Şuşada ikigünlük seminar keçirilir - Foto

susada-ikigunluk-seminar-kecirilir
Oxunma sayı: 1255

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət orqanlarının rəhbər şəxsləri, media mənsubları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Seminar Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyır. 

Seminarın DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” adlı ilk sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AzTV-nin sədr müavini Rafiq Həşimov, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli, Mətbuat Şurasının icraçı katibi  Əvəz Rüstəmov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

DQİDK-nin sədri Ramin Məmmədov öz çıxışında bildirib ki, bu seminarın azad olunmuş ərazilərdə keçirilməsi təsadüfi deyil: “Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri Azərbaycan xalqının öz mədəni irsinə münasibətinin təzahürüdür. Seminarı keçirməkdə məqsədimiz dini amilin siyasi, psixoloji amilə çevrilməməsi istiqamətində müzakirələr aparmaqdır. Dövlət qurumları, media nümayəndələri və cəmiyyət bu istiqamətdə vəhdətlə çalışmalıdır. Müvafiq strukturlar dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi istiqamətində ciddi işlər həyata keçirirlər”.

Lamiyə Məmmədova