“Hardan bilim, mənim iki min beş yüzümü götürüb aradan çıxmayacaqsan?”

hardan-bilim-menim-iki-min-bes-yuzumu-goturub-aradan-cixmayacaqsan-
Oxunma sayı: 2074





“Muzdlu qatil”

Bu iki nəfərlə Ronni Silver-leyk qəsəbəsində yerləşən alman barında görüşəcəkdi. Axşam idi, saat səkkizə on beş dəqiqə işləyirdi. O, masa arxasında tək oturub tünd pivə içirdi. Ofisiant gözəl dalı olan sarışın bir qız idi, onun döşləri sanki indicə dar köynəyinin üstündən bayıra yuvarlanacaqdı.

Ronni sarışın qızları çox sevirdi. Buz üstündə xizək sürmək olar, yaxud rolik geyinib, asfaltın üzərində sürətlə şütümək olar. Sarışın qızlar, buz üstündə sürüşmək kimi bir şeydir, bütün qalanları isə roliklə şütüməyi xatırladır. Sarışınların, hətta qoxusu da başqa cür olur. Ancaq qadınlar daimi təhlükə mənbəyidir, onların törətdiyi xoşagəlməz hadisələr tez-tez Ronninin onlardan aldığı həzzi heçə döndərirdi. Başqa sözlə desək, qiymət tələbatı ödəmirdi.

Yenə də kişiyə hərdən qadın lazımdır – deyək ki, bununla o, qadınların ona qarşı meyilli olduğunu sübut etmiş olur. Seks – ikinci dərəcəli məsələdir. Sevgililər üçün bu dünyada yaşamaq çətindir, bu həmişə belə olub və belə də olacaq.

Səkkizə iyirmi dəqiqə işləyirdi. O, əli ilə ofisiant qıza bir pivə daha gətirməsini işarə etdi. Qız gülümsəyərək yaxınlaşdı. Pivəni düz döşlərinin qabağında tutmuşdu.  Bu vəziyyətdə ondan vaz keçmək mümkün deyildi.

Burada işləmək xoşuna gəlir?

Əlbəttə, gör burda nə qədər kişi var.

Vicdanlı kişilər?

Vicdanlısı da var, vicdansızı da.

Sən onları necə ayırd edirsən?

Mənim üçün bircə dəfə baxmaq kifayətdir.

Bəs mən hansındanam?

Sizmi? – o, güldü. – Əlbəttə vicdanlısından.

Sən çay pulunu qazandın, – Ronni dedi.

Səkkizə iyirmi beş dəqiqə işləyirdi. Onlar yeddidə gələcəklərini söyləmişdilər. Ronni başını qaldırdı.  Kurtu gördü. Kurtun yanında birisi vardı. Onlar yaxınlaşıb oturdular. Kurt ofisiant qıza əli ilə bir dolça pivə gətirməyi işarə etdi.

“Barana” heç yarıtmır, – Kurt dedi. – Bu mövsüm beş yüz dollar pulumu yeyib.

Səncə, “Protro”nun da vəziyyəti ağırdır?

Hə, onun işi bitdi, – Kurt dedi. – Yeri gəlmişkən, bu Billdir. Bill, bu Ronnidir.

Onlar əl sıxışdılar. Ofisiant qız pivə dolçasını gətirdi.

Cənablar, – Ronni dedi, – bu Ketidir.

Oho! – Bill dedi.

Hə-ə! – Kurt dəstəklədi. Ofisiant qız bərkdən gülüb, yanbızını oynada-oynada uzaqlaşdı.

Yaxşı pivədir, – Ronni dedi. – Saat yeddidən burada oturub gözləyirəm, odur ki, dadına baxa bilmişəm.

Sənə çox içmək məsləhət deyil, – Kurt dedi.

Onun ipinin üstünə odun yığmaq olar? – Bill soruşdu.

Onu etibarlı adamlar tövsiyə edib, – Kurt cavab verdi.

Qulaq as, – Bill dedi, – oyun çıxarmaq lazım deyil. Mən pul verirəm.

Mən hardan bilim, sən polis deyilsən? – Ronni soruşdu.

Bəs mən hardan bilim, sən mənim iki min beş yüzümü götürüb aradan çıxmayacaqsan? – Bill cavab verdi.

Üç min.

Kurt dedi – iki yarıma danışmışdıq axı.

Mən indicə qiyməti qaldırdım. Çünki səndən heç xoşum gəlmədi.

Sənin də dalın məni cəlb eləmir. O yan-bu yan eləsən fikrimdən vaz keçə bilərəm.

Bilməzsən. Sənin kimilər belə işlərdən heç vaxt vaz keçmir.

Sən bu işi mütəmadi olaraq görürsən?

Hə. Bəs sən?

Yaxşı, cənablar, – Kurt dedi, – sizin mübahisənizin sonu nə olacaq məni qətiyyən maraqlandırmır. Neçəyə razılaşırsınız, özünüz bilərsiniz, mənim min dollarım gəlsin.

Burada ən çox bəxti gətirən adam sənsən, Kurt. – Bill dedi.

Aha, – Ronni dəstəklədi.

Hər kəs öz işinin mütəxəssisidir, – Kurt söyləyib siqaret alışdırdı.

Kurt, hardan bilim, bəlkə, bu adam mənim üç minimi cibinə qoyub aradan çıxacaq?

