“İlham Əliyev sabah zəifləsə...”

ilham-eliyev-sabah-zeiflese
Oxunma sayı: 685

- Artıq vaxt çatıb, insanların hamısının qiymətini vermək lazımdır. Kamran Bağırovun adı həmişə ehtiramla xatırlanmalıdır. Görünür, onun Şuşada doğulmağı da öz rolunu oynamışdı. Bakıda tələbə hərəkatı, onun ardınca da böyük bir xalq hərəkatının başlanması onun xidmətidir. Məhz onun göstərişi ilə idarə, müəssisə və təşkilatlarda insanlara şərait yaradıldı, onlar təqib olunmadı, küçələrə axışdılar. Mən o zaman kirayədə qalırdım, səhər yataqxanaya gəlib gördüm ki, tələbələr bir-birinə dəyib. Səbəbini soruşanda dedilər ki, Azərbaycan komsomolundan gəlmişdilər, bizə dedilər görmürsünüz Qarabağ gedir, biz qarşısını ala bilmirik, niyə səsinizi çıxartmırsınız, etiraz etmirsiniz, axışın küçələrə. Həqiqətən də biz Universitetin qarşısından çıxıb gələndə gördük ki, hansısa qüvvə tərəfindən bu təşkil olunub. Oradan da İnşaatın, Politexnikin uşaqları bizə qoşuldu. Mən bir daha əmin oldum ki, tələbə hərəkatının başlanması, Qarabağla bağlı aksiyalar dövlət səviyyəsində təşkil olunmuşdu və sözsüz ki, birinci şəxs Kamran Bağırovun razılığı, icazəsi olmadan bunu heç kim edə bilməzdi. Sonra isə proseslər Kommunist Partiyasının nəzarətindən çıxdı. Amma hər bir halda edilən təzyiqlərin qarşısında o, Qarabağı vermədi və şərait yaratdı ki, xalq küçələrə axışsın. Bu mənada xalq hərəkatında onun müstəsna xidmətləri var. Mən özüm də zaman-zaman bunu deməkdən çəkinmişəm, yaxud telekanallara demişəm, efirə verməyiblər.

- Belə demək olarmı ki, bu gün hakimiyyət müxalif fikrə daha aqressivdir deyə, həm də ona görə izdihamlı aksiyalar olmur?
- O vaxt bir ayrı şərait var idi. İndi artıq Qarabağın işğalı faktdır və görünür hakimiyyət fikirləşir ki, insanların küçəyə çıxması ilə Qarabağı qaytarmaq mümkün deyil. Lakin o vaxt düşünürdülər ki, Kreml xalq etirazını görsə, Qarabağı qoparıb Ermənistana verə bilməz. Hakimiyyətin repressiv olması hakimiyyətə bağlı yox, xalqın inkişaf səviyyəsinə bağlı məsələdir. İnkişaf etmiş ölkələrdə iqtidar və müxalifəti də, mətbuatı, QHT-si də başqa cür davranır. Yəni bütünlüklə cəmiyyət inkişaf etməlidir ki, ölkə bir keyfiyyət mərhələsindən digərinə keçə bilsin. Bunun üçün də zaman lazımdır. Burada təqsiri yalnız iqtidarın üzərinə qoymaq olmaz. Amma iqtidarın məsuliyyəti daha çoxdur. Çünki yuxarıdan sürətli islahatlar yolu ilə xalqın 50 ilə keçəcəyi yolu 30 ilə keçmək olar. Mən hər zaman radikal islahatların əleyhinə olmuşam. Çünki radikal islahatlar heç vaxt gözlənilən bəhrəni, nəticəni vermir, əksinə, ölkəni xaosa və qarşıdurmalara sürükləyir. Amma tədrici islahatlara gedilməli idi, lakin bu, gecikdirilir.

