Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyasının təsisçisi və sədri Rəna Qafarova müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Rəna xanım, ilk olaraq “Africa Week” layihəsi haqqında məlumat verməyinizi istərdik. Bu təşəbbüs necə yarandı?
- Mən Rəna Qəfərova Azərbaycan-Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyasının təsisçisi və sədriyəm. Qürur hissi ilə bildirmək istəyirəm ki, ölkəmizdə ilk dəfə olaraq “Africa Week” - Afrika Həftəsi layihəsini həyata keçirdik. Bu təşəbbüsün əsas məqsədi Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, sosial, təhsil, investisiya, kənd təsərrüfatı və biznes əlaqələrinin inkişafına dəstək olmaqdır.
Eyni zamanda, “Africa-Azerbaijan Cooperation” təşkilatı olaraq fəaliyyətimizin 3 illiyini də qeyd etdik. Bu bizim üçün çox önəmli və qürurverici bir mərhələdir. Bu layihə çərçivəsində ilk dəfə olaraq “Caspian Agro Week 2026” sərgisi daxilində Afrika Pavilyonu təşkil edildi. Pavilyonda Afrika ölkələrindən gələn şirkətlər və sahibkarlar öz məhsullarını və xidmətlərini təqdim etdilər. Bununla yanaşı, ilk dəfə Azərbaycan-Afrika Biznes Paneli keçirildi və burada həm Azərbaycan, həm də Afrika tərəfdən çox önəmli çıxışlar oldu.
- “Africa Week” çərçivəsində başqa hansı tədbirlər həyata keçirildi?
- Layihə yalnız sərgi və biznes paneli ilə məhdudlaşmadı. Biz Afrikadan gələn qonaqlar üçün müəssisə turları təşkil etdik. Layihənin ana sponsoru olan “KARVAN L” şirkətinin istehsal sahəsi ilə tanış olduq. Qonaqlar Azərbaycanın sənaye potensialını, yeni istehsal layihələrini və innovativ yanaşmalarını yaxından görmək imkanı əldə etdilər. Eyni zamanda tibbi turizm və təhsil mübadiləsi istiqamətində də görüşlər keçirildi. Biz ADA Universitetini ziyarət etdik. ADA Universiteti Azərbaycanın ən müasir və beynəlxalq səviyyəli ali təhsil müəssisələrindən biridir. Görüş zamanı Afrika ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil alması, tələbə mübadiləsi proqramları və gələcək akademik əməkdaşlıq imkanları müzakirə edildi. Biz inanırıq ki, təhsil ölkələr arasında uzunmüddətli əlaqələrin qurulmasında çox önəmli rol oynayır.
- Turizm istiqamətində hansı planlarınız var?
- Tibbi turizm sahəsində Kliniken Allianz şirkəti ilə əməkdaşlıq edirik. Hazırda Afrikadan olan insanların tibbi turizm üçün daha çox Türkiyə və Hindistana üz tutduğunu müşahidə edirik. Lakin Azərbaycanda səhiyyə sahəsində son illərdə çox böyük inkişaf gedib. Müasir xəstəxanalar, peşəkar həkimlər və beynəlxalq standartlara uyğun tibbi xidmətlər mövcuddur. Biz istəyirik ki, Afrika ölkələrindən olan insanlar Azərbaycanı da tibbi turizm istiqaməti kimi tanısınlar və bu sahədə əməkdaşlıq genişlənsin
- Azərbaycan rəhbərliyinin bu layihəyə münasibəti necə oldu?
- Prezident cənab İlham Əliyevin və ailə üzvlərinin Afrika Pavilyonunu ziyarət etməsi bizim üçün çox böyük motivasiya oldu. Bu, həm layihəmizə verilən dəyərin göstəricisi, həm də gələcək fəaliyyətimiz üçün böyük dəstəkdir. Biz bunu Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafına verilən önəm kimi qiymətləndiririk.
- Gələcək planlarınız nələrdir?
- Ümid edirik ki, bizim assosiasiyanın fəaliyyəti vasitəsilə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək. Məqsədimiz biznes əlaqələrinin artırılması, investisiyaların təşviqi, təhsil və tibbi turizm sahəsində əməkdaşlığın inkişafı, eyni zamanda iki region arasında uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. Biz inanırıq ki, Azərbaycan və Afrika ölkələrinin böyük əməkdaşlıq potensialı var və “Africa Week” bu istiqamətdə mühüm platformaya çevriləcək. Gələcəkdə Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Afrika Pavilyonlarının təşkil olunmasını, biznes panellərində Afrika nümayəndələrinin daha aktiv iştirakını və Afrika ölkələrində keçirilən sərgi və sammitlərdə Azərbaycan şirkətlərinin iştirakını genişləndirməyi planlaşdırırıq. Növbəti səfərimiz iyun ayında Qana ölkəsinə planlaşdırılır. Bu səfər çərçivəsində keçiriləcək tədbirlər, sərgilər və biznes imkanları barədə Azərbaycan sahibkarlarına ətraflı məlumat veriləcək.





