Duma Açıq Səma Müqaviləsini denonsasiya etdi

duma-aciq-sema-muqavilesini-denonsasiya-etdi
Oxunma sayı: 1072

Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasda Açıq Səma Müqaviləsini yekdilliklə denonsasiya (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətini birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi - red.) edib.

“Qafqazinfo” xəbər verir ki, səsvermədən əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən müqavilə ətrafında vəziyyət haqqında hesabat hazırlanıb.

Açıq Səma Müqaviləsinin denonsasiya qərarının Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Baydenin gözlənilən görüşü ilə əlaqəli olmadığı bildirilib.

Qeyd edək ki, üzv dövlətlərə hərbi fəaliyyətləri müşahidə etmək üçün bir-birlərinin ərazilərində uçuşlar həyata keçirmək hüququ verən və bu cür uçuşların həyata keçirilməsini tənzimləyən Açıq Səma Müqaviləsi (OST) 1992-ci ildə imzalanıb, 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib. Müqavilə “soyuq müharibə”dən sonra Avropada təhlükəsizlik kontekstində etibarın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Ötən ilin noyabrın 22-də ABŞ müqavilədən çıxdığını elan edib.