Ər-arvadın qətli ilə bağlı 600 nəfərdən nümunə götürülüb

er-arvadin-qetli-ile-bagli-600-neferden-numune-goturulub
Oxunma sayı: 4173

İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Xaçmaz Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, aprelin 9-da Yalama kəndində 1963-cü il təvəllüdlü Aslan Tarıverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarıverdiyevanın yaşadıqları evdə qəsdən öldürülmələri faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla müxtəlif xəsarətlər yetirməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandıraraq onları öldürdükdən sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Ağaxanova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümümi təhlükəli üsulla iki şəxsi öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.