Həm tətilə getməyi, həm də təzminat almağı necə bacardım? - Fotolar

hem-tetile-getmeyi-hem-de-tezminat-almagi-nece-bacardim
Oxunma sayı: 9626

Yanvarın 13-ü Köhnə Yeni il kimi qeyd olunur. Bunu nəzərə alaraq, 2024-cü ili necə qarşıladığımdan yazmaq qərarına gəldim...

Hər şey bundan başladı...

Oktyabrın 21-də sosial media hesabımda Macarıstanın paytaxtı Budapeştə ucuz gediş-gəliş biletləri haqda məlumat paylaşmışdım. Bunu görən dostum birlikdə getməyi təklif etdi. Mən də heç düşünmədən razılaşdım. Düzü, həmin vaxta qədər Şengen vizam olmadığından özümə də maraqlı gəldi ki, görəsən verərlər?! Sənədləri yığıb səfirliyə təqdim edəndən 3-4 gün sonra müsbət cavab aldım. Daha sonra dostuma da verildi - hər birimizə 6 günlük. Qərar verdik ki, bu Yeni ili Avropada keçirəcəyik!

Planlarım alt-üst oldu

Vizanı aldıqdan sonra səyahətimi planlamağa başladım. Buna qədər 9 ölkə və 20 şəhərdə olduğumdan o qədər də çətin olmadı. İlk növbədə, “WizzAir”dən Bakı-Budapeşt-Bakı reysi üzrə bilet aldım. Uçuş tarixinə az qaldığından bir qədər baha başa gəldi - 840 AZN. Belə ki, bir neçə ay öncə almış olsaydım, qiymət 50% və ya daha ucuz olardı. Həmçinin “Omio” mobil tətbiqindən Budapeşt-Vyana reysinə qatar biletləri aldıq – iki nəfərə 123 AZN. Biletlərin qiyməti saatına, gününə və qatarın sürətli olub-olmamasına görə dəyişir.

Planla 2 gün yarımı Budapeştə ayırdım. Yeni ili isə qeyd etməyə açıq səma altında muzey hesab olunan Vyananı seçdim. Hansı şəhərdə hara gedəcəyik və s. hamısını A-dan Z-dək siyahı formasında tərtib etdim.

Vyanadakı apartament

“Booking”dən hotelləri seçdik. Şəhərlər arasında qiymət fərqi elə buradan hiss olunmağa başladı. Budapeştdə 3 gecə 308 avroya (650 AZN), Vyanada 2 gecə 367 avroya (773 AZN) başa gəldi. Qiymətlərin belə baha olmasını Yeni illə də əlaqələndirmək olar.

Uçuş günü dostum təxminən 1 saat gecikdiyindən onu reysə, ümumiyyətlə, buraxmadılar. Sonra isə aeroportda “gate”ləri (qapı) tez-tez dəyişməyə başladılar. Artıq narahat idim. Sonra reysin bir qədər gecikdiyini bildirdilər. Buna səbəb isə təyyarənin qapısının zədələnməsi idi ki, o halda uçması çox təhlükəlidir. Gecikdirə-gecikdirə düz 7 saat keçdi. Axşam saat 10-da aviaşirkət hər kəsə rəsmi meyl göndərərək reysin növbəti gün günorta 12:00-da yerinə yetiriləcəyini vəd etdi. Yenə getdik, bu dəfə isə kiçik anlaşılmazlıq səbəbindən reysə buraxılmadıq...

Daha sonra baş vermiş gecikməyə görə aviaşirkətdən “AirHelp” vasitəsilə 227 avro (423 AZN) təzminat aldım. Əslində, bu reysə görə mənə 400 avro təzminat düşürdü, lakin bütün proseduru mənim yerimə “AirHelp” etdiyindən xidməthaqqı tutdu. Dekabrın 29-u müraciət etmişdim, yanvarın 12-də təzminatı ödədilər. Xidməthaqqı vermək istəmirsinizsə, özünüz birbaşa “WizzAir”dən təzminat ala bilərsiz, amma meyl vasitəsilə bir xeyli danışıqlar aparmalı olacaqsınız. Dostum da, həmçinin “AirHelp” vasitəsilə 201 avro (374 AZN) təzminat aldı. Onun bilet qiyməti 400 AZN-ə yaxın olduğundan, demək olar, uçuşlar ona pulsuz başa gəldi. 

Yeni il ab-havası

Nəhayət, iki gün sonra uça bildik. Budapeştdən şəhər məzkəzinə 100E saylı avtobusla yetişdik. Bir tərəfə bir nəfər üçün bilet - 2200 HUF (11 AZN). Taksi ilə isə bu qiymət 55 AZN-dir. Taksidən söz düşmüşkən, minik vasitəsinə əyləşdikdə standart 5,40 AZN yazır, sonra hər kilometrə görə 2,15 AZN. İctimai nəqliyyat üçün 72 saatlıq limitsiz kart - 25 AZN.

Hotelə çatar-çatmaz başımıza iş gəldi. Qaldığımız yerin videosunu çəkmək üçün qapını bağlayıb çıxdım. Açar isə qaldı kilidin o tayında. Qapı bağlandığından qaldıq dəhlizdə. Problemi aradan qaldırmaq üçün usta çağırdıq. Bu isə 122 AZN-ə başa gəldi. 

Nəhayət şəhərə çıxdıq. Özümüzü “Christmas Market”ə çatdırdıq. Qiymətlər: bir stəkan isti şərab ya qlintveyn - 7 AZN, çay – 6 AZN, 1 dilim ştrduel (alma piroqu) - 10 AZN, kapuçino ya latte 5 AZN, RedBull -7 AZN (mağazada 3 AZN). Mərkəzdə restoranda 1 orta pizza - 22 AZN, “Fanta” ya “Coca-cola” - 5 AZN.

İlk dəfə Yeni ili küçənin ortasında qarşıladım

Dekabrın 31-də səhər qatarla Vyanaya yola düşdük. 2 saat yarımdan sonra Avstriyanın paxtaxtına çatdıq. Qatar stansiyasına düşən andan Budapeştdən fərq hiss olunmağa başladı. Əsl Avropa şəhərinin ab-havası hiss olunurdu. İstiqamətləndirici lövhələrin köməkliyi ilə metronun harada olduğunu tapdıq. Şəhərdə iki gün qalacağıq deyə ictimai nəqliyyat üçün 48 saatlıq kart aldıq – 26 AZN. Hotelimizə yaxın metro stansiyasında düşdük. Burada taksi sifariş verdik. Bakıdakı kimi “Prius”un deyil, cipin gəlməsinə çox təəccübləndik. Elə qiymət də eyni deyil, düz 2 dəfə baha! Hotelə yerləşdikdən sonra şəhər gəzintisinə çıxdıq, geri gecə saat 2-də qayıtdıq...

Şəhəri yeni gəzməyə başlamışdıq ki, bir binanı görüb donub qaldım. Bəlkə 10-15 dəqiqə sadəcə yerimdə durub ona baxmışam. Bir tikili necə bu qədər gözəl ola bilər? Bura “Votivkirche”dir - Roma katolik kilsəsinin məbədidir. Kilsə Vyananın Alsergrund ərazisində yerləşir. 1853-cü ildə neoqotika üslubunda tikilib. Hündürlüyünə görə Vyanada ikincidir (99 m). Bir 10 dəqiqə də siz baxın:

Düşünürəm ki, aşağıda paylaşdığım fotolardan sonra hər kəs Avstriyanın paytaxtı Vyanaya getmək istəyəcək. Burada hər küçə, hər künc-bucaq tarixin bir hissəsidir! Nahaq yerə bura “açıq səma altında muzey” demirlər. Şəhərdə gəzdikcə sizə əzəmətli saraylar, qədim binalar və heyrətləndirən katedral tikililər rast gələcək. Bu şəhərdə, həmçinin dahi bəstəkar Mozart doğulub - Vyanada konsert zalları və şəhər küçələrində musiqi sehrinə düşəcəksiz.

Şəhərin mərkəzi hissəsi “Innere Stadt” (İçərişəhər) adlandırılır və ən görməli yerlər bu ərazidə yerləşir.

“Sacher hotel” - instaqramda Vyana şəhəri haqda səhifələr ən çox bu hotelin şəklini paylaşır. Burada, həmçinin “Sacher” və “Mozart” restoranları var.  Vyanada, demək olar, bütün tanınmış restoranların önündə böyük növbələr olur. Bunu plan qurarkən nəzərə almağınız vacibdir. “Mozart”da dekabrın 31-i iki nəfərə içki daxil şam yeməyi 152 AZN-ə başa gəldi.

Məşhur qırmızı bantlı bina da sosial medianı bəzəyir. Bura “Popp and Kretschmer” mağazasının binasıdır. 

Vienna State Opera (Vyana Dövlət Operası) - xüsusilə klassik musiqi həvəskarısınızsa, opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. 

Habsburqların Hofburg sarayı və ya Imperial Palace. Sarayın önündə faytonlar durur, şəhər turu edə bilərsiniz. 20 dəqiqə gəzinti 112 AZN-dir (4 nəfərə bölə bilərsiniz).

Stepansplatz - İçərişəhərin mərkəzində yerləşən meydandır. Burada müxtəlif brend mağazalar, restoranlar yerləşir. Bu küçə digər mərkəzi Graben küçəsi ilə kəsişir.

Müqəddəs Stefan Katedralı (St. Stephen’s Cathedral). Stepansplatzda yerləşən katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, içəridə 1 avroya şam yandıra bilərsiniz. Qülləyə çıxış adambaşı 30 AZN, uşaqlar üçün 9 AZN.

Graben küçəsində 1679-cu ildə I Leopoldun əmri ilə ucaldılmış “Wiener Pestsaule” (Vəba sütunu) yerləşir. Dini abidə sayılır. 17-ci əsrdə Avropadakı vəba epidemiyasından sonra ucaldılıb. 

Mariahilfer Strasse (Mariahilfer küçəsi) - geyim və aksesuar mağazaları çoxdur. Burada alış-veriş edə bilərsiniz.

Qeyd edim ki, qış aylarında əksər Avropa şəhərlərində hava 16:00-dan etibarən qaralmağa başlayır ki, bu da turistlər üçün bəzi çətinliklər yaradır. Ona görə də bu şəhərlərdə daha erkən saatda gəzməyə başlamaq lazımdır. Elə sadaladıqlarımı gəzib bitirənədək hava qaraldı. Yanvarın 1-nə saatlar qalmışdı. Stepansplatzda Müqəddəs Stefan Katedralının önündə səhnədə çıxış edən ifaçıları dinləməyə gələnlərin sayı durmadan artırdı. Başa düşdük ki, elə Yeni ili bu küçədə açıq havada qeyd edəcəyik. Elə də oldu. Gecəboyu tanımadığımız adamlarla oynadıq, dedik-güldük, əyləndik və Yeni ili qarşıladıq! İnsanların bu qədər rahat olmasını çox sevdim. Hər kəs bir-birinə gülümsəyir, bayramını təbrik edir, hətta qucaqlayır… Heç kim çıxıb getmək istəmirdi. Minlərlə insan yalnız gecə saat 2-də konsert bitəndən sonra tədricən meydanı tərk etməyə başladı… Biz də, həmçinin.

Növbəti gün səhər yeməyi üçün (ötəngünkü gecədən sonra günorta getdim) mərkəzdəki restoranların birinə getdim. Ümumiyyətlə, səfərlərdə məni ən çox xoşbəxt edən həmin şəhərin məşhur restoranlarında səhər yeməyidir. Bakıda mərkəzdən uzaq yaşadığımdan bu, mümkün olmur. Xaricdə isə həmişə mərkəzdə ev, ya hotel kirayələyirəm. Menyuda “Vyana səhər yeməyi” gördüm və dərhal sifariş verdim. Qiyməti 23 manat olan səhər yeməyinə bunlar daxil idi: sadə kruasan, çörək, təzə sıxılmış portağal şirəsi, yumurta, pendir və vetçina dilimləri, cem, yağ. Ardınca 1 dilim “Sacher” tortu yedim. Bu tort buranın ən məşhurudur. Belə ki, şokoladlı tort avstriyalı qənnadçı Frans Zaxer tərəfindən icad edilib və burada çox sevilir. 1 dilimin qiyməti 11 AZN. Yanında da “Viennese Melange” kofesi (10 AZN).

“Cafe Central”ın önündə növbə

Ümumiyyətlə Vyana qastronomik səyahət üçün idealdır. Burada ənənəvi Vyana şnitseli və ətirli kofenin dadına mütləq baxmalısınız. Desertlərdən isə qeyd etdiyim “Sacher”, həmçinin “Mozart” tort və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.

Səhər yeməyindən çıxanda gördüm ki, yenə yüzlərlə insan Stepansplatza toplaşıb və əllərində telefon nəsə çəkir. Əvvəl elə düşündüm ki, yenə səhnədə kimsə çıxış edir, çünki musiqi səsi gəlirdi. Yaxına gəldikdə isə gördüm ki, insanlar böyük monitorda klassik konsert dinləyirlər. Sakinlərin incəsənətə, sənətkarlığa bu qədər dəyər vermələrini görmək çox xoş idi... Bura nahaq yerə Mozartın Vətəni deyil axı!  

Daha sonra özümü verdim alış-verişə. Sevdiyim insanlara Vyana şokoladı, yerli içkilər və s. aldım. Əvvəllər daha çox hədiyyə qəbul etməyi sevirdimsə, səyahət etdikcə bu, əksinə oldu. İndi hər hansı xarici ölkəyə gedəndə alış-verişə mütləq vaxt ayırıram. Hətta elə olur ki, özümə heç nə almıram.

Təəssüf ki, vidalaşmaq vaxtıdır. Getdim növbəti şəhərə...

Hüseyn Məmmədsalahov

Vyana fotoları Rəşad Nəbiyevindir