Məlum olduğu kimi, icbari tibbi sığortanın Xidmətlər Zərfi onkoloji xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bura funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr (MRT, KT, biopsiya, qastroskopiya, kolposkopiya, histeroskopiya, mammoqrafiya, onkomarkerlərin təyini və s.) daxildir.
Onkoloji xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyəti, icbari tibbi sığortanın bu xəstələrin müalicəsində rolu və digər məsələlərlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ekspertiza şöbəsinin əməkdaşı Tural Həsənli “Qafqazinfo”nun suallarını cavablandırıb:
- Son beynəlxalq statistik məlumatlara, o cümlədən Global Cancer Observatory platformasının göstəricilərinə əsasən, Azərbaycanda hər il təxminən 18 minə yaxın yeni onkoloji xəstəlik halı qeydə alınır. Burada söhbət məhz yeni aşkarlanan hallardan gedir. Ümumilikdə baxsaq, kişilər arasında daha çox ağciyər və mədə-bağırsaq sistemi xərçəngləri, qadınlarda isə süd vəzi və kolorektal xərçənglər üstünlük təşkil edir.
Son illərdə bu sahədə artım müşahidə olunur, amma bunu yalnız mənfi tendensiya kimi qiymətləndirmək düzgün olmaz. Bir tərəfdən əhali yaşlanır, digər tərəfdən isə diaqnostika imkanları yaxşılaşır və xəstəliklər daha erkən mərhələdə aşkarlanır.
- Onkoloji xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti nədir?
- Xərçəngin yaranmasını bir səbəblə izah etmək mümkün deyil, bu, çoxfaktorlu prosesdir. Burada genetik meyllilik, həyat tərzi, ətraf mühit faktorları, bəzi virus infeksiyaları və digər amillər rol oynayır. İrsi faktorlar təxminən 5–10% hallarda daha aydın rol oynayır, amma bu o demək deyil ki, ailəsində belə hal olmayan insanlarda risk yoxdur.
Məsələn, Human papillomavirus bəzi xərçəng növlərinin yaranmasına səbəb ola bilər, tütün istifadəsi isə xüsusilə ağciyər xərçəngi ilə sıx bağlıdır. Süd vəzi xərçənginə gəldikdə isə burada yaş, hormonal balans, genetik faktorlar və həyat tərzi birlikdə təsir göstərir. Bəzi hallarda gec doğuş riskə müəyyən təsir edə bilər, amma bu, həlledici amil kimi qiymətləndirilməməlidir.
Erkən diaqnostika bu sahədə ən vacib məsələlərdən biridir. Xərçəng nə qədər erkən aşkar olunarsa, müalicə bir o qədər effektiv olur və nəticələr daha yaxşı olur.
Bu baxımdan skrininq müayinələri böyük rol oynayır. Məsələn, 40 yaşdan yuxarı qadınlara 1–2 ildən bir mammoqrafiya tövsiyə olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, skrininq müayinələrində hər kəsdə xəstəlik aşkarlanmır. Adətən müayinə olunan şəxslərin kiçik bir hissəsində problem aşkarlanır, amma bu halların erkən mərhələdə olması müalicəni xeyli asanlaşdırır.
- İcbari tibbi sığorta onkoloji xəstələrin müalicəsində hansı rolu oynayır?
- Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində onkoloji xəstəliklərin diaqnostikası ilə bağlı əsas xidmətlər əlçatandır. Pasiyentlər ilkin olaraq ambulator müraciət edir və həkim göstərişi olduqda daha ixtisaslaşmış müayinələrə yönləndirilir. Bu yanaşma həm tibbi baxımdan, həm də resursların düzgün istifadəsi baxımından özünü doğruldur.
Müayinə imkanlarına ultrasəs, laborator analizlər, eləcə də MRT və KT kimi müasir görüntüləmə üsulları daxildir. Endoskopik müayinələr və biopsiya da həyata keçirilir. Xüsusilə qeyd etmək lazımdır ki, biopsiya onkoloji diaqnozun təsdiqi üçün əsas mərhələdir.
Onkomarkerlərə gəldikdə isə, onlar daha çox xəstəliyin gedişini izləmək və müalicənin effektivliyini qiymətləndirmək üçün istifadə olunur. Bu analizlər təkbaşına diaqnoz qoymaq üçün istifadə edilmir və digər müayinələrlə birlikdə dəyərləndirilməlidir.
- Uşaqlarda onkoloji xəstəliklər barədə nə deyə bilərsiniz?
- Uşaqlarda onkoloji xəstəliklər nisbətən nadir hallarda rast gəlinir və ümumi onkoloji xəstəliklərin təxminən 1–2%-ni təşkil edir. Bununla belə, bu xəstəliklər xüsusi ixtisaslaşmış yanaşma tələb edir. Vaxtında diaqnostika və müasir müalicə üsullarının tətbiqi ilə bir çox hallarda yüksək sağalma göstəricilərinə nail olmaq mümkündür. Bu baxımdan erkən müraciət və müalicənin təşkili xüsusi əhəmiyyət kəsb edir.
Gülnar Əliyeva