“OpenAI”ın baş direktoru Sem Altmanın evi iki gün ərzində baş verən ardıcıl hücumların hədəfinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, ilk hadisə cümə günü qeydə alınıb.
Şübhəli şəxs Altmanın evinə “Molotov kokteyli” atıb, daha sonra isə şirkətin qərargahına gedərək binanı yandırmaq və əməkdaşlara zərər verməklə hədələyib.
Hadisədən sonra Texas ştatından olan 20 yaşlı Daniel Moreno Qama saxlanılıb. O, qətl cəhdi, yanğın törətmə və partlayıcı maddələrlə bağlı ittihamlarla üzləşir.
İkinci hücum isə cəmi iki gün sonra, bazar günü səhər saatlarında baş verib. Naməlum şəxslər avtomobildən Altmanın evinə atəş açıblar. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, həmin şəxslər hadisə yerinə avtomobillə gəlib və maşının pəncərəsindən evə güllələr yağdırıblar.
Hadisə nəticəsində xəsarət alan olmasa da, polis iki nəfəri – 25 yaşlı Amanda Tom və 23 yaşlı Muhammed Tariq Hussaini saxlayıb. Hüquq-mühafizə orqanları tərəfindən üç silah müsadirə edilib.
İlkin istintaq zamanı məlum olub ki, ilk hücumun şübhəlisi süni intellektə qarşı radikal baxışlara malik olub. Onun üzərindən süni intellekt texnologiyalarının bəşəriyyət üçün təhlükə yaratdığını iddia edən manifest və müxtəlif texnologiya rəhbərlərinin adlarının yer aldığı siyahı tapıldığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər