Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
“Qafqazinfo” xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat veriblər. Bildirilib ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.
İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə salıb.
Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.
Sonra Prezident yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
Qeyd edildi ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək.
İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.








Son xəbərlər
Son Xəbərlər