədə hesabı açıb, 76-cı dəqiqədə isə Patrik Dorqu komandasının ikinci qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, bu qarşılaşma həm də “Mançester Yunayted”in yeni baş məşqçisi Maykl Kerrik üçün debüt matçı kimi tarixə düşüb. Yanvarın 5-də Ruben Amorimin istefasından sonra müvəqqəti olaraq Darren Fletçerə həvalə edilən sükan arxasına yanvarın 13-də rəsmən Kerrik keçib. Yeni çalışdırıcı ilk oyunundaca rəqibini taktiki cəhətdən üstələməyi bacarıb.
Bununla da, “Mançester Yunayted” mövsümün ilk dövrəsindəki 0:3 hesablı məğlubiyyətin revanşını ala bilib. “Mançester Siti” üçün isə bu, noyabrın 22-dən bəri (12-ci turda “Nyukasl”a məğlubiyyət) EPL-də qeydə alınan ilk məğlubiyyətdir.
Onu da bildirək ki, qələbə sayəsində xallarını 35-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Mançester Siti” 43 xalla ikinci yerdə qalıb, “Arsenal” isə 49 xalla liderliyini davam etdirir.
Son xəbərlər
Son Xəbərlər