Eyfel qülləsinin pilləkəni 450 min avroya satıldı - Foto

eyfel-qullesinin-pillekeni-450-min-avroya-satildi
Oxunma sayı: 369

Eyfel Qülləsinin orijinal spiral pilləkəninə aid fraqment hərracda 450 min avrodan (təxminən 888 min manat) çox məbləğə satılıb.

“Qafqazinfo” xəbər verir ki, “Artcurial” tərəfindən Parisdə təşkil olunan hərracda satışa çıxarılan 14 pillədən ibarət metal konstruksiya 450 min 160 avroya alıcı tapıb.

2,75 metr hündürlüyündə olan bu fraqment 1889-cu ildə istifadəyə verilən Eyfel Qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən orijinal spiral pilləkənin bir hissəsi olub. Qüllədə 1983-cü ildə aparılan yenidənqurma işləri zamanı liftlər quraşdırılıb və həmin pilləkən sökülərək 24 hissəyə bölünüb.

Hərrac evi bildirib ki, sözügedən artefakt son 40 ildə şəxsi kolleksiyada saxlanılıb və bazara çıxarılması nadir hadisə hesab olunur. Bu səbəbdən ilkin qiymət 120-150 min avro aralığında qiymətləndirilsə də, yekun satış məbləği gözləntiləri xeyli üstələyib.

Bununla belə, bu satış Eyfel Qülləsi pilləkənlərinə aid rekord qiymət olmayıb. 2016-cı ildə “Sotheby's” tərəfindən satışa çıxarılan oxşar fraqment 523 min 800 avroya satılmışdı.

Eyfel Qülləsinin bəzi orijinal pilləkən hissələri hazırda müxtəlif ölkələrdə nümayiş etdirilir. Onlardan biri Yamanaşidəki Yoşii Fondunun bağlarında, digəri isə Azadlıq Heykəli yaxınlığında yerləşir. Bir başqa fraqment isə Disneylend ərazisində sərgilənir.