“Deyirlər, onun “həci”si var, biz Hacını Tağıyevə demişik” - Videomüsahibə

deyirler-onun-hecisi-var-biz-hacini-tagiyeve-demisik
Oxunma sayı: 2401

O, dərin biliyi və dünyagörüşü ilə öz işinin peşəkarıdır. Dönəmində hazırladığı verilişlərlə digər kanallarda rəqabət yaradır, zövqlü nəslin yetişməsinə töhvə verirdi. Bir çox gənc jurnalistin həyatına toxunan bu şəxs həm də ədalətli rəhbər olmasına görə sevilib. 

“Qafqazinfo” olaraq bu dəfə “Space” telekanalının 2001-2006-ci illərdə prezidenti olmuş əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru, hazırda “Azad Azərbaycan” Teleradio Şirkətində Bədii Şuranın sədri olan Etibar Babayevlə söhbətləşdik. 

Müsahibim jurnalist olduğu üçün bu prosesə yaxşı hazırlaşmaq şərt idi. Onunla qarşı-qarşıya əyləşmək, televiziyanın, ümumiyyətlə, mətbuatın dərinliyini və incə detallarını bilən bir adamı danışdırmaq, verdiyi cavablardan sual çıxarmaq əlavə məsuliyyətdir. Çünki bu, adi bir müsahibə yox, həm də jurnalistikanın nəzəri və praktik dərsinin vəhdəti idi…

- Hazırda televiziyadakı bir çox verilişlərdə məişət problemləri qabardılır. Ucqar kəndlərdə yaşayan insanların şəxsi həyatı hələ də sanki şou kimi təqdim edilir. Telekanallar daha çox məhz bu səbəbdən tənqid olunur, bəs siz bu məsələni necə görürsünüz?

- Sözünüzdə həqiqət var. Əksər kanallar elə bir mövzuya toxunurlar ki, bu, təkrarlanır. Forması fərqli olsa da, məzmunu eynidir. Ailə-məişət məsələləri elə bir incə məqamdır ki, xüsusilə KİV buna diqqət ayırırsa, ölçülüb-biçilib əvvəlcədən qarşıya məqsəd qoyulsun. İndiki halda istər dağ kəndində, istər mərkəzi yerdə ailə hər kəs üçün, əxlaqlı insanlar üçün müqəddəs məfhumdur. İki gəncin məhəbbətinin qurulduğu ailə sağlam olur. Sağlam ailə münasibətləri olan yerdə isə belə hallar olmur. Baxsaq, görərik ki, televiziyada danışılan, qabardılan həmin insanlar ya ailəsi dağılanlardır, ya da düz qurulmayan. Biri anasını, biri atasını axtarır, digəri övladını bəlli olmayan qurumlara verir. Bizim müqəddəs ana obrazımız var. Mən televiziyalarda olan indiki verilişlərin çoxunda müqəddəs ana obrazını görmürəm. Ailədən danışılsın, amma niyə dağılan ailədən? Niyə biri ərini, digəri anasını axtarır? Biri 5 dəfə evlənir və bununla gündəmə gəlir, biri isə kimisə qaçırıb bədbəxt edərək...

Bu mövzular ekranda verilirsə, heç olmasa, tərbiyəvi cəhətdən işıqlandırmalıdırlar. Niyə insanların zövqlərini, düşüncələrini cılızlaşdırıb laxladırsınız? Belə halda tənqidi yanaşırlar, nəticə isə yoxdur. Bu, tamaşaçıların günahı deyil. Televiziyalar reytinqinə əsasən, proqramını tuturlar. Bunlar necə müəyyənləşir, milyonlarla tamaşaçının fikri necə öyrənilir? Araşdırılmalı mövzudur. 5-10 tamaşaçının peşəkarcasına aparmadığı müşahidələrə əsasən, “hə, ən çox izlənən veriliş budur” deyirlər. Tutaq ki, odur. Bu gün Üzeyir Hacıbıyovun, Rəşid Behbudovun hər hansı əsəri sosial şəbəkələrdə sayca hər hansı ara müğənnisinə uduzursa, indi biz nə edək? Azərbaycan musiqisinin ənənəsindən danışanda ara oxuyanlarının göstəricisini əsas gətirib deyək ki, bizim öndə gedənimiz budur?

Bu xalqın zövqü axı belə deyil, tamaşaçının da bir vəzifəsi var. Zaman gedir, bizdən asılı deyil. Neçə il keçsə də, yaz var, yay var, payız və qış var... İllərin günü də eynidir. 1-2 gün artıq ola bilər - 365-366. 400 yoxdur ki, 200 gün də yoxdur. Amma elə bil ki, ömrümüz azalıb. Bu, tək ona görə deyil ki, biz yaşlanırıq, həm də ona görədir ki, informasiya da bizi qovur, həyatın tələbatı da...

