İlham Əliyev qəbullar keçirdi - Yenilənib

ilham-eliyev-qebullar-kecirdi
Oxunma sayı: 4162

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sergey Lebedev Prezident İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirdi, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb.

Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğulayıb ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirib.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkilərin keçirilməsi prosesində iştirak etdiyini deyib, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğulayıb.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu deyib. Qonaq hər bir seçkinin ölkələrin qanunverciiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd edib və bu seçkilərin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib.

Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini deyib.

Dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırıb.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunulub, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğuladı. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd edib.

TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini deyib.

Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçkilərlə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.

Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirib.

Kubanıçbek Ömüralıyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.

Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib.

Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib, ölkəmizin, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğulayıb. Bu xüsusda dövlət başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri təşkilata üzv ölkələrdən aldığını qeyd edib. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

Prezident İlham Əliyev seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirib.

Müşahidə missiyasının üzvləri prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik ediblər. Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildiriblər və bunu tarixi məqam kimi qiymətləndiriblər.

Prezident İlham Əliyev bu seçkilərin tarixi hadisə olduğunu deyərək ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş səsvermə prosesində iştirak etdiyini xüsusi vurğulayıb.

Qonaqlar bildiriblər ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının zəfəridir və bu, Türk dünyasının özünəinamını daha da gücləndirib.

Söhbət zamanı Türk dünyasının bir ailə olduğu və bu çərçivədə əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyi qeyd edilib.