Milyardlıq biznesindən əl çəkib din xadimi olur

milyardliq-biznesinden-el-cekib-din-xadimi-olur
Oxunma sayı: 466

ABŞ-nin məşhur kosmetika şirkəti “e.l.f. Cosmetics”in həmtəsisçisi Skott-Vinsent Borba biznes dünyasını geridə qoyaraq, katolik keşişi olmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bir vaxtlar Hollivudun dəbdəbəli həyat tərzinin simalarından biri kimi tanınan Borbanın bu ay Kaliforniyadakı Fresno yeparxiyası tərəfindən rəsmi olaraq keşiş təyin ediləcəyi bildirilir.

52 yaşlı keçmiş iş adamı uzun illər ərzində məşhur simalarla eyni çevrədə olub. O, Hollivud həyatını xatırlayarkən Paris Hilton və Kardaşyan ailəsi ilə tez-tez bir araya gəldiyini bildirib.

“Mən lüks həyatın içində yaşayan insan idim. Həmişə diqqət mərkəzində olmağa çalışırdım”, - o deyib.

Borbanın sözlərinə görə, həyatında dönüş nöqtəsi iştirak etdiyi tədbirlərdən birində yaşadığı mənəvi təcrübədən sonra baş verib. Borba həmin andan sonra özünü daxili boşluq içində hiss etdiyini və dua etməyə başladığını bildirib.

Keçmiş sahibkar qeyd edib ki, bu hadisədən sonra milyonlarla dollarlıq sərvətindən imtina edib, dəbdəbəli həyatını geridə qoyub və seminariyaya daxil olub.

Borbanın 2004-cü ildə yaratdığı “e.l.f. Cosmetics” qısa müddətdə milyard dollar dəyərində, dünyanın ən tanınmış kosmetika brendlərindən birinə çevrilib. Hazırda isə Borba Kaliforniyadakı Müqəddəs Patrik Seminariyasında sadə həyat sürdüyünü və özünü əvvəlkindən daha xoşbəxt hiss etdiyini deyib.

Məlumata görə, Skott-Vinsent Borbaın 23 may tarixində rəsmi şəkildə katolik keşişi kimi fəaliyyətə başlaması gözlənilir.