Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılır. Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanıb. Lakin təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılıb. Həmçinin damda yerləşən tüstü və havalandırma bacaları qapadılıb, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaradıb.
Sözügedən nöqsanlarla əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri dayandırılıb, şirkət barəsində inzibati tədbirlər görülüb.



Son xəbərlər
Son Xəbərlər