“Dində “yenilik etmək” istəyənlərin sayında artım var”

dinde-yenilik-etmek-isteyenlerin-sayinda-artim-var
Oxunma sayı: 901

“Təəssüflə qeyd etmək lazımdır ki, məqsədli şəkildə ənənəvi dini dəyərlərin gözdən salınmasına, dində “yenilik etmək” istəyənlərin sayında ciddi artım müşahidə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, dini durumla bağlı dinləmənin keçirilməsinə ehtiyac var: “Son zamanlarda ölkədə qeyri-ənənəvi dini təriqət üzvlərinin sayının artması və eləcə də dini coğrafiyanın dəyişməsi ciddi narahatlıq doğurur. Bu bizə gələcəkdə ciddi problem yaradacaq. Çünki bizdə ənənəvi dindarlıq var, amma bu gün başqa bir proses gedir. Bu gün mövhumat və xurafatla guya mübarizə aparmaq adı altında ənənəvi dini dəyərlərə qarşı hücumların edilməsi gələcəkdə bizə ciddi problem yaradacaq. Çünki Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu ənənələri qorumaq lazımdır.

Əgər həqiqətən də söhbət mövhumat və xurafatdan gedirsə, mən bununla razıyam. Amma bu gün kimsə gəlib deyirsə ki, İslamda bu yoxdur, o yoxdur və s. Hesab edirəm bu, düzgün deyil və insanlarda ciddi çaşqınlıq yaradır. Onda sual yaranır ki, bəs İslamda nə var? Bu mənada biz gələcəkdə qanunda da bu kimi məsələləri nəzərdən keçirməliyik. İnsanlarla görüşəndə baxıram ki, bu kimi məsələlər cəmiyyəti çaşqın vəziyyətə salır. Bunun qarşısı alınmasa, gələcəkdə cəmiyyətdə haçalanma və qarşıdurmaya aparacaq. Bu da ümumi dövlətçilik maraqları baxımdan çox zərərlidir”.

Nuranə Daxilqızı