Heydər Əliyev istəyirdi ki...

heyder-eliyev-isteyirdi-ki
Oxunma sayı: 1567


Gənc siyasətçi, ictimai və siyasi proseslərdə fəal iştirakçı Zaur Əsgərov Heydər Əliyevin doğum günü ilə bağlı məqalə hazırlayıb. “Qafqazinfo” həmin məqaləni təqdim edir:

Bu, ulu öndər Heydər Əliyevin hər bir gəncin həyat devizi olacaq müdrik kəlamlarından biridir. Doğrudan da həyatda hansı yolu seçmək, necə yaşamaq hər bir insanın öz seçimi olsa da elə nadir şəxsiyyətlər var ki, onların ömür yolunda milyonların taleyi birləşir. Mayın 10-da anadan olmasının 91-ci ildönümünü sonsuz sevgi, hörmət və ehtiramla qeyd edəcəyimiz Heydər Əliyev kimi... Bütün həyatı mübarizələrlə dolu olan bu böyük siyasi xadimin həyatda tək bir amalı var idi -məmləkətini əmin-amanlıq içində, xalqını isə xöşbəxt, firavan görmək...

Bunun naminə Heydər Əliyev hər bir fədakarlığa hazır idi. Elə xalqımızın tələbi, istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdışında da Azərbaycanın müstəqilliyini daxildən, xaricdən təhlükə altına alan düşmən qüvvələrə qarşı Heydər Əliyev qətiyyətlə sinə gərməyi bacardı və hər zamankı kimi ətrafında yumruq kimi birləşən Azərbaycanın ləyaqətli oğul və qızlarına güvəndi. Bu dahinin ömür yolu doğurdan da əsl kişilik, ləyaqət, cəsarət, Vətənə, xalqa sevgi, sədaqət məktəbidir. Elə bir məktəb ki, onilliklər ötsə, əsrlər keçsə də ümummilli lider Heydər Əliyevin öyrətdiyi dəyərlər heç vaxt itməyəcək, silinməyəcək... Heydər Əliyev dünya miqyasında tanınan, sevilib-seçilən, böyük nüfuza malik qüdrətli siyasətçi, görkəmli dövlət xadimi idi. Onun haqq səsi ən mötəbər kürsülərdən yüksəlirdi, dünyanın siyasi arenasında bu böyük şəxsiyyətin iradəsinə, müdrikliyinə, uzaqgörənliyinə, ağlına, zəkasına, hazırcavablığına, təmkin və səmimiyyətinə heyran qalırdılar. Heydər Əliyev bizim milli iftixarımız, güvənc yerimiz idi.

Ulu Öndərimizin Azərbaycan gəncliyi ilə bağlı arzuları böyük idi. Heydər Əliyev istəyirdi ki, gənc azərbaycanlılar xalqımızın zəkasını, elmini, milli-mənəvi dəyərlərini, mədəniyyətini beynəlxalq aləmdə layiqincə təmsil etsinlər, müstəqil dövlətimizn inkişafında öz töhfələrini versinlər. O, Azərbaycan dövlətinin sabahı olan gənclərin problemlərinə hər zaman xüsusi diqqətlə yanaşır, onların uğurlarına hədsiz sevinirdi. Bu gün ümummilli liderimiz haqqında keçmiş zamanda danışmaq olduqca çətindir. Lakin bu bir həqiqətdir ki, Heydər Əliyev cismən aramızda olmasa da  memarı və qurucusu olduğu Azərbaycan dövlətinin bu gün də əldə etdiyi hər bir nailiyyətdə onun uzaqgörən daxili və xarici siyasəti, ideyaları öz əksini tapır. Bu gün biz gənclər ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafı naminə atdığı bütün addımlarda  onu dəstəkləyirik. Mən Azərbaycanın sağlam gəncliyi adından qətiyyətlə deyə bilərəm ki, bütün ömrü boyu azərbaycanlı olması ilə qürur duyan ulu öndərimiz Heydər Əliyevin şərəfli həyat yolu, görkəmli dövlət xadimi kimi fəaliyyəti biz gənclər üçün böyük örnək, layiqli nümunədir.