Əsas odur ki, insanlar düşüncə qabiliyyətini itirməsin. Televiziya buna xidmət etməlidir, ailəsini dağıdanları bizə nümunə gətirməklə, bir-biri ilə höcətləşənləri göstərməklə yox. Televiziyada səviyyəsiz söhbətlər zamanı arada təhqir işlədiləndə onun səsini tez kəsirlər. Həmin o səssiz kadrlar daha da ikrah doğurur. Guya efir etikasına görə bunun səsi alınır. Amma hamı bilir ki, bu, texniki səhv deyil. Bu, tərbiyəsizliyin səssiz ifadəsidir. Mən ona baxanda görürəm ki, bu adam nədən danışır. Çünki üzündəki ifadələr də danışır. O əl hərəkətləri, o hörmətsizliklər... Axı bu, kimə lazımdır?

Bu qədər uğurlarımız olur, xaricdən gəlirlər, Bakını bəyənirlər. Xalqın düşüncəsini göstərmək üçün küçədə insanların gülüşü də lazımdır. Hırıldamaq yox, gülümsəmək. O cümlədən TV-də bizim xalqın üzü, gözü və siması olmalıdır. 

- Televiziyalarda maraqlı layihələrin sayı demək olar ki, azdır. Sizcə, səbəb izləyici kütləsinin olmamasıdır?

- Bu, izləyənlərin izləməni düz aparmamasının nəticəsidir. O qədər ləyaqətli insanlar var ki, onlar olmasa, uğurlarımız olmaz. Niyə onların rəyi öyrənilmir? Niyə biz onları televiziyada görmürük? Niyə bizim televiziyalarda ağlı başında olan adamlar danışmır?! 

Televiziyanın 3 məqsədi var: biri xəbəri çatdırmaq, biri maarifləndirmək, digəri isə əyləndirmək. TV 1956, radio isə 1926-cı ildə yaranıb. Görün necə inkişaf yolu keçib, kimlər rəhbərlik edib, kimlər orada verilişlərin müəllifi olub. Təqdimatı kimlər edib, aparıcıları kim olub. Sayca o insanların səviyyəsini müqayisə edin. İndi belə kəslər varmı? Çox azdır. Elə adamlar cəlb olunmalıdır ki, bazar, küçə söhbətləri müzakirə olunmasın. Bir müğənninin digəri ilə küsüb-barışması niyə maraqlı olmalıdır?

Kriminal xəbərlərin də ayrı saatı olmalıdır ki, bilək kim öldü, kim qaldı. Bu xəbərlərin də həcmi və səviyyəsi vacibdir. Ulu Öndər Heydər Əliyevin bir sözü var ki, “məqsədin, mövqeyin aydın olmalıdır”. Bu verilişləri hazırlayanların məqsədi nədir? Onun maşını ucuzdur, bunun geyiminin qiyməti neçəyədir? Bizə nə? 

Bir adam deyib ki, Şövkət Ələkbərova kimi nəhəng nə geyinirdi, onun geyiminin qiyməti neçəyə idi? Onların geyimləri də olub, nəqliyyat vasitələri də. Amma belə söhbətlər gündəmə gəlməzdi. Gündəmdə Bülbülün, Rəşidin səsi, sözü idi. Hansı kanalda bu gün şeir dəqiqələri var? O qədər şeirlərimiz var ki, bunlar Məhsəti Gəncəvidən gəlir. Məhsətini də bu gün başqa göstərirlər. Müqəddəslik məfhumunda çirkin münasibət keçmişi də ləkələyə bilər. Axı biz ləkələrin dalınca yox, çiçəklərin arxasınca getsək, ətri daha xoş olar. İndi mövzu elədir ki, deyir “onun “həci”si var”. Biz hacını Zeynalabdin Tağıyevə demişik. Bu, mənəviyyatsızlıqdır.

Sosial şəbəkələrə baxın, adam xəcalət çəkir. Bu, bizim tərbiyəmiz üçün yox, tərbiyəsizləşməyimiz üçündür. Yaxşı gözlə baxırsansa, sosial şəbəkənin yaxşı tərəfi var. İnformasiya adına tərbiyəsizliyi yaymaqla nə olacaq?

Ağlı başında olan KİV rəhbərləri də öz imkanlarını bundan qorumağa səfərbər etməlidir. Çünki dövlətin sərhədi var, bunu sərhədçilər qoruyur. Xalqın da bir mənəviyyat sərhədi var, bu, qorunmalı, ön sırada isə ziyalı olmalıdır. Gənc nəslə hansı həyat tərzini təlqin edirsiniz? Bahalı həyat tərzini kiməsə göstərmək stimul deyil. Bu, düşüncədə pozğunluğun artmasıdır. 

