Avropa İttifaqının (Aİ) Rusiya neftinin ticarətində iştirak edən xarici liman və bankları cəzalandırmaq istiqamətində səyləri müqavimətlə üzləşir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik yazır ki, bəzi ölkələr Gürcüstan və İndoneziyada yerləşən limanlara, həmçinin Kubada fəaliyyət göstərən banka qarşı tədbirlərin qəbul edilməsi təkliflərinə ehtiyatla yanaşırlar. Belə ki, İtaliya və Macarıstan Gürcüstandakı Kulevi limanı, Yunanıstan və Malta isə İndoneziyada olan liman ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bundan əlavə, İtaliya və İspaniya Kubada fəaliyyət göstərən banka qarşı təklif olunan tədbirlərlə razılaşmadıqlarını bildiriblər.
İtaliyanın Kulevi limanına qarşı sanksiyalar tətbiq etməkdə tərəddüd etməsinə səbəb kimi bu liman vasitəsilə Azərbaycan qazının Avropaya tədarük edilməsi göstərilir.
Bildirilir ki, bu müqavimət Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi hələlik sonuncu, 20-ci sanksiya paketinin təsirini zəiflədə bilər.
Son xəbərlər
Son Xəbərlər