“Həmin gün Ulu öndər adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu” - Təmraz Tağıyev

hemin-gun-ulu-onder-adini-azerbaycan-tarixine-qizil-herflerle-yazdirmis-oldu
Oxunma sayı: 2400

“14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin zirvəyə yüksəlişinin başlanğıc günü kimi tarixə düşüb”. "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Belediyye.infoya 22 il YAP-ın Nərimanov təşkilatının sədri olmuş Təmraz Tağıyev deyib. 

O qeyd edib ki, ölkəni sevən hər bir insan 1969-cu ilin 14 iyulunu respublikamızın zəngin tarixində dönüş günü, xalqımızın yaddaşında isə şərəfli bir gün kimi qaldığını yaxşı bilir:

"Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz həmin günün müstəsna rolunun olması danılmaz faktdır.

Mənim isə, 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdən iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və Ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-ın Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımdan fəxr edirəm.    

Azərbaycanın o zamankı rəhbərliyi əslində bu maddənin, yəni “65 yaşdan yuxarı şəxslər Prezident seçkilərində iştirak edə bilməz” deməklə hakimiyyətdə Heydər Əliyevi görmək belə istəmirdi və bu addım birbaşa Ulu öndərə qarşı yönəlmişdi. Xatırladım ki, o illərdə Ulu Öndərin 69 yaşı tamam olurdu.  Biz  Ulu öndərin siyasətini dəstəkləyən  gənclər də Heydər Əliyevi müdafiə mitinqi keçirməklə Azərbaycanın gələcəyinin məhz bu şəxsiyyətlə bağlı olduğunu deyirdik. Bu tarix şərəfli günlərimizdən biridir. Bu gün fəxrlə deyə bilərəm ki, həmin mitinqdə iştirakımdan  qürur duyuram".

T. Tağıyev daha sonra bildirib ki, Ulu öndər  o illərdə respublikanın acınacaqlı vəziyyətə düşdüyünü yaxşı bilirdi: "Ölkədə ətalət hökm sürür, təsərrüfat və iqtisadiyyat gündən - günə zəifləyir, xalqın vəziyyəti pisləşirdi. Xalqın rəğbətini qazanmış, işgüzar və mənəviyyatca saf olan işçilər sıxışdırılır və şəxsi mənafelərə görə sıradan çıxarılırdı.

Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu durğunluqdan çıxarmış oldu.  Bununla Ulu öndər öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu. Bu gün fəxr ediləsi məqam bir ondadır ki, Ulu öndərin Qarabağımızın erməni  işğalçılarından  azad edilməsiylə bağlı arzularını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycanı regionun aparacı və qüdrətli dövlətinə çevrilib".