Əvvəl arvadını, sonra özünü bıçaqlayıb - Üç gün sonra məhkəmələri idi

Əvvəl arvadını, sonra özünü bıçaqlayıb
Oxunma sayı: 5861

Mayın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1978-ci il təvəllüdlü Namiq Rəsulovla onun həyat yoldaşı - 1984-cü il təvəllüdlü Fərqanə Rəsulovanın bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

Fərqanənin bacısı Aidə Həsənova "Qafqazinfo"ya açıqlamasında hadisənin təfərrüatını danışıb. O bildirib ki, bacısı ilə əri boşanma ərəfəsində olublar:

"Bacım 1 il öncə Namiqin başqa qadınlarla münasibətini öyrənib. Fərqanə həyat yoldaşına bununla bağlı xəbərdarlıq etsə də, Namiq Rəsulov münasibətini davam etdirib. Bundan sonra ailədə söz-söhbətlər yaranmağa başlayıb. Fərqanə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi də iyunun 2-nə təyin edilib. Lakin bir həftə öncə Namiq anamgilə gedərək xanımından uşaqları ilə birgə evə qayıtmasını istəyib. O, Fərqanəni aldadıb, inandırıb ki, bir daha bu işlərlə məşğul olmayacaq. Onu da qeyd edib ki, boşansa da, birgə yaşasınlar, əsas odur ki, uşaqlar zərər görməsin. Fərqanə uşaqlarla evə qayıdandan iki-üç gün sonra yenə söz-söhbətlər başlayıb".

Aidə Həsənovanın sözlərinə görə, Namiq həyat yoldaşının üzərinə bıçaq çıxararaq, onu ölümlə də hədələyib:

"Hadisənin baş verdiyi gecə bacım qızı atasının qapını açaraq çölə çıxdığını görüb. Deyəsən, hadisə zamanı istifadə etdiyi bıçağı maşından gətirib. Belə çıxır ki, Namiq hadisəni əvvəlcədən planlaşdırıb. Çünki bacım qızı da polis tərəfindən tapılan bıçağın evə aid olmadığını bildirib. Səhər saatlarında Namiq mətbəxə keçərək Fərqanəni bıçaqlayıb.

Onun əlindən qurtulmaq üçün zala qaçan Fərqanənin səsinə qızı oyanıb. Gəlib anası ilə atasını ayırmaq istəyib. Bu zaman Namiq qızını itələyərək çölə çıxardıb və otağın qapısını bağlayıb. Necə olubsa, bu zaman Fərqanə qapını açaraq evdən çıxmağı bacarıb. Namiq də arxasınca düşüb və orada da bir neçə bıçaq zərbəsi endirib.

Fərqanənin səsinə qonşular çıxıb, məsələyə müdaxilə ediblər. Bacımı qonşular xilas edəndə Namiq evə girib qapını bağlayıb. Bir müddət otaqdan çıxmayıb. Qızı da həmin vaxt qohumlara xəbər verməklə məşğul olub. Sonra atasının otaqdan çıxmadığının fərqində olub. Qonşular da, qızı da qapını açmağa çalışıb. Qapını qırıb içəri daxil olan qonşular, Namiqin özü-özünə xəsarət yetirdiyini görüb. Çünki bacım xəstəxanaya aparılan zaman qızı atasının yaralı olmadığını bildirib".

Aidə Həsənovanın sözlərinə görə, bacısı əməliyyata alınıb, o, 2,5 litr qan itirib. Fərqanə Rəsulovanın durumu orta-ağırdır. Hakimin ailəyə verdiyi məlumata görə, əri Fərqanəyə 12 bıçaq zərbəsi vurub, onlardan 4-ü yüngüldür. Hazırda reanimasiya şöbəsindədir. Namiq də özünü yaraladığı üçün hazırda həyat yoldaşı ilə eyni xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Fərqanə ilə Namiq 17 il əvvəl ailə həyatı qurublar. Onların bu evlilikdən iki övladı dünyaya gəlib. Faktla bağlı araşdırma aparılır.

Emin Səfərov