“İki dost və qardaş ölkə bir-birinə çox bağlıdır” - Yenilənib

iki-dost-ve-qardas-olke-bir-birine-cox-baglidir
Oxunma sayı: 1982

“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

***

İlham Əliyev, həmçinin bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.

Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlət başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.

***

Prezident İlham Əliyev qeyd edib ki, təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

“Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”, - deyə o əlavə edib.