Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar

paytaxtda-qarli-havalara-hazirliqla-bagli-musavireler-basa-catdi
Oxunma sayı: 175

Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.

Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib. 

Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi  qərara alınıb. 

Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.