- Bayağı müğənnilərin efirdə çıxışları da çoxalıb, onları pul qarşılığında dəvət edirlər. Kanalları buna vadar edən nədir?

- Televiziyaları buna vadar edən yəqin ki, maddi məsələlərin həlli formasını tapmamaqdır.

- Musiqidən söz açmışkən, bilirik ki, bu sənətə marağınız var...

- Hamı anadan olanda ana südü əmir, bundan sonra yavaş-yavaş yeməyə başlayırsan, bir vaxt çatır ki, sənin mənəvi qida ehtiyacın yaranır. Bu ehtiyac da ana laylasından qida alır. Uşaqlıqdan elə bir mühitdə böyümüşəm ki, yazıçılar, bəstəkarlar, şairlər atamın yaxın dostları olub. Yaxşı musiqi, yaxşı şeirlər eşitmişəm. Yaxşını da pisdən ayırıb, zövqümü formalaşdırmışam. Dünyanın başqa ölkələrində bu sahədə olan insanlarla şəxsi görüşlərim olub. Onları təbliğ etmişəm, onların nəfəsini verilişlərimdə dinləyicilərə, oxuculara çatdırmışam. Düşünürəm ki, indiki zamanda mənim zövqüm kifayət qədər tələblərə cavab verir. Efirlərdə, sosial şəbəkələrdə istəmədiyim çox şey var. Sadəcə onun qarşısını ala bilmirəmsə, təbliğ etmərəm, onunla böyümərəm. 

- Nöqsanlar zamanı Audovizual Şura televiziyalara bir sıra məhdudiyyətlər qoyur. Bir neçə saatlıq qadağaların effektiv olduğunu düşünürsünüz? Bu məhdudiyyətlərdə TV-lər nələr itirir?

- Mən elə bilirəm ki, nələrsə itirmir. Diqqətlə nəzarət edilsə, bunlar da yaxşı məqsəd güdür. Şura cəmiyyəti qorumaq üçün uyğun olmayan ifadələr və yanaşmalara etiraz edir və cəzalandırırlar, düz də edirlər. Bunun ən yaxşı yolu isə işi bilən adamları cəlb etməkdir. Hər bir televiziya kanalının öz auditoriyası olmalıdır. TV-lərin sayı artıb, sayına yox, səviyyəsinə fikir vermək lazımdır. Sözü olan kanallar danışsın, sözünü çatdırsın. Təqdimat formasının həllini tapmaq lazımdır. Vaxtilə Nizami Gəncəvi də deyib: 

“Sözün də su kimi lətafəti var

Hər sözü az demək daha xoş olar,

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

Telekanallar da gərək belə işləsin. Bu, düsturdur”.

- Efirlərdə dilimiz də korlanır. Ekranlarda yarı Azərbaycan, yarı rus dilində danışanları görmək sizi yormur?

- Məni niyə yorsun ki? Onları yorsun. Mən onları niyə efirə çıxarım? Biri var TV işçisi olsun, biri də var danışdırılan adam. Məsələn, küçədə birindən reportaj alırsınız. O, danışan zaman sən onu hər dəqiqə saxlayıb deyə bilməzsən ki, “rusca ifadə işlətdin, ingiliscə “vau” elədin”. “Vau” nədir? Ola bilsin ingiliscə heyrətlənmək, bəyənməkdir. Biri deyə bilər ki, “Rus demişkən, “Нет худа без добра”. Bu, rusca danışmaq deyil, həmin ifadəni söyləməkdir. Sonra da onun azərbaycanca tərcüməsini deyir. Amma “Mənim gözüm səndən su içmir”i kimsə rusca desə ki, “мои глаза с тебя воду не пьют”. Bu isə mənasız söz olur, çünki hərfi tərcümədir. 

- Cəmiyyətdə, həmçinin mediada belə bir fikir var ki, TV-lərdə aparıcıların çoxu tapşırıqla seçilənlərdir. Bəzi məşhurlar həqiqətənmi ekranlara tanışlıqla çıxır?

