“Erməni kəşfiyyatçının cəbhə xəttini keçməsi təxribatdır”

ermeni-kesfiyyatcinin-cebhe-xettini-kecmesi-texribatdir
Oxunma sayı: 3137


- Son günlər orduda intihar hallarının sayı çoxalıb. Bunun səbəbi nədir? 

- Bu iddianın heç bir əsası yoxdur. Çünki Silahlı Qüvvələrdə baş verən hər bir hadisə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq media üçün təsdiqlənir.  Hərbi qulluqçuların vəfat etməsi (həlak olması) ilə nəticələnmiş cinayət və hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən dərhal cinayət işi başlanır və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər. Eyni zamanda hərbi hissə komandanlığı tərəfindən aparılan araşdırma nəticəsində hadisənin baş verməsində təqsirkar olan digər şəxslər intizam qaydasında cəzalandırılır. 

- Gözlənilirdi ki, yeni nazir təyin olunandan sonra intiharların sayı azalacaq. Çünki Səfər Əbiyevin dövründə də bu kimi hallar intensiv xarakter almağa başlamışdı. Amma gözlənildiyinin əksi oldu. Nazirlik bununla bağlı hansı tədbirləri görəcək? Və yaxud hansısa fövqaladə toplantı keçirilibmi?

- Silahlı Qüvvələrdə baş verə biləcək cinayət və neqativ hadisələrin qarşısının alınması və aradan qaldırılması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə komandir-rəis heyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin qarşısının alınması, hərbi kollektivlərdə baş verən sosial-psixoloji proseslərin öyrənilməsi və hərbi intizamın möhkəmləndirilməsi işi mərhələli şəkildə təşkil olunur.  

Bundan əlavə şəxsi heyətlə fərdi tərbiyə işi aparılır, anonim sorğular-psixoloji testlər, fərdi söhbətlər keçirilir, onların tələbat və ehtiyacları, mənəvi-psixoloji durumu öyrənilir. Eyni zamanda silah və texnikadan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, onun mühafizə və saxlanma qaydalarına düzgün əməl edilməsi və müvafiq təlimatların vaxtlı-vaxtında öyrədilməsinə xüsusi diqqət yetirilir. O cümlədən, şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə tədbirlər təşkil edilir, hərbi qulluqçulara vaxtlı-vaxtında tibbi yardım göstərilir, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət olunur və s.

- Doktrina Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin açıqladığı statistikaya əsasən son 10 ildə bu bir ay ərzindəki qədər orduda intihara cəhd edən olmayıb. Buna münasibətiniz necədir? 

- Bu məsələyə heç bir şərh vermədən bildiririk ki, baş verən hər bir hadisə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanır. 

- Bundan əvvəlki sələfiniz Eldar Sabiroğlunun Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə münasibətləri normal deyildi. Onların statistikalarını şişirdilmiş rəqəmlər də adlandırırdı. Sizin bu təşkilatla münasibətləriniz necədir? 

- Müdafiə Nazirliyi Mətbuat Xidməti kütləvi informasiya vasitələri və ictimaiyyətin nümayəndələri ilə daim qarşılıqlı əlaqədə olub və bu baxımdan çalışacağıq ki, bundan sonra da münasibətlərimiz ancaq yüksələn xətt üzrə inkişaf etsin. Bu münasibətlərin dövlət sirlərinin qorunması təmin edilməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasına üstünlük veririk.

- Nazirlikdə kadr ilsahatları davam edirmi? Yeni kadr islahatı varsa kimlərdir? Çünki bəzən Nazirlik irad tutur ki biz təyin olunanların adlarını mətbuatdan oxuyuruq. Jurnalistlər də bildirirlər ki, o zaman Nazirlik açıqlasın bunları.. 

- Hazırda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfində təşkilat ştat strukturunun optimallaşdırılması həyata keçirilir. Ştat dəyişikliklərinin həyata keçirilməsi günün tələbidir. Ordu quruculuğu sahəsində aparılan işlər günü-gündən təkmilləşdirilməli və müasir tələblərə uyğun həyata keçirilməlidir. Bu sahədə görülən işlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması işinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

- Son günlər ermənilər davamlı olaraq atəşkəsi pozur. İki zabitimiz də şəhid olub. Atəşkəsin pozulmasının səbəbi nədir? Müharibə ola bilərmi? 

- Atəşkəsin pozulmasının səbəbi Ermənistanın hərbi-siyasi rejiminin ələ keçirdiyi  Azərbaycan torpaqlarından geri çəkilməməsi, ölkəmizə qarşı yürütdüyü işğalçı siyasətinin davam etdirilməsindədir. Son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə müşayiət olunan atəşkəs rejiminin pozulması hallarının kəskin surətdə artması və kəşfiyyat-diversiya qruplarının cəbhə xəttini keçmək cəhdləri erməni tərəfinin növbəti təxribatının təzahürüdür. 

- Orduda xidmət edən əsgərlər qeyri -döyüş şəraitində ya da döyüş zamanı hər gün itki olduğu barədə yaxınlarına məlumat verirlər. Amma mətbuata bunlar barədə məlumat verilmir. Bu əhalidə təşviş yaratmamaq üçün edilir? Yoxsa ayrı səbəbləri də varmı?

- Hazırda mövcud olan informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda hər hansı bir hadisənin gizlədilməsi haqqında fikirləşmək belə mümkünsüzdür.

Günel Türksoy