İlqar Abbasov hesabat yığıncağı keçirdi

ilqar-abbasov-hesabat-yigincagi-kecirdi
Oxunma sayı: 3054

Şirvan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, hesabat yığıncağında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhər İcra Hakimiyyətin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyət nümayəndələri iştirak edib.

Yığıncaq iştirakçıları öncə şəhərin mərkəzində yerləşən Heydər Əliyev Meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin ruhuna öz dərin ehtiramlarını ifadə ediblər.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən İlqar Abbasov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi Şirvan şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və icrası istiqamətində əməli işlər görülüb.

2019-cu il ərzində şəhər ərazisində ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artaraq 877 milyon manat olub. Ümumi məhsul buraxılışında 58 faiz sənaye sahələrində məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 506 milyon manat olub. Digər sahələrin ümumi məhsulda payı 42 faiz təşkil edib. Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun 56 faizi və ya 282 milyon manatı dövlət, 44 faizi və ya 224 milyon manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilib. 2019-cu il ərzində şəhərdə 249 min ton neft, 7.5 milyon m3 qaz və 5 milyard 85 milyon kvt/saat elektrik enerjisi istehsal edilib. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 501 manat təşkil etmişdir. Bu da 2018-ci illə müqayisədə 13 faiz çox olub.

2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ŞİH tərəfindən T.İsmayılov küçəsi 5, 19 saylı yaşayış binalarının həyətləri abadlaşdırılıb, yeni nümunəvi məhəllə salınıb,

Sonra məruzə ətrafında çıxışlar olub və müzakirələr zamanı elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin və sənaye istehsalının inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.