- Tanışlıq məsələsi tək TV-yə aid deyil. Kimsə tapşırıqla gələ bilər. Mən rəhbər vəzifədə çalışmışam. Kimsə deyə bilməz ki, hansısa adamı tanışlıqla işə götürmüsən, o cümlədən aparacıları. Hansı kanalda işləmişəmsə, orada öz anlayışım olub. Tamaşaçıya deyəcək sözümüz, fikrimiz var. Ayrı-ayrı verilişlərin fərqli aparıcıları var, adamı bunu əsas tutaraq işə götürərlər. Başqa məsələdir ki, kimsə kiminsə tanışı ola bilər. Bu, qəbahət deyil. Siz mənə kimisə təqdim edə bilərsiniz. Məsələn, mən sizin zahiri görünüşünüzdən başlayaraq ifadə tərzinizi, danışıq qabiliyyətinizi, dünyagörüşünüzü, söz bazanızı və digər bütün bunları bəyənirəmsə, göstəriciləri təmin edirsiniz deməkdir. 

Tutaq ki, tanıdığım TV rəhbərinin verilişinə uyğun, tələblərə cavab verən birini təklif edə bilərəm ki, onu cəlb etsin. Qane edirsə, işləsin. İndi bu nə oldu? Mənim sözümü eşidib onu işə götürdülər, oldu tapşırıqla gəlmək? Yox, bu, normaldır. Hər kəs kiməsə nəsə deyə bilər. Mənə də çox deyən olub. Gəliblər, baxmışam ki, danışığı düz gəlmir. Və ya hər şeyi uyğundur, amma xasiyyəti elədir ki, kollektivdə qıcıq doğurur. Bu yanaşma hər dəfə fərdi qaydada olmalıdır. Amma “yox” deyirsinizsə, tapşırıqla göndərilir ki, “bu insan burada işləməlidir!”, mənim təcrübəmdə belə bir hal olmayıb. 

- Gənc yaşlarınızdan yüksək məsuliyyətli vəzifələr tutmusunuz. Sovet dövründə gənclərə nadir hallarda belə məsuliyyətli, ideoloji yönümlü vəzifələr etibar edilirdi. Çətinliklərə rəğmən, həmin zamanda motivasiyanız nə olub?

- Mənə motivasiya verən ailəm, ailə mühitim olub. Gözümü açıb görmüşəm ki, atam öz zəhməti ilə böyüyüb. Biz halal çörəklə böyümüşük. Atamın çevrəsində o dövrün ziyalı insanları - bəstəkarlar, şairlər, sənət adamları çox yaxın, mehriban dostluqları olub. Evimizə gəlib-gediblər. Elə bilirəm ki, ən böyük müəllimlərim elə onlar olub. Yazıçılar İttifaqından – Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Osman Sarıvəlli, İlyas Əfəndiyev, Mirmehdi Seyidzadə, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və bir çoxlarının adını çəkə bilərəm. Bu şəxslərin hamısı ilə uşaq vaxtlarımdan ünsiyyətdə olmuşam- Adilin oğlu kimi... (red- Adil Babayev- şair, tərcüməçi, dramaturq)

Amma vaxt gəlib ki, Adilin oğlu böyüyüb İmran Qasımovun əsərlərinə, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin tamaşalarına resenziya yazmağa başlayıb. Rəssam Səttar Bəhlulzadə bizim evin sevimli qonaqlarından biri olub. Onunla eyni gündə, yəni dekabrın 15-də, amma fərqli illərdə doğulmuşuq. O mənim ad günümə rəsm əsərləri də hədiyyə edirdi. Səttar Bəhlulzadənin çiçəklərinin ətri bizim evdən əskik olmayıb. Atam Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olan zamanlar axşam tamaşalarına məni də aparırdı. O aktyorların söhbətləri, tamaşaların hazırlığı mənim üçün sənət və insanlıq təcrübəsi olub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Mədəniyyət Şöbəsində çalışmışam. Aldığım təhsildən çox, məni mən edən böyüdüyüm mühit olub. Ailəm, mühit və şəxsi Allahın verdiyi istedad... 

- SSRİ dönəmində jurnalistikada böyük senzura var idi. O mənzərəni görməyinizə baxmayaraq, bu peşəni seçməyiniz maraqlıdır. 

