Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbir bu gün “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya ilə davam etdirilir.
Moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Aqil Şirinov öz çıxışı zamanı bildirib ki, online radikalizmdən heç bir dövlət sığortalanmayıb:
“Dini radikallıqla məşğul olan internet kanalları kifayət qədər artıb. İran mediasından bizə radikal addımlar atılır. Bundan əlavə, həm də ölkə xaricindən bir çox dinə əks qruplaşmalar fəaliyyət göstərir. Mediamızda bu qruplaşmalar haqqında kifayət qədər məlumat yoxdur. Düzdür, mediamız gündən günə inkşaf edir, lakin dini jurnalistikada müəyyən problemlər hələ də həll olunmayıb”.
Zeyni Hüseynov isə çıxışı zamanı bildirib ki, bu gün dini radikalizm bəşəriyyəti təhdid edən təhlükəli problemlərdən birinə çevrilib:
“Təəsüflər olsun ki, biz kürəsəlləşən dünyada ayrı-seçkiliyin daha çox dini zəmində olmasının şahidi oluruq. Problemin həlli üçün atılan əməli addımlar mədəniyyətlərarası inteqrasiyanın güclənməsinə yönəlsə də bəzi neqativlər məsələyə kompleks yanaşma tələb edir.
Ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa yönəlik dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli, ardıcıl və kompleks şəkildə ciddi mübarizə tədbirləri həyata keçirilir.
Dünyada güclənməkdə olan dini radikalizmin insanların inanclarından sui-istifadə edilməsi hallarının ölkəmizə nüfuz etməsinin və genişlənməsinin vaxtında qarşısının alınması üçün mühüm işlər görülmüşdür.
Belə ki, müvafiq qanunlara, Cinayət və İnzibati Xətalar məcəllələrinə dini ekstremizm və dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində əlavələr edilmişdir ki, bu da dini ekstremist fəaliyyətə görə cinayət və inzibati məsuliyyəti, həmçinin cəza hədlərini müəyyən edir.
Formasından asılı olmayaraq, radikalizmin mahiyyətində dayanan əsas ideya - öz məqsədinə nail olmaq üçün başqalarının hüquqlarını pozmaqdır. Polisin bu nöqteyi-nəzərdən fəaliyyəti də elə sözügedən tendensiyanı mənimsəyən dini kontingentin qanunsuz olaraq irəli sürdükləri məqsədlərin qarşısını almaqdan ibarətdir. Daxili İşlər Nazirliyi tərəfindən əlaqəli orqan və təşkilatlarla birgə keçirilmiş tədbirlər nəticəsində respublikanın dini durumunda sabitlik əldə edilsə də bəzən bu sahədə qanun pozuntularına rast gəlinir. “Dini etiqat azadlığı haqqında” Qanunun tələblərini pozan şəxslər barəsində qanunvericiliyə uyğun tənbeh tədbirləri görülür".
***
“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən ikigünlük seminarın üçüncü sessiyası baş tutub.
Seminarın növbəti sessiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə keçirilib.
Üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub. Seminarda Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli çıxış ediblər.
S.Hüseynli öz çıxışında bildirib ki, ədəbiyyatımızdan, cəmiyyətdən gələn təbliğlərin mediada doğru mövqedə işıqlandırılması vacibdir. O, həmçinin mediada din mövzusunda yazı müsabiqələrinin, mediaturların və seminarların təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb.
S.Məmmədova çıxışında əvvələr müəyyən zamanlarda gündəlik dini marifləndirmə söhbətləri olduğunu vurğulayıb: “Bu baxmından müəyyən insanların mənəvi ehtiyacları ödənilirdi. Zaman keçdikcə bu məsələlər dayandırıldı və oradan maariflənən insanların müəyyən hissəsi mənəvi ehtiyaclarını ödəməsi üçün sosial şəbəkələrə üz tutdu. Onlardan müəyyən hissəsi isə bu təbliğini mənfi yöndə davam etdirməyə başladı”.
V. Zifəroğlu sessiyadakı çıxışı zamanı bildirib ki, proqramı elə tərtib etmək lazımdır ki, ilahiyyatçı jurnalist yox, ilahiyyatdan yazan jurnalist yetişsin: “Bu, təkcə İslamdan yazan jurnalist yetişdirmək də demək deyil. Ümumiyyətlə din haqqında yaza bilən jurnalistdən söhbət gedir. Bu günün ilahiyyatdan yazan jurnalisti sabahın ekspertidir. Buna görə də təməllər qoyulmalıdır. Sahə jurnalistlərinin yetişməsi bu baxımdan çox önəmlidir”.
Sessiya müzakirələrlə yekunlaşıb.
Lamiyə Məmmədova

