“Ərzaq ehtiyatlarının yaradılması istiqamətində ciddi iş aparılır”

erzaq-ehtiyatlarinin-yaradilmasi-istiqametinde-ciddi-is-aparilir
Oxunma sayı: 1252

Azərbaycan Baş naziri Əli Əsədov iyunun 9-da Rusiya Federasiyasının Soçi şəhərində III Avrasiya Konqresinin plenar iclasında qonaq qismində iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, Ə.Əsədov vurğulayıb ki, hazırkı mərhələdə bəşəriyyətin qarşılaşdığı iqlim dəyişikliyi, qlobal istiləşmə, logistika zəncirlərinin pozulması, istehsal resurslarının və nəqliyyat tariflərinin bahalaşması kimi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi dünyanın bütün ölkələri üçün görünməmiş səviyyəyə çatıb.   

Diqqətə çatdırılıb ki, bununla əlaqədar ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Prezidenti tərəfindən iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən olunub.

Baş nazirin sözlərinə görə, 2023-cü ildə dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təminatına ayrılan xərclər təxminən 40 faiz artırılıb. Plenar iclasın iştirakçıları Azərbaycanda inflyasiyaya qarşı görülən tədbirlər barədə də məlumatlandırılıb.

“Nazirlər Kabineti inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə ötən ilin fevralında “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam verib”, - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir Azərbaycanda aqrar sektorun inkişafına istiqamətində həyata keçirilən irimiqyaslı Dövlət proqramlarından da söhbət açıb. Qeyd olunub ki, əsasən kənd təsərrüfatı məhsullarının istehsalının həcminin  artırılması üzrə işlər görülür, aqrar sektora dövlət dəstəyi sistemi təkmilləşdirilir. Görülən işlər nəticəsində Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı istehsalının həcmi 3,4 faiz artıb. Cari ilin yanvar-may aylarında isə kənd təsərrüfatı məhsullarının istehsalı 5.2% artıb.   

“Aqrar sənaye kompleksi məhsullarının həm əkini, həm də yığımını əhatə edən fermerlərə müxtəlif subsidiyaların verilməsi mexanizmi səmərəli işləyir”, - deyə Ə.Əsədov bildirib.

Vurğulanıb ki, əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub.

Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin artırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verib.

Vurğulanıb ki, Dövlət Taxıl Fondu ehtiyatlarının artırılması və ərzaq təminatının formalaşdırılması üzrə paralel tədbirlər görülür:

“Məhz bu məqsədlə 2021-ci ilin oktyabrında Azərbaycan Prezidenti tərəfindən Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Cari ilin yanvarında Hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsullarını gömrük rüsumundan azad edib”.

Baş nazir bildirib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək məqsədilə bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə əməkdaşlığı genişləndirməyə, öz təcrübəsini bölüşməyə hazırdır.