ABŞ-nin texnologiya nəhəngi “Google” ağıllı cihazlar vasitəsilə istifadəçiləri gizli şəkildə dinlədiyi iddiaları ilə bağlı qaldırılmış kollektiv iddianı həll etmək üçün 68 milyon dollar ödəməyə razılıq verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hill” nəşrinin məlumatında deyilir.
Bildirilib ki, Şimali Kaliforniya federal məhkəməsinə təqdim olunan iddia “Google”un səs köməkçisi texnologiyası olan “Google Assistant” ətrafında formalaşıb.
İddiada qeyd edilib ki, “Google Assistant” yalnız “Hey Google” və ya “Okay Google” ifadələri səsləndirildikdə, yaxud cihaz üzərində müvafiq düymə basıldıqda aktivləşməli idi. Lakin istifadəçilər bu əmrlər verilmədiyi halda belə şəxsi söhbətlərin qeydə alındığını iddia edirlər.
Sözügedən vəziyyətin “Google” telefonları, ağıllı ev dinamikləri, noutbuklar, planşetlər və simsiz qulaqlıqlar daxil olmaqla, bir sıra məhsullara təsir etdiyi qeyd olunur.
“Google” açıqlamasında uzunmüddətli məhkəmə prosesinin yarada biləcəyi risklərdən, xərclərdən və qeyri-müəyyənlikdən yayınmaq məqsədilə bu məbləği ödəməyə razılaşdığını bildirib.
Razılaşmanın qüvvəyə minməsi üçün təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, yanvarın 3-də digər ABŞ texnologiya şirkəti “Apple” da “Siri” səs köməkçisinin istifadəçi məxfiliyini pozduğu iddiası ilə bağlı kollektiv iddianı həll etmək üçün 95 milyon dollar ödəməyə razılaşıb.
Son xəbərlər
Son Xəbərlər