Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi və “Arxeo” klubunun təşkilatçılığı ilə Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, tarix elmləri namizədi, arxeoloq Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Muzeydə bir arxeoloqun mirası” adlı tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə açaraq, Fazil Osmanovun həyat və elmi fəaliyyəti, eləcə də muzeyin arxeoloji kolleksiyasının zənginləşdirilməsində göstərdiyi mühüm xidmətlər haqqında məruzə ilə çıxış edib.
Çıxış zamanı sözügedən alimin Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verdiyi zəngin arxeoloji materialların elmi və ekspozisiya əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev çıxış edərək, alimin Şirvan arxeoloji məktəbinin formalaşmasındakı rolundan və onunla bağlı xatirələrindən bəhs edib.
Tədbirdə həmçinin “Miras” İctimai Birliyinin sədri, t.ü.f.d., dosent Fariz Xəlilli Fazil Osmanovun elmi irsinin ictimai əhəmiyyətindən danışıb, Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d., dosent Aygün Məmmədova isə “Muzeydə qorunan mühüm numizmatik tapıntı: Nüydi sikkə dəfinəsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin xatirə hissəsində Fazil Osmanovun oğlu Lətif Osmanov alimin şəxsi keyfiyyətləri və elmi fəaliyyəti ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Daha sonra Fazil Osmanovun keçmiş tələbəsi, hazırda Muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Ləman Məmmədova söz alaraq, müəllimi haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.
Tədbirin sonunda Fazil Osmanovun Azərbaycan arxeologiya elminin inkişafında, xüsusilə Qafqaz Albaniyasının və Şirvan bölgəsinin antik dövr abidələrinin tədqiqində göstərdiyi xidmətlərin elmi əhəmiyyəti bir daha qeyd olunub, onun zəngin irsinin gələcək nəsillər üçün mühüm elmi mənbə olduğu vurğulanıb.



Son xəbərlər
Son Xəbərlər