Filippində siyasi gərginlik fonunda Filippin Senatı binasında silah səsləri eşidilib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt Manila şəhərində yerləşən Filippin Senatı binasında ardıcıl atəş səslərindən sonra əməkdaşlara və binadakı şəxslərə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Hadisənin səbəbi və atəşi kimin açdığı hələlik rəsmi olaraq açıqlanmayıb.
“Reuters” agentliyinin məlumatına görə, hadisədən əvvəl Senat binasına kamuflyaj geyimli və silahlı 10-dan çox hərbçi daxil olub.
Gərginliyin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan senator Ronald dela Rosanın mümkün həbsi ilə bağlı xəbərlərdən sonra artdığı bildirilir.
Ronald dela Rosa sosial şəbəkə paylaşımında tərəfdarlarını küçələrə çıxmağa çağıraraq, onun Haaqaya göndərilməsinin qarşısının alınmasını istəyib.
Keçmiş prezident Rodriqo Dutertenin yaxın müttəfiqi olan Dela Rosa narkotiklərlə mübarizə əməliyyatları zamanı “insanlığa qarşı cinayətlər” ittihamı ilə gündəmdədir.
Eyni ittihamlarla Rodriqo Duterte ötən il həbs edilərək Haaqaya göndərilmiş və hazırda məhkəmə prosesini gözləyir.
İnsan haqları təşkilatları Filippin polis qüvvələrini narkotiklərlə mübarizə zamanı minlərlə ölümə səbəb olan qanunsuz əməliyyatlarda ittiham edir. Rəsmi qurumlar isə bu iddiaları rədd edərək öldürülənlərin silahlı müqavimət göstərdiyini bildirirlər.
Son xəbərlər
Son Xəbərlər