- Qüdrət bəy, hakimiyyət nədən mövcud dünya reallıqlarında ömrünü uzada biləcək bir yola getmək istəmir?
- Neft pullarını kənara qoysaq, neft sənayesindən kənar iqtisadiyyat, o cümlədən də vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkənin ümumi iqtisadiyyatının inkişaf səviyyəsinə uyğundur. Bunun üçün də həm qeyri-neft sektorunu, həm də vətəndaş cəmiyyəti quruculuğu prosesini inkişaf etdirmək lazımdır. Hər iki sahədə Azərbaycanda ciddi geriləmələr var. Biz bu sahədə Rusiyadan, qonşularımızdan da geri qalırıq. Bizim partiyanın prinsipial mövqeyi budur ki, ölkədə konstitusiya islahatları aparılmalıdır. Mən hələ 2007-ci ilin payız sessiyasının ilk günündə o layihəni parlamentə təqdim etmişəm, “İslahat” bloku da layihəni dəstəkləyib. Biz Avropaya inteqrasiya hədəfində olsaq da, Şərq xalqıyıq. İslam dünyagörüşündən gələn Şərq despotizmi uzun illər insanların genlərinə hopub. Zəifi əzmək, özündən güclünün qarşısında təzim etmək. Azərbaycanda bu vəziyyəti dəyişməyin yeganə yolu parlamentli respublikaya keçiddir. Rəhmətlik Rəsulzadə və onun tərəfdarları həqiqətən çox müdrik insanlar olublar. Elə insanlar bir əsrdə bir dəfə dünyaya gəlir. Onlar Azərbaycanı parlamentli respublika etdilər. Yəni bir şəxsin əlində kifayət qədər çox hakimiyyət cəmləşəndə o insan ruh etibarilə nə qədər demokrat olsa da, ətrafı və xalq təzim etməklə onu avtoritar bir şəxsə çevirir. Ona görə də Azərbaycanda köklü konstitusion islahatlar aparılmalıdır və hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırmalıdır. Biz bunu deyəndən 5-6 il sonra İctimai Palata belə bir “Yol xəritəsi” ilə çıxış edib, bu ideyanı dəstəkləyib. Məncə, bir müddət sonra iqtidar da fərqində olacaq ki, ölkəni irəli aparmağın yeganə yolu budur. Artıq Gürcüstanda da parlamentli respublikaya keçirlər. Fransa istisna olmaqla Avropa ölkələrinin əksəriyyətində parlamentli respublikadır. Fransa Konstitusiyasında yazılmasa da, ölkə prezidenti parlament seçkilərini udan partiyaya hökuməti formalaşdırmağı tapşırır.

- Ancaq Azərbaycanda Konstitusiya dəyişdi və bir şəxsə üçüncü dəfə seçilmək haqqı verildi...
- Burda qorxulu bir məqam görmürəm. Rusiyada Putin bundan əvvəl özü getmədi seçkiyə, Medvedevi irəli verdi. Bu, nəyi dəyişdi? Əgər sənin ölkənin reallıqları ilə bağlı hansısa problemlər varsa, onların üzərinə getmək lazımdır. Deyək ki, üçüncü dəfə namizədliyini vermək pisdir. Deməli, bu, sənə seçkidə əlavə şans verəcək ki, sən xalqa müraciət edib deyirsən üçüncü dəfə prezident olmaq pis şeydir. Deməli, bu, sənin şansını artırır, elə isə bundan niyə narahatsan? Əgər xalq doğrudan da bu iqtidarı istəmirsə, onda üçüncü dəfə namizədliyini vermək bu iqtidarın şansını bir az da azaldır və vəziyyəti onun üçün pisləşdirir.

- 2013-cü ildə sizin mövqeyiniz nədən ibarət olacaq? Namizəd olacaqsınız, yoxsa dəstək verəcəksiniz?
- Seçkiqabağı bilinəcək. Oktyabrda qurultayımız olacaq və məsələ müzakirə olunacaq. Bizim növbəti seçkilərdən də ciddi gözləntilərimiz yoxdur. Sadəcə olaraq bu seçkilərə də növbəti parlament seçkilərində partiyanın daha üstün mövqeyə çıxarılması üçün bir mərhələ kimi baxırıq. Növbəti parlament seçkilərində böyük bir fraksiya ilə parlamentə seçilmək niyyətindəyik.

