Fransa Prezidenti Emmanuel Makron Ermənistanda “İrəvan dialoqu” forumunda etdiyi çıxışda Fransa-Ermənistan münasibətlərini “eşq hekayəsi” kimi təsvir edib. Bu romantik dil cəlbedici görünsə də, çıxışın mətnini diqqətlə oxuduqda üç ciddi geosiyasi sual qaçılmaz şəkildə ortaya çıxır: Fransanın Ermənistanda qurduğu nüfuz infrastrukturunun mahiyyəti nədir? Bu siyasət Cənubi Qafqazı yeni bir imperial rəqabət məkanına çevirirmi? Və nəhayət – bütün bunların Ermənistanın özü üçün hansı riskləri var?
Makronun çıxışındakı ən diqqətçəkən element onun Ermənistanla münasibəti təsvir etdiyi dildir. O, açıq şəkildə bəyan edir ki, Fransa Ermənistanın silahlı qüvvələrinə təlim keçirir, Ermənistanı silahlandırır və hərbi məsləhətlər verir. Fransa İnkişaf Agentliyinin ölkədəki maliyyə həcmi 800 milyon avroya çatdırılıb. “Amundi”, “Veolia”, “Pernod Ricard”, “Bureau Veritas”, “Yan Group”, “Mistral”, “Aramine”, “Richel”, “Alan”, “AXA” kimi iri fransız şirkətləri Ermənistanın iqtisadi infrastrukturuna su, bağlılıq (“connectivity”), nəqliyyat sektorlarına daxil olub. “Institut Français”, “Alliance Française” və Ermənistandakı Fransız Universiteti isə mədəni iştirakın institutsional çərçivəsini formalaşdırır.
Bu faktları fərqli şəkildə təhlil etdikdə, bu cür əməkdaşlığı müstəqil ölkələr arasında tamamilə normal hesab etmək olar. Lakin Makronun seçdiyi “biz formalaşdırırıq, silahlandırırıq, məsləhət veririk” kimi dil bu münasibətləri bərabər tərəfdaşlıqdan daha çox “müstəmləkəçi və müstəmləkə” münasibətlərinə bənzədir. Görünən budur ki, Fransa Ermənistanı tərəfdaş kimi deyil, nüfuz zonası kimi formalaşdırır.
Makronun çıxışında ikinci mühüm məqam Ermənistanın “Rusiyanın peykindən” Avropaya "dönüş" etməsini "yeganə ağlabatan seçim” kimi qiymətləndirməsidir. Bu ifadə diplomatik nitq üçün bir qədər qeyri-adidir. Çünki belə bir tezis mahiyyət etibarı ilə Cənubi Qafqazı bir seçim mövcudluğunun olmadığı ikiqütblü bir rəqabət meydanına çevirir.
Makron özü də Ermənistan ərazisindəki 4000 rus hərbçisindən, “Frontex” (Avropanın Sərhəd və Sahil Mühafizəsi Xidməti) vasitəsilə sərhəd nəzarətinin gücləndirilməsindən və imzalanan strateji tərəfdaşlıq sənədindən danışır. Bu fikirlərin hər birini bir yerdə qoyduqda onlar kiçik bir ölkənin iki böyük gücün rəqabətinin mərkəzinə yerləşdirilməsi mənzərəsini yaradır. Tarix göstərir ki, belə bir mövqedə olmaq kiçik dövlətlər üçün nadir hallarda davamlı sabitliklə nəticələnir.
Üstəlik, Makron Azərbaycan və Türkiyə ilə “dialoq”un zəruriliyini vurğulayarkən, eyni zamanda, Ermənistanın hərbi potensialını artırmaqdan söhbət açır. Revanşist əhval-ruhiyyənin hələ də cəmiyyətin böyük bir hissəsini təsir altında saxladığı Ermənistanda belə ziddiyyətli siqnallar sabitliyi deyil, proqnozlaşdırılmazlığı artırır.
Makronun neoimperial siyasətinin bir göstəricisi də budur ki, o, Paşinyan hökumətinin geosiyasi seçimini xaricdən istiqamətləndirmənin məhsulu kimi dəyərləndirir. Ermənistanın Avropaya inteqrasiya meylini yalnız Fransanın “doğru yola çəkməsi” kimi izah etmək əslində ölkənin öz daxili siyasi dinamikasını, cəmiyyətin seçimlərini heçə saymaq anlamına gəlir.
2020-ci il müharibəsindən aldığı dərslərdən sonra Ermənistanın müstəqil xarici siyasət kursu formalaşdırmaq cəhdləri fonunda Paşinyan hökumətinin etdiyi seçimləri xaricdən diktə edilmiş kimi təqdim etmək heç də bərabər tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.
Bəs Fransanın Ermənistanda həyata keçirdiyi neoimperial və neokolonial siyasəti oranı real bir münaqişə məkanına çevirə bilərmi?
Birincisi, Ermənistan ərazisində rus hərbçiləri hələ də mövcudluğunu saxlayırlar. Fransanın hərbi iştirakının intensivləşməsi, “Frontex”-in gəlişi, Aİ-Ermənistan yaxınlaşması – bütün bunların hamısı regiondakı mövcud gərginliyi müəyyən dərəcədə artırır.
İkincisi, Makron çıxışında özü “heç nə sadə deyil və əvvəlcədən müəyyən olunmayıb” deməklə qeyri-müəyyənliyi açıq şəkildə ifadə edir. Lakin aydın görünən budur ki, qeyri-müəyyənliyin əsas yükünü Ermənistan daşıyacaq. Üçüncüsü, strateji tərəfdaşlıq sənədlərinin imzalanması öhdəliklər yaratsa da, bu öhdəliklərin hansı şəraitdə, hansı formada aktuallaşacağı da hələ bəlli deyil.
Prezident Makron çıxışının sonunda geosiyasi məqsədlərini erməni musiqisi, düdük və nostalji hisslərdən danışaraq gizlətməyə çalışsa da, görünən mənzərə tamamilə başqadır – Fransa Ermənistanda ciddi bir nüfuz infrastrukturu qurur, oranı yeni bir cəbhə xəttinə çevirməyə hazırlayır və bunu edərkən Ermənistanın özünü məhz o risklərlə üz-üzə qoyur.
Əsl dostluq bir xalqı başqasına qarşı silahlandırmaqla deyil, regionda dayanıqlı sülhün qurulmasına töhfə verməklə ölçülür. Bu baxımdan Makronun çıxışı bir dostluq mesajı kimi yox, imperial bir layihənin romantik dilə çevrilmiş siyasi bəyannaməsi kimi qəbul edilməlidir.
Milli Məclisin deputatı Ramid Namazov