Çovdarlıqda uçurumdan qoruyan
Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi
olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona görə ki, belə şit şeylərdən zəhləm gedir, ikincisi də, əgər, burada mən öz valideynlərim barədə bir-iki qəşəng,
gəlişi xoş söz desəm, onları oradaca ikiqat infarkt vurar. Mənim valideynlərim belə şeylərə yaman dözümsüzdülər, illah da atam. Çox gözəl adamdırlar – buna sözüm yox, ancaq, neyləyəsən, bərk dəymədüşərdirlər. Bir də ki mən sizə başdan-ayağa öz tərcümeyi-halımı
danışmaq niyyətində deyiləm, sadəcə, xəstələnib bura düşməmişdən qabaq, keçən milad bayramında başıma gələn sarsaq bir əhvalatdan söhbət açmaq istəyirəm. D.B.-yə də elə bunları danışmışam, necə olsa, yenə də qardaşımdır axı. O, indi Hollivuddadır. Hollivud bu murdar
sanatoriyadan çox da uzaqda deyil, ona görə də, o, demək olar ki, hər həftə bura, məni yoluxmağa gəlir. Evimizə də məni elə özü aparacaq, gələn ay, bəlkə, çıxdım bu xarabadan. Lap bu yaxınlarda təp-təzə bir «Yaquar» alıb. ingilis əməlidir, yığcam, qutu kimi bir maşındı, saatda iki yüz mil sürəti var. Düz dörd min sayıb onunçün. İndi əclafın pulu yaman çoxdur. Yoxsa, əvvəlki kimi? Əvvəllər öz evimizdə yaşayanda əsl yazıçıydı. Bir əla hekayələr kitabı da yazmışdı: «Gizlədilmiş balıq», yəqin, eşitmiş olarsınız. O kitabda ən yaxşı hekayə də elə «Gizlədilmiş balıq» hekayəsidir. Balaca bir oğlan uşağından danışır, onun lap balaca bir balığı
olur və bunu hamıdan gizlətməyə çalışır, çünki onu öz puluyla alıb. Dəhşət hekayədir! indi o, – D.B.-ni, qardaşımı deyirəm – Hollivuda köçüb, orada yaşayır, təmiz bicəngəyə dönüb. Dünyada zəhləm gedən bir şey varsa, o da kinodur. Adını eşidəndə ürəyim bulanır.
Deyirəm, elə Pensi məktəbini tərk etdiyim gündən başlasam, yaxşı olar. Pensi – Pensilvaniya ştatı, Egerstaun şəhərində qapalı internat məktəbidir. Yəqin, eşitməmiş deyilsiniz. Hər halda, o məktəbin elanını hökmən görmüş olarsınız. Elə bir qəzet-jurnal qalmayıb ki, onlar bu barədə elan
verməmiş olsunlar. Özü də həmişə eyni, rəngli bir şəkildə: sir-sifətindən sırtıqlıq yağan bir oğlan uşağı irişə-irişə, at belində hasarın üstündən uçur. Guya ki, Pensidə sənin bütün günü işin-gücün at çapmaq, polo oynamaq olacaq. Amma mən o xarabanın nəinki özündə, heç həndəvərində də
ata-zada rast gəlmədim. O şəklin altında isə həmişə eyni şeyi yazırlar: «1888-ci ildən bəri bizim məktəbdə cəsur və dərrakəli oğlan uşaqları tərbiyə olunur». Mənə də yox da. Hər yerdə necə, orada da elə: heç kimə heç nə öyrətmirlər. Bir də ki orada bir nəfər də olsun «cəsur və ya dərrakəli oğlana» rast gəlmədim. Bəlkə də, yaxşı-yaxşı axtarsaydın, bir-ikisi tapılardı, ancaq onlar da hələ Pensiyə gəlməmişdən qabaq bu keyfiyyətlərə yiyələnmişdilər.
Qısası, şənbə günüydü və Sekson holla futbol yarışı gedirdi. Bu oyunu uduzmaq Pensi üçün ölümdən betərdi. Oyun final oyunu idi və əgər, Pensi bu gün uduzsaydı, onda, gərək, biz hamımız ya özümüzü asaydıq, ya da bilmirəm nə! Yadımdadı, həmin gün saat üç radələrində mən Tomsen təpəsinə çıxıb, oradakı sınıq-salxaq topun – bu top azı istiqlaliyyət müharibəsi dövründən burada atılıb qalıb – böyründə oturub oyuna baxırdım. Buradan bütün meydança əla görünürdü: hər iki komanda gah bu qapının, gah da o qapının ağzına qaçışırdı. Uşaqlar özlərini tamam hələk eləmişdilər. Tribunalar buradan o qədər yaxşı görünməsə də, oradakıların bağırtısını aydınca eşidirdim. Pensi hücuma keçəndə tribunalar elə bərk uğuldayırdı ki, az qalırdı qulaqlarım tutula, çünki məndən başqa indi bütün məktəb ora yığışmışdı, seksonlular hücuma keçəndə isə elə bil arı vızıldayırdı, axı qonaq komanda həmişə özü ilə çox az adam gətirə bilir.
Adətən, futbola qızlar az gəlir. Yalnız yuxarı sinifdə oxuyan oğlanlara stadiona özləri ilə qız gətirməyə icazə verilir. Nə deyirsiniz, deyin, bu məktəbin qaydaları da özü kimi zırramadır, vəssalam. Mən harada oluramsa olum, qızlarla bir yerdə olmağı xoşlayıram. Lap elə ağızlarına su alıb əlləri qoyunlarında lal-dinməz otursalar da, yaxud dişlərini ağarda-ağarda şit-şit hırıldasalar da, dəxli yoxdur. Təki yanımda qız xeylağı olsun. Qızlardan təkcə Selma Termer –ırıldasalar da, dəxli yoxdur. Təki yanımda qız xeylağı olsun. Qızlardan təkcə Selma Termer –Ancaq o, mənlik deyil, yəni ona baxanda adamın ürəyi axmır. Amma pis qız da deyil. Bir dəfə avtobusda onunla yol yoldaşı olmuşam.
Egerstaundan gəlirdik, yanaşı oturmuşduq. Xeyli söhbət elədik. Xoşuma gəldi. Düzü, bir az uzunburundur, dırnaqlarını da elə çeynəyirdi ki, az qalırdı dibindən qan sızsın. Döşləri yekə görünsün deyə, lifçiyinin altına nəsə qoymuşdu. Nə isə, yaman yazığım gəldi ona. Bir yaxşı cəhəti var idi