- Sizə ünvanlı ittihamlar az olmayıb...
- Nə ilk dövrlərdə, nə də indi bu, məni heç də qıcıqlandırmır. Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ölkədə elə bir siyasətçi varmı ki, onun haqqında nəsə deyilməsin, yazılmasın. O baxımdan məni istəyən qüvvələr də var, istəməyənlər də. Onların haqqımda yazdıqlarının əksini sübut etmək üçün mövqeyimi radikallaşdıran deyiləm. Çünki bu radikal mövqeyin cəmiyyətə heç nə vermədiyinin fərqindəyəm. Radikal mövqe ona gətirib çıxarır ki, ildə, ya iki ildən bir mitinq təşkil olunur və fədakar insanlar aparılıb polislə üz-üzsə qoyulur, həbsə atdırılır. Sonra da mətbuatda həmin insanların azadlığı uğrunda mübarizə gedir. Ona görə də nəticə olmadığı halda insanları, onların ailələrini böyük çətinliklərlə üz-üzə qoymağı nə cəsarət, nə də qəhrəmanlıq kimi qiymətləndirmirəm. Bu gün parlament müxalifəti və parlamentdən kənar müxalifətin ölkə siyasətinə təsir etmək imkanları sıfıra bərabərdir.

- Bunun günahı kimdədir?
- Əlbəttə daha çox məsuliyyəti iqtidar daşıyır. İqtidarın o fikrini bölüşmürəm ki, deyir biz müxalifəti gücləndirməli deyilik. İqtidar cəmiyyətdə elə şərait yaratmalı, elə islahatlar aparmalıdır ki, ölkədə güclü müxalifət olsun. Bu, iqtidarın birbaşa vəzifə borcudur. Partiyaların dövlətdən maliyyələşməsini əvvəldən etmək olardı.

- Müxalifətdə o şəxs kimdir ki, siz də 2013-də onu müdafiə edə bilərsiniz?
- Ən uğurlu variant prezident seçiləcəyi təqdirdə bütün partiyaların maraqlarını nəzərə ala biləcək bir şəxsin üzərində dayanmaq lazımdır ki, o şəxsi bütün siyasi partiyalar dəstəkləsin. Ancaq indidən onun adını çəksəm, belə çıxacaq ki, bizim partiyanın namizədidir. İndidən bu tipli açıqlamalar tezdir. Sadəcə partiya liderləri tərəfdarlarını buna hazırlamalıdır. Mən də belə bir namizədi dəstəkləməyə hazıram. Əgər sən öz tərəfdarlarına deyirsənsə ki, partiyanın namizədi partiyanın sədri olacaq, sonra, əlbəttə ki, həlledici məqamda razılığa gəlmək mümkün olmayacaq. Ən azı seçkilərə 6 ay qalmış vahid namizədin kimliyi bəlli olmalıdır.

- Rəsul Quliyevin iddialarına münasibətiniz necədir?
- Rəsul Quliyev prezidentliyə namizəd olmaq istəyirsə, ilk növbədə Azərbaycana qayıtmaq barədə düşünməlidir. Düzdür, praktikada çox olub ki, xaricdən birbaşa təyyarə ilə gəlib hakimiyyətdə oturublar. Məsələn, qonşu İranda İslam İnqilabından sonra Xameyni Fransadan gəlib hakimiyyətdə oturdu. Amma Azərbaycan reallığında bu, qeyri-realdır. Hələlik onun namizədliyini irəli sürmək şansı da yoxdur. Çünki Konstitusiyaya görə, ən azı son 10 ildə Azərbaycanda yaşamış şəxsin belə bir hüququ var. Rəsul Quliyevin prezident seçkilərinə qədər Azərbaycana dönəcəyi şəxsən mənimçün az inandırıcıdır. Onun bir dəfə şansı var idi, amma o cəsarəti nümayiş etdirib Bakıya gələ bilmədi. Gəlsəydi, yəqin ki, həbs olunacaqdı. Ancaq yəqin ki, beynəlxalq birliyin təzyiqi ilə artıq azad olunmuşdu və Bakıda oturub siyasi fəaliyyətini davam etdirirdi. Birinci olmaq istəyən şəxs gərək gözünün qabağına çox şeyi ala. Amma mən Amerikada rahat oturum, burdakıları tənqid edim ki, siz niyə küçələrə çıxıb hakimiyyətlə döyüşmürsünüz, bu, qeyri-ciddilikdir. Əgər döyüşmək yaxşıdırsa və polisdən qorxmamaq lazımdırsa, gərək sən də qorxmayasan. Mən hərdən partiya sədrlərinə deyirəm ki, razılaşdırılmamış mitinqə niyə özünüz getmirsiniz.