- Senzura SSRİ-dən əvvəl də həmişə olub. Senzura nədir? Dövlətin müəyyən ideoloji hadisələrə zidd olan məqamları mətbuatda və sonrakı dövrdə efirdə yayılmasının qarşısını alan, qoruyan bir qurumdur. SSRİ vaxtında senzura onu gözləyirdi. Bəzi şərtlər var idi. Bu, bir qalxan, amma sərhəd rolunu qorumaq şərtilə, qılınc rolunu da oynayıb. Senzura dövründə əslində publisistikaya aid o qədər gözəl əsərlər yaranıb. Senzura hər şeyə yox demirdi. Bəzi məsələləri gözləməklə istedadı olan insanlar xalqa öz sözünü çatdırıblar. Hətta bəzən o insanların səviyyəsi elə olub ki, ezop dili (red-üstüörtülü, müəmmalı, rəmzli dil) ilə və ya başqa ifadə vasitələrindən istifadə etməklə həmin sərhədləri də keçərək xalqa sözaltı məna ilə çatdırıblar. Mən o qaydalara riayət etmişəm, qara siyahıya da düşməmişəm. Öz fikrimi, düşüncəmi o illərdə yazdığım yazılarda əsaslandırmışam. Çox gözəl ki, senzura yoxdur. Amma əfsuslar olsun ki, hər yazarın özünün içindəki senzura da yox olub. İnsanın daxilində senzura olmalıdır ki, ədəbiyyatımızı, mənəviyyatımızı pozmayaq. Onlar olmayanda xoşagəlməz hallar mavi ekranda özünü göstərir. Bu da ağlı başında olan insanların əsəblərini pozur. 

 - “Space”də çalışdığınız vaxtlardan ədalətli rəhbər olaraq tanınmısınız. Bəs, elə olubmu ki, sizə orada çətinlik və ya problem yaradılsın? Ümumiyyətlə, sizin üçün “Space”dən ən yaddaqalan nədir? 

- Hər adamın həyatında müxtəlif dövrlər olub. “Space” də özəl və mənim həyatımda gözəl xatirələri olan dövrdür. Çalışmışam ki, işçilərə elə mühit yaradım ki, onlar bura biyara gələn kimi gəlməsin. İnsanların zövqünü, tamaşaçı auditoriyasının tələblərini gözləməyə çalışmışam. Verilişlərin sayından çox səviyyəsini düşünmüşəm, həmçinin sayı da çox olub. Muğam müsabiqəsi ilk dəfə bizdən, mənim rəhbərlik etdiyim dönəmdən başlayıb, bu gün də Mehriban xanım Əliyevanın himayəsi ilə davam edir. Efirdə seçilən insanlar aparıcılıq edib. Heç kimin yerini kimsə dar etməyib. İşlədiyim dövr elədir ki, bu gün də onlarla münasibətimiz qalıb, qəlbimdədirlər. “Space” fəaliyyətini bu gün də davam etdirir, onlara uğurlar arzu edirəm. 

- “Space” sizin zamanınızda baxılan kanala çevrilmişdi. Sizdən sonra kanalın reytinqinin düşdüyünü deyə bilərik?

- O mənim dövrüm deyildi. Bu, bir dövr idi. Mənimlə bağlamaq olmaz. Məni dövrlə bağlamaq olar ki, o zaman mən belə idim. Elə o zaman da belə idim, indi də. Dövr insanları korlamır. İnsanlar dövrdən düz nəticə çıxarmır. Kanalın düşməsi ilə bağlı isə... Mən belə düşünmürəm.  

- Hind filmləri barəsində nə deyə bilərsiniz? Sizdən sonra “Space”də sırf hind filmləri gedirdi.

- Hind filmlərini heç müşahidə etməmişəm. Nə müzakirə edib, nə də fikir vermişəm. 

- Televiziya karyeranız dönəmində heç bu peşədən bezib ayrılmaq qərarına gəldiyiniz an olub? 

- Olsaydı, ayrılardım. Həyat bir yoldur, başlanğıcı və sonu var. Qatardır gedir, müxtəlif vaqonları olur. Sənin hansı qatarda, hansı vaqonda oturmağın önəmli deyil, əsas odur ki, qatardasan və o yolu gedirsən. Biri rahat, biri yük vaqonu, digəri VİP vaqon da ola bilər. Amma sən qatarda gedənlərdən birisən. Gərək, yerində saymayasan, hərəkətdə olasan.

- İndi hansısa telekanalda rəhbər olmaq istərdiniz ? Olsaydınız, nəyi dəyişərdiniz?

- Olsam, danışarıq. Mütləq onda siz gəlin, bir yerdə müzakirə edək. 

- Zamanında türkiyəli müğənni-bəstəkar, aparıcı Barış Manço ilə münasibətlərinizin olduğunu bilirik. Tanışlığınız necə başlayıb?

- Mənim yaradıcılığımın böyük bir hissəsi Türkiyə ilə bağlıdır. “TRT-də bir gün” verilişi çəkirdik. Onun ilk yayımı 1990-cı il oktyabr inqilabının ildönümündə (Böyük Oktyabr Sosialist inqilabı-1917-ci il, 25 oktyabrda Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasında təməl atmış böyük inqilab) oldu.

