“İranın keçmiş Prezidenti Həsən Ruhani bir neçə gün əvvəl saxlanılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Jedaal” internet portalının təsisçisi, politoloq Əli Əlizadə “X” hesabında çıxış edib.
Ə.Əlizadə bu barədə məlumatı İran parlamentinin üzvü Əbdülqasem Carare və siyasətçi Meysəm Nadidən aldığını bildirib.
Daha sonra isə Ruhaniyə yaxın mənbə bu xəbəri təkzib edib. Həmin şəxs bunun şayiə olduğunu bildirib, həmçinin H.Ruhaninin bununla bağlı şikayət edə biləcəyini deyib.
Bundan başqa, İranın keçmiş xarici işlər naziri və keçmiş vitse-prezidenti Məhəmməd Cavad Zərifin saxlanması barədə də xəbərlər yayılıb. Lakin mənbə bu məlumatı da təkzib edib. O bu cür xəbərləri “feyk” adlandırıb, onların yayılmasının cəmiyyətdə parçalanma yaratmağa yönəldiyini iddia edib.
Həsən Ruhaninin ofisinin yaxın zamanda bununla bağlı bəyanat yayacağı bildirilib.
Qeyd edək ki, Həsən Ruhani 2013-2021-ci illərdə ardıcıl iki müddət İran Prezidenti olub. Cavad Zərif isə Ruhaninin hökumətində xarici işlər naziri, hazırkı İran Prezidenti Məsud Pezeşkianın dövründə vitse-prezident vəzifəsini icra edib.
Son xəbərlər
Son Xəbərlər