Ginnesin Rekordlar Kitabı İsraili boykot etdi - İddia

ginnesin-rekordlar-kitabi-israili-boykot-etdi
Oxunma sayı: 792

Ginnesin Rekordlar Kitabının İsraili boykot etdiyi və bu ölkədən rekord müraciətlərini qəbul etmədiyi iddia olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İsrailin “Kanal 12” telekanalı tərəfindən yayılıb.

Bildirilib ki, İsraildə böyrək donorluğunu təşviq edən “Həyat Hədiyyəsi” (Matnat Chaim) təşkilatının Ginnes Rekordlar Ofisinə etdiyi müraciət “siyasi səbəblərlə” bağlı ləğv edilib.

Təşkilat Qüdsdə 2000 könüllü donorun iştirak edəcəyi tədbiri dünya rekordu kimi qeydə aldırmaq istəyib. Lakin Ginnes Ofisi bu müraciəti qəbul etməyib. Məlumata görə, müraciət prosesi bir neçə il əvvəl başlayıb və təşkilat bu müddət ərzində Ginnesə yüzlərlə dollar ödəniş edib.

Təşkilatın aldığı məktubda qeyd olunub ki, “hazırda İsraildən rekord müraciətləri qəbul edilmir”. “Həyat Hədiyyəsi” rəhbərliyi qərarın səbəblərini araşdırmağa çalışır.

“Ginnesin, İsrailin bütün tibb dünyasını heyrətləndirən bu uğurunu rəsmiləşdirməkdən imtina etməsi qəbuledilməzdir”, - Təşkilatın prezidenti baş verənlərə etiraz edərək bildirib.

Qeyd edək ki, İsrail ordusunun 8 oktyabr 2023-cü ildən Qəzza zolağında həyata keçirdiyi hücumlar fonunda beynəlxalq aləmdə bu ölkəyə qarşı boykot çağırışları artıb.