Həmin gün veriliş 08:30-da başlayıb 10:00-a dək davam etdi. Bu isə böyük iş idi. Mən bu verilişləri hazırlayanda qonşu studiyaların birində Barış Mançonun “7-dən 77-yə” proqramı çəkilirdi. Barışla tanışlığımız da orada olub. Çəkilişdən sonra görüşdük, Azərbaycandan gəldiyimə çox sevindi. O vaxt mahnıları da az idi. Onun “Uşaqlar” verilişində aparıcılıq qabiliyyətindən çox təsirləndim, bu da illərin dostluğuna çevrildi. Ona xüsusi olaraq veriliş çəkdim, adı da “Tanış olun, Barış Manço” idi. Veriliş Azərbaycan Televiziyasında yayımlandı və bu, Barış Mançonun ilk müsahibəsi oldu.

Azərbaycanda onun mahnıları dinlənildi. Həmin verilişdən sonra mən 10 mindən çox məktub aldım. Onların bir qismini növbəti görüşümüzdə Madodakı evində göstərdim. Bizim insanların münasibəti Barışı təsirləndirdi və Azərbaycana mütləq gələcəyini dedi.

İlk dəfə 1992-ci ildə Bakıya gəldi. Qaçqınlarla, ziyalılarla, gənclərlə görüşdü. Verilişlər çəkdik. Elə yaxınlığımız oldu ki, yenidən Novruz bayramında gəldi və çəkilişlər etdi. Bu bayramlarda ölkə başçısı da gəlirdi. İlk dəfə orada Heydər Əliyevlə Barış Mançonun tanışlığı baş tutdu. Barışın onda bir istəyi oldu ki, Ulu Öndərlə ayrıca görüşüb müsahibə alsın. Heydər Əliyev isə bu təklifi çox yaxşı qarşıladı və razılıq verdi. Barış Manço növbəti gəlişində artıq Ulu Öndərdən müsahibə aldı. Bu isə çox fərqli oldu. Heydər Əliyev də özü bu barədə demişdi ki, “mənimlə dünyanın bir çox telekanallarından müsahibələr alıblar. Amma hamısı siyasətdən danışıb, siz ailədən, ailə münasibətindən danışırsınız, özü də bir bazar günündə... Mən bunu çox yüksək qiymətləndirirəm. Çünki ailə mənim üçün müqəddəsdir”. 

Bu müsahibə dəfələrlə yayımlandı. O görüşlərdən sonra Barış belə bir fikir səsləndirmişdi: “Cənab Prezident, dünyanın müxtəlif ölkələrində olmuşam. Siz Amerikada doğulsaydınız, biz müsahibə üçün Ağ evə gələcəkdik”.

Barış Heydər Əliyevin liderlik xüsusiyyətlərini yüksək qiymətləndirirdi. Onun 1998-ci ilin dekabrında Azərbaycana yeni il proqramında son gəlişi oldu, pulsuz konserti baş tutdu. 1999-cu ilin fevral ayının ilk günündə isə dünyasını dəyişdi (gözü dolur).

- Etibar müəllim, sizin Barış Mançoya həsr etdiyiniz “Barış körpüsü” kitabında belə bir yazıya rast gəlmişdim ki, dostlarınızdan birini “aldadaraq” Barış Manço ilə görüşdürmüsünüz. Bu barədə danışa bilərsiniz? 

- O kitabın bir qismi dostlarımla Barışı görüşdürməyimə həsr olunub. Çünki mən Barışı özəlləşdirməmişdim, onu çevrəmdəki maraqlı insanlarla görüşdürürdüm ki, bizim xalq haqqında fikir yaransın. Həmin insanlar arasında yazıçılar, rəssamlar, siyasətçilər var idi. Sizin dediyiniz görüş diş həkimi olan dostumla bağlıdır. Onda və ailəsində Barışa böyük bir məhəbbət var idi. Həmişə istəyirdi ki, fürsət olsun Barış Manço ilə onu görüşdürüm. Qismət oldu ki, Barış sonuncu səfərində qayıtmalı olsa da, mənim xahişimlə razılaşdı və Bakıda qaldı. Onu müşayiət edən musiqiçilər isə qayıtdı. Yadıma düşdü ki, dostumu onunla tanış edim. Həmin dostuma zəng edib “Türkiyədən gələn yaxınlarımdan birinin dişi şiddətli ağrıyır, gəlib bir baxasan” dedim. O, xəstənin sabah yanına gəlməsini istədi. Ancaq “dişi ağrıyan adam sabah Türkiyəyə qayıdacaq, buna görə də sən bu gün gəl” cavabını verdim.  Dostum mənim bu xahişimi yerə salmadı. 