Çıxmayacaq, yoxsa o, bu işlə bir də heç vaxt məşğul ola bilməz. Bu onun bacardığı yeganə işdir.

Bu dəhşətdir, – Bill dedi.

Niyə dəhşət olur? Sənə ki lazım oldu, düzdür?

Düzdür.

Başqalarına da lazım olur. Deyirlər, hər insanın bacardığı bir şey var. Ronni də öz işini yaxşı bacarır.

Kimsə musiqi avtomatına pul saldı və onlar pivələrini içərək, musiqiyə qulaq asmağa başladılar.

Eh, bu sarışın qızı yaxşıca minib çapardım, – Ronni dedi. – Altı saat düşməzdim onun üstündən.

Mən də, – Kurt dedi. – Əgər minə bilsəydim.

Gəlin bir dolça da pivə götürək, – Bill dedi. – Nə isə özümü yaxşı hiss etmirəm.

Narahatçılığa bir səbəb yoxdur, – Kurt dedi. O, əli ilə bir dolça də gətirməyi işarə etdi. – “Barana”da itirdiyim beş yüz dolları “Anita” ilə qaytararam. Ayın iyirmi altısında mövsümün açılışıdır. Mütləq gedəcəyəm.

Başmak iştirak edəcək? – Bill soruşdu.

Hələ qəzetlərə baxmamışam. Məncə, iştirak edəcək. O, cıdırdan əl çəkə bilməz. Cıdır onun canındadır.

Ancaq Lonqden cıdırı atdı, – Ronni dedi.

Daha neyləyə bilərdi ki? Qocanı yəhərə kəmərlə bağlamaq lazım gəlirdi.

Ancaq o, axırıncı yürüşdə qalib gəlmişdi.

Kampus öz atını ləngitmişdi, ona görə.

Məncə, cıdırda fırıldaq etmək mümkün deyil, – Bill dedi.

Bacaran adam hər yerdə  bacarır, – Kurt dedi. – Mən, məsələn, doğulandan indiyə kimi heç işləməmişəm.

Aha, – Ronni dedi, – ancaq mən axşam işləməliyəm.

Bax ha, işin zibilini çıxartma.

Hələ indiyəcən belə şey olmayıb.

Onlar susub pivələrini içməyə davam etdilər. Sonra Ronni soruşdu:

Yaxşı, bəs lənətə gəlmiş pullar hanı?

Narahat olma, çatacaq, – Bill dedi. – Yaxşı ki, özümlə əlavə beş yüz dollar götürmüşəm.

Pullar mənə indi lazımdır. Hamısı birdən.

Onun pulunu ver, Bill. Mənimkini də çatdır.

Bütün əskinaslar yüzlük idi. Bill onları masanın altında saydı. Öncə Ronninin, sonra Kurtun payını verdi. Onlar pullarını saydılar. Hər şey qaydasındaydı.

Ünvan? – Ronni soruşdu.

Al, – Bill ona bir zərf uzatdı. – Ünvan və açar buradadır.

Uzaqdır?

Yarım saatlıq yoldur. Ventura şossesi ilə gedərsən.

Bir şey soruşa bilərəm?

Əlbəttə.

Nə üçün?

Nə üçün?

Hə, nə üçün?

Sənə maraqlıdır?

Yox.

O zaman niyə soruşursan?

Yəqin, pivəni çox içmişəm.

Məncə, vaxtdır, – Kurt dedi.

Bir parç da pivə içərdim, – Ronni dedi.

Bəsdir, – Kurt dedi, – sən getməlisən.

Yaxşı, lənət şeytana, mən getdim.

Ronni masanın arxasından qalxıb, çıxışa doğru getdi. Bill ilə Kurt onun arxasınca baxırdılar. O, küçəyə çıxdı. Gecə. Ulduzlar. Ay. Küçə hərəkəti. Bu da onun maşını. Oturub yola çıxdı.

Ronni küçəni və ünvanı diqqətlə yoxladı. O, maşını iki küçə aralıda saxlayıb geri qayıtdı. Açar dəliyə uyğun gəldi. O, qapını açıb içəri keçdi. Otaqda televizor işləyirdi.  Ronni xalçanın üstü ilə irəli gəldi.

Bill? – Qadın səsi eşidildi.

O, səsə diqqət kəsildi. Səs vanna otağından  gəlirdi. – Bill? – Qadın yenə soruşdu. Ronni qapını itələyib açdı – o, vannada, suyun içində oturmuşdu, çox açıq rəngli saçı vardı, dərisi ağ, özü çox cavan idi. Qadın dəhşət içində çığırdı. O, qadının boğazını iki əli ilə qamarlayıb, suyun içinə basdı. Köynəyinin qolları dirsəyəcən islandı. Qadın çırpınaraq əlləri, ayaqları ilə şiddətlə müqavimət göstərirdi. İşi bitirmək o qədər çətin idi ki, Ronni elə paltarda vannaya girməyə məcbur oldu. Bədəninin ağırlığını onun üzərinə salaraq müqavimətini azaltdı. Qadın, nəhayət ki, sustaldı və Ronni onu buraxdı.

Billin paltarları onun əyninə yaxşı oturmurdu, ancaq hər halda onlar yaş deyildi. Pulqabısı islanmışdı, ancaq o, pulqabını atmadı.

Ronni küçəyə çıxdı, iki küçəni keçib maşınına oturdu və sürüb getdi. 

1937.az