- Rəsul Quliyev arxayındır ki, hakimiyyətdə onu dəstəkləyən ciddi qüvvələr var...
- İstənilən şəxs hansısa mərhələdə önə çıxacaqsa, onun hakimiyyətin içində tərəfdarları tapılacaq. Ona görə ki, hakimiyyətdə olan insanların 95 faizi üçün kimin hakimiyyətdə olmasının fərqi yoxdur. Onlar məmur kimi öz işlərini görəcək. İnsanlar həmişə güclünün yanında olmaq istəyir. İlham Əliyev sabah zəifləsə... Elçibəyin, Mütəllibovun tərəfdarları onları satdılar, digər düşərgəyə keçdilər, eyni proses yenə baş verəcək. Bunu hər birinci şəxs başa düşür. Odur ki, çalışır ki, komandaya nəzarəti itirməsin. Amma nəzarət itəndən, rəqib güclənəndən sonra bu proses qaçılmazdır. Nəinki Rəsul Quliyev, ölkədə kim güclənib önə çıxacaqsa, onun hökumət daxilində tərəfdarları olacaq.

- Yəni İlham Əliyevin son müşavirədəki çıxışı da burdan irəli gəlib?
- Məncə, İlham Əliyev bir daha özünə inandığını və beynəlxalq təzyiqlər qarşısında geri çəkilmədiyini göstərmək istədi. Çünki əfv fərmanında, Əli Həsənovun müəyyən danışıqlarında, İTV-də müxalifətə yer verilməsi bu cür qəbul oluna bilərdi ki, hökumət artıq geri çəkilir, bu da hökumətin zəifliyindən qaynaqlanır. O, bununla göstərmək istədi ki, özünə çox inamlıdır.

- Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla dostluğunuz var. Bu günlərdə nazirin 51 yaşı tamam oldu, yəqin təbrik edibsiniz...
- Bəli. Kəmaləddin müəllim bizim qonşu kənddəndir, kəndlərimiz arasında 6 km məsafə var. Fəttah müəllim də bizim rayonun (Culfa-E.P.) 1-ci katibi olub, mənim qardaşımla uzun müddət bir yerdə işləyiblər. Bu baxımdan bizim münasibətlər təkcə iqtidar-müxalifət formasında tənzimlənmir. Azərbaycan siyasətinə bu mədəniyyət də gətirilməlidir ki, insanlar fərqli mövqedə olsalar da, bir-biri ilə normal münasibət saxlaya bilərlər. Başqa ölkələrdə protokolda nəzərdə tutulub ki, hökumət tədbirlərində iqtidarın yanında müxalifət yer alır. Məsələn, İsa bəylə də siyasi baxışlarımızda fərqli yanaşmalar var, amma xeyirdə-şərdə niyə iştirak etməyək? Çalışmaq lazımdır ki, bir-birinə əks mövqedə olan insanlar arasında insani münasibətlər qorunub saxlansın. Mən istərdim ki, nəinki mənim, başqa partiya sədrlərinin də bütün nazirlərlə, özü də gizli yox, açıq münasibətləri olsun.

- “Fövqəlnazir”lə bağlı mətbuatda yayılan məlumatlardan biri də bu idi ki, növbəti dönəmdə komandada yer ala bilməyəcək...
- Bunlar əsassız söhbətlərdir. Onun prezidentlə münasibətləri təkcə nazir-prezident münasibətləri ilə məhdudlaşmır. Hələ İlham Əliyev prezident olana, Kəmaləddin müəllim də hökumətdə vəzifə tutana qədər çox sıx dostluq münasibətləri olub, bu dostluq da davam edir. O, prezidentin komandasının ən bacarıqlı və sadiq üzvlərindən biridir. Təsəvvür etmirəm ki, İlham Əliyev onu komandasından kənarlaşdırsın.

- Nazirə münasibət bəlli, bəs, bəstəkar Kamalın yaradıcılığına münasibətiniz necədir?
- Səmimi deyim, o, təkcə nazir kimi bacarıqlı deyil, bu sahədə də talantı var və mahnıları sevilir. Onun məndə diskləri var, hərdən qulaq asıram...

Yeni Müsavat