Əslində isə bu “xəstə” Barış Manço idi və heç dişi də ağrımırdı. O gəlib otağa girdikdə Barış əlini üzünə, dişi ağrıyırmış kimi tutub dayandı. Dostum ona yaxınlaşanda gördü ki, bu, Barış Mançodur, heyrətləndi. Onun sevinci bizi, daha çox Barışı sevindirdi. Sonra ailəsini də gətirdi, bir yerdə yemək yedik. Uşaqlarının həmin görüşdəki sevinci, onların Barışın mahnılarını əzbər bilməsi Mançonu çox təsirləndirdi. Gözləri yaşardı.

-Azərbaycanın da “Barış Mançosu” odur dediyiniz kimsə varmı?

-Xeyr, yoxdur. Barış dünyanın 140 ölkəsindən çox yerində olub. Elə bir insan idi ki, dünyanı Türkiyəyə, Türkiyəni isə dünyaya çatdırırdı. O, paklığı, şəxsi nümunəsi ilə Türkiyənin ən böyük təbliğatçısı idi. 

- Dünya tarixində iz qoymuş insanlarla görüşmüsünüz. Bu gün jurnalistikada belə imkanlar məhddudur. Sizin üçün onlar necə yadda qalır?

-Mənim görüşlərim yadımda yox, həyatımdadır. Xoş anlar kimi məni mən edən anlardır. 

- Türkiyə prezidentləri Turqut Özal və Süleyman Dəmirəllə görüşləriniz də buna şamildir. Sizcə, Süleyman Dəmirəllə Heydər Əliyevin yaxın dostluğunun kökündə nə dayanırdı?

-Heydər Əliyevin dostluğu yalnız Süleyman Dəmirəllə deyildi. Ulu Öndər haqqında Turqut Özaldan o qədər xoş sözlər eşitmişəm.

Hələ H.Əliyev Moskvoda işləyən zaman Turqut Özalla tanışlığı olub. Özü də onun haqqında xoş xatirələr söyləyib. Bir dəfə H.Əliyev T.Özalın oğlu ilə məni birlikdə qəbul etmişdi. O, elə xoş sözlər danışdı ki, Turqut Özalın oğlu çox xoş xatirələrlə ayrıldı. 

- Süleyman Dəmirəl sizə Heydər Əliyevdən nələr danışmışdı?

-Mən onları sorğu-sual etməmişdim. Amma hər biri Ulu Öndər haqqında fikir bildirib. Süleyman Dəmirəl də bunu hər zaman deyib. Onlar o ömrü yaşayıblar. H.Əliyevin Naxçıvan dövründə belə Türkiyədən gələn vəzifəli şəxslər də bunu deyib. Onlar Heydər Əliyevi Türk dünyasının lideri kimi qəbul edib. Çünki, onun əməlləri bunu göstərib.

-Bugünkü Türkiyə-Azərbaycan münasibətlərində onların dostluğunun nə kimi rolu var?

-Heydər Əliyevin Süleyman Dəmirəllə də, Heydər Əliyevin Turqut Özalla da, Heydər Əliyevin indiki prezidentlə də tanışlığı olub. Bəli, bunların rolu var. Heydər Əliyevin də dediyi kimi, “Bir millət, iki dövlət”. Həmin ifadə artıq yol göstəricisi idi. Bu gün bizim Prezident İlham Əliyevin Türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla dostluğu da elə möhkəm, elə saf, elə tellərlə bağlıdır ki, biz iqtisadi, mədəni və digər bütün sahələrdə bir-birimizə bağlıyıq. Bir millət, iki dövlətik. İndi İlham Əliyevin də ifadəsi dillər əzbəri olub: “Bizim bir ailəmiz var, o da Türk dünyası”. 

- Deyirlər ki, jurnalistika qəzetdən başlayır. Sizcə, bu fikirdə nə qədər doğruluq payı var?

-Jurnalistika sözü jurnal sözündəndir. Qəzetdən başlasaydı, başqa cür adlanardı. Yazı o divarlarda, daşlarda yazılıb. Rəssamlıq da oradan başlayıb, fikri əbədiləşdirmək iştahı da...

Jurnal olmadan əvvəl jurnalist necə ola bilərdi? Bu adlar əsas deyil. İnsan bir dövrdə fikirlərini sözlə, səslə, rəsmlə ifadə edib. Bu daş üzərindən başlayıb daha sonra mətbuata çevrilib. Əsas odur düşüncə tərzi, jurnalistika və onun məzmunu bizim dövrümüzdə olub. Amma kaş ki, daşa dönməsin... Hisslərimiz hər zaman hərarətli və deməyə sözümüz olsun.

- Bakı Slavyan Universitetində dərs deyirsiniz. Tələbələrə baxanda heç eləsi olubmu ki, öz gələcəyinizi onda görmüsünüz?

-Mən tələbələrin yaxşısını, pisini ayırmamışam. Pis tələbə yoxdur. O, təhsil almağa gəlibsə, yəqin ki yaxşı niyyətlidir. Çalışmışam ki, tələbələrə həyat dərsi verim, müəllim nəfəsi duysunlar. Kitabdakıları başqa yerdə də oxuya bilərlər. Jurnalistikanın sirri ondadır ki, sözün sirrini çatdıra biləsən. İnsan bilməlidir ki, gələcəkdə əlinə qələm alıb yazanda bu, onun əməlinin məhsulu olacaq. Dünyada satandan öncə alan var. Alan yoxdursa, satan olmur. Jurnalistin məhsulu sözdürsə, gərək bunu alan olsun ki, yazan da olsun. Bu gün jurnalist əməyinə maraq azalıb. Sosial şəbəkənin inkişafı buna mane olmamalıdır. 

- Bu gün hər kəs saytlarda yazılardan, xəbərlərdən çox səsli, qısa videolara üstünlük verir. Sizcə, bu, televiziyaların sosial şəbəkələrə uduzması deməkdir? 

- Xeyr, iki şeyi qarışdırmamalıyıq. Bu gün sosial şəbəkə reallıqdır. İnkar etmək də, qaçmaq da olmaz. Ceyran fili görəndə nə etməlidir? İtməlidir? Ceyranın da, filin də öz yeri var. Başqa bucaq altında baxmalıyıq. İndi tez xəbər almaq istəyirlər. Axı, mətbuat hadisəni sadəcə çatdırmaq üçün deyil. Televiziyada xəbər vaxtı var. Hər hansı bir hadisə olubsa, insanlar həmin efir vaxtınadək sosial şəbəkədə məlumatı alırlar. İndi iki nəfərin ölümü yox, bir nəfərin ölümü də ailəsi üçün faciədir. Amma bəşəri faciə deyil axı. Xəbəri bu zaman necə olubsa, əhatəli formada çatdırmaq lazımdır. Xəbər yalnız xəbərdən ibarət olmamalıdır, jurnalist gərək araşdırsın.

Məsələn Tv o xəbəri formata uyğun olaraq gec verirsə, gərək işığını öz imkanlarına uyğun salsın. Belə olduqda tamaşaçısı da olacaq. Ümumiyyətlə hər jurnalist hadisəni öz qələminin məharəti ilə yazırsa, onun oxucusu olacaq. Yox, yarışa girsələr ki, kim-kiminlə evləndi və ya boşandı. Bu zaman uduzan onlar olacaq. 

- Siz də sosial şəbəkələrdən istifadə edirsiniz? Məsələn, “TikTok” platformasında həmin qısa videolardan izlədiyiniz olur?

-Hər şeydən istifadə edirəm, amma məni maraqlandıran şeylərin sorağındayam. “TikTok”u hərdən istifadə edib, maraqlı videoları izləyirəm. Ancaq platformada hansısa videonun baxışının çox olması o demək deyil ki, irəlidədir. Həmin videoların üstündən keçirəm. 

-Nəsillərlə bağlı nə deyə bilərsiniz? Münasibət necədir?

- Bu, ömür boyu olub, olacaq. Nəsillər dəyişir, hər nəslin öz dövrünə uyğun zövqü, istəyi olacaq. Onları birləşdirən və fərqli məqamlar da var, normal yanaşmaq lazımdır. Çünki iqlim də belədir, dəyişir. Oturub bunun fikrini çəkmək lazım deyil. Hər kəs öz ailəsində o mühiti yaratsa, cəmiyyət də yaxşı olar. Bir tikə çörəyə görə yaşamaq olmaz. İnsanın həyatı dolğun olmalıdır, artıq 21-ci əsrdir. Yaratmaq üçün yaşamalıdır insan...

-Yaşla bağlı düşüncələriniz necədir? Həyat 75-ci mərtəbədən necə görünür?

-Çox gözəl görünür. Amma 75-dən görünür ki, insan 100-cü mərtəbəni görməyə də bilər. 100-cü mərtəbəyə baxmağa yox, ayağını 75-ci qatda sağlam basıb, gəzməyi bacarmalıdır. Peşmançılıq çəkmədən, tələsmədən yaşamalı və yaşatmalıdır. Təməl möhkəm olsa, üstündə dözə biləcək qədər ömür də adama nəsib ola bilər. İlk növbədə 75-ci mərtəbəyə qalxdığın üçün Allaha, ailənə şükür edəsən və böyük memarın layihəsinə uyğun ucalasan. 

Fidan Etibar

Foto - Video: Pərvin Zeynal