“Həm rayondan, həm də bölgələrdən pasiyentlər 24/7 qəbul olunurlar”

hem-rayondan-hem-de-bolgelerden-pasiyentler-247-qebul-olunurlar
Oxunma sayı: 268

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına icbari tibbi sığortanın tətbiqindən sonra müraciət edənlərin sayı artıb. Klaster xəstəxana olması buranı regionun ən əhəmiyyətli səhiyyə müəssisələrindən birinə çevirib. Xəstəxanaya təkcə Şəmkirdən deyil, o cümlədən, Gədəbəy, Qazax, Tovuz, Ağstafadan da pasiyent müraciətləri olur. Aylıq cərrahi əməliyyat sayı isə 330-350 civarındadır.

“Qafqazinfo” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən təşkil olunan mediatur çərçivəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasında olub, göstərilən xidmətlər, tətbiq olunan yeniliklər, pasiyent məmnunluğu ilə bağlı vəziyyətlə tanış olub.

Xəstəxananın direktoru Samir Namazovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazası gücləndirilib, xidmət növləri genişləndirilib. Xaricdə təhsil alan uzman həkimlər daha çox tələbat olan cərrahi və radioloji profilli, terapevtik və pediatrik profilli ixtisaslar üzrə işə qəbul ediliblər.

Direktor bildirib ki, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur: “İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır. Xəstəxanada həm rayonun özündən, həm də bölgələrdən gələn pasiyentlər MRT və KT-yə 24/7 qəbul olunurlar”.

Hər bölgənin spesifik xəstəlikləri olduğu kimi, Şəmkir rayonunda da əhali daha çox şəkərli diabetlə xəstəxanaya müraciət edir.

Xəstəxananın Terapiya şöbəsi həmişə ən çox pasiyent müraciəti olan şöbələrdən biridir. Bizi yaradılan şəraitlə tanış edən şöbə müdiri Esmira İsmayılovanın sözlərinə görə şöbədə endokrinolji, nevroloji, nefroloji, kardioloji, qastroenteroloji, dermatoloji istiqamətlərdə xəstələr müalicə alırlar. Terapiya şöbəsinə stasionar müalicə məqsədilə gün ərzində 10-15, ay ərzində isə 110-130 xəstə qəbulu həyata keçirilir.

Şöbə müdiri xəstələr üçün tibb müəssisəsində dərman təminatının da lazımi səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, əsas məqsəd xəstələrin diaqnozlaşdırılma və müalicə prosesini, müalicədən sonra bərpasını təmin etməkdir. Pasiyentlər də icbari tibbi sığortanın xidmətlərindən razı qaldıqlarını vurğulayırlar. Artıq üç gündür ki, insult səbəbi ilə icbari tibbi sığorta hesabına müalicə alan Mahmudlu kənd sakini Tacəddin Hüseynov tibb müəssisəsində müayinə-müalicə prosesi ilə yanaşı xəstələrin rahatlığı, qidalanması üçün hər cür şəraitin yaradıldığını söyləyib.

Terapiya şöbəsindən sonra Cərrahiyyə şöbəsinə yollanırıq. Media nümayəndələrinə yaradılan şəraitlə bağlı məlumat verən şöbə müdiri Arzu Əsgərovanın sözlərinə görə, xəstəxanada bir çox istiqamətdə, o cümlədən kiçik çanaq (açıq və qapalı şəkildə), döş qəfəsi, tiroid, damar, lor, proktoloji, ginekoloji, uroloji, travmatoloji cərrahiyyələr icra olunur.

“Həkimlərimiz yerinə yetirdikləri hər bir cərrahiyyə əməliyyatı xəstələrə daha yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə müasir protokollara uyğun şəkildə həyata keçirirlər. Ay ərzində müxtəlif istiqamətlərdə əməliyyatlar baş tutur. Qapalı laparoskopik, ginekoloji, travmatoloji, lor, proktoloji sahələrdə əməliyyatlar nisbətən daha çox icra olunur”, - şöbə müdiri qeyd edib.

A.Əsgərova vurğulayıb ki, xəstəxananın Cərrahiyyə şöbəsi təkcə Şəmkir rayonunun yox, ətraf rayonların sakinlərinə də xidmət göstərir. Şöbə müdiri qazilərə, şəhid ailələrinə xüsusi qayğı ilə yanaşıldığını deyir.

Elə tibb müəssisəsində olduğumuz müddətdə də iki şəhid ailə üzvünün əməliyyat olduğunu eşidib onlara baş çəkirik. Onlardan biri – şəhid Pərvin Məmmədovun atası Natiq Məmmədovla həmsöhbət oluruq: “Özüm Zəyəm kəndindən gəlmişəm, şəhid atasıyam. Böyrəyim sancırdı, bir neçə gün idi ağrılardan əziyyət çəkirdim. Sağ olsun, bu xəstəxananın həkimləri, əslində istəmirdilər ki, mən əməliyyata düşüm. Əllərindən gələni etdilər, lakin daşı yalnız əməliyyatla çıxarmaq mümkün oldu. Bir gündür əməliyyat olunmuşam. Hazırda vəziyyətim yaxşıdır”.

Xəstəxanada 30 çarpayılıq Pediatriya şöbəsi də fəaliyyət göstərir. Burada uşaqların sağlamlığına cavabdeh olanlar arasında təcrübəli və uzman həkimlər də var.

Şöbə müdiri Mirəhməd Səbəbçu deyir ki, burada hər bir xəstəyə fərdi yanaşılır. Onun sözlərinə görə, tibb müəssisəsinə daha çox mövsümi xəstəliklərlə bağlı müraciət olunur: “Şöbədə 30 çarpayı var. Müraciətlər əsasən mövsümi xəstəliklər, viruslarla bağlı olur. Bundan əlavə, digər xəstəliklərlə bağlı diaqnoz qoyuruq, ehtiyac olarsa, paytaxta köçürürük”.

Uşaqların peyvəndlənməsi məsələsinə münasibət bildirən həkim daim əhali arasında bu yöndə maarifləndirmə işlərinin aparıldığını bildirib: “Uşaqların peyvəndlənməsi ən vacib məsələdir. Biz bununla bağlı mütəmadi maarifləndirmə işləri aparırıq və bu, həkim kimi bizim borcumuzdur. Mənim xəstələrimin əksəriyyəti peyvəndli xəstələrdir. Peyvəndləmənin nəticəsidir ki, uşaqlar arasında qızılca xəstəliyinə iki-üç aydır, rast gəlmirik”.

Məlumat üçün bildirək ki, ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada icbari tibbi sığorta hesabına 1 083 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana biliblər.

Gülnar Əliyeva