Mülki məhkəmə icraatında şəxsin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edilmiş səs yazısının sübut kimi istifadə edilməsi məsələsinə Şirvan Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Vüsal Cəfərov məlumat verib.
Vəkilin sözlərinə görə, Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə tərəfin təqdim etdiyi audioyazıların qarşı tərəfin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edildiyi halda, həmin məlumatların sübut kimi istifadəsinin yolverilməz olması mövqeyindən çıxış edib.
Məhkəmə bu məsələyə yalnız Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin tətbiqi baxımından deyil, həm də “qanunsuz sübut” anlayışının mahiyyəti baxımından yanaşıb. Qeyd olunub ki, qanunsuz sübut həm məlumatın qanuna zidd hərəkət nəticəsində əldə edilməsi, həm də qanuni əldə edilmiş məlumatdan qanuna zidd şəkildə istifadə olunması formasında meydana çıxa bilər.
Məhkəmənin yanaşmasına əsasən, şəxsin səsi, görüntüsü və şəxsiyyəti ilə bilavasitə bağlı digər məlumatlar şəxsi toxunulmazlığın tərkib hissəsi hesab olunur. Bu səbəbdən şəxsin iradəsindən kənar onun səsinin yazılması və sonradan həmin yazının məhkəmə prosesində onun əleyhinə istifadə edilməsi yalnız prosessual sübut məsələsi deyil, eyni zamanda şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər.
Vüsal Cəfərov bildirib ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən səs və videoyazılar prinsip etibarilə sübut vasitəsi sayılsa da, bu, onların bütün hallarda məhkəmə tərəfindən qəbul ediləcəyi demək deyil. Burada əsas məsələlərdən biri məlumatın hansı üsulla əldə edilməsidir.
“Əgər məlumat qanunun və şəxsi toxunulmazlıq hüququnun tələbləri pozulmaqla əldə edilibsə, belə məlumatdan sübut kimi istifadə edilməsinə yol verilmir. Başqa sözlə, sübutun məzmunu ilə yanaşı, onun hansı şəraitdə və hansı üsulla əldə edilməsi də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır”, - vəkil qeyd edib.
Son xəbərlər
Son Xəbərlər