“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

ezizim-bunu-bu-gun-hell-et
Oxunma sayı: 287

ABŞ-nin Afinadakı səfiri Kimberli Qillfoylun vəzifəyə təyin olunmazdan əvvəl Tramp tərəfdarlarından biri olan vəkil Erik Detersdən 100 min dollarlıq kredit kartı borcunu ödəməsini istədiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, “Wall Street Journal” qəzetinin araşdırmasına görə, yüzlərlə mesaj və yazışma Qillfoylun Donald Tramp administrasiyasındakı yüksəkvəzifəli şəxslərə çıxış imkanlarından istifadə edəcəyinə dair vədlər verdiyini göstərir.

Qillfoylun 2025-ci il iyulun 3-də, səfirliyə namizədliyinin Senatda təsdiqindən bir neçə gün əvvəl Detersə “Signal” vasitəsilə mesaj göndərərək “American Express” üzrə borcunun ödənilməsini istədiyi bildirilir.

“Əzizim, istəyirəm ki, bu gün mənim üçün bunu həll edəsən. Onu buraya göndərə bilərsən”, – mesajda deyilir.

Deters isə ödənişdən imtina edərək, bunun evliliyini təhlükəyə ata biləcəyini bildirib. O, həmçinin Qillfoylun verdiyi vədləri yerinə yetirməməsindən narazılığını ifadə edib.

Yazışmalara görə, Deters şəxsi vergi mübahisəsinin həlli və Pakistana qaçdığı bildirilən, sığortaçıları aldatmaqda ittiham olunan həkimin ABŞ-yə ekstradisiyası ilə bağlı kömək istəyib.

Qillfoylun Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu (FTB) və Daxili Gəlir Xidmətinin (IRS) rəhbərliyinə çıxış imkanlarının olduğunu deyərək müraciətləri çatdırmağı təklif etdiyi iddia olunur. Onun Detersin vergi sənədini IRS rəhbəri Billi Lonqa təqdim etdiyi də bildirilir.

Qillfoylun yazışmaların qeydə alınmasından narahat olduğu və Detersə yazılı ünsiyyəti dayandırmağı tövsiyə etdiyi qeyd olunur. O, mesajlarından birində “Yazmağı dayandır” ifadəsini işlədib.

FTB Qillfoylun agentliyin direktoru Kaş Patellə lobbiçilik fəaliyyəti aparmadığını bildirib. Qillfoylun vəkili Cessi Binnall isə mesajların həqiqiliyini şübhə altına alaraq müvəkkilinin tədbirlərdəki çıxışlarına görə pul almalı olduğunu deyib.

Deters Qillfoylun ona ödənilməmiş borcunun olmadığını bildirib. ABŞ-nin Afinadakı səfirliyi isə Qillfoylun Senatda təsdiqləndiyini və vəzifələrini sədaqətlə yerinə yetirdiyini vurğulayıb.

ABŞ Dövlət katibi Marko Rubio da səfirin diplomatik fəaliyyətini müdafiə edib. Bununla yanaşı, Konqresin Demokrat üzvləri Dövlət Departamentindən Qillfoylun regiondakı fəaliyyəti və biznes əlaqələri ilə bağlı araşdırma aparılmasını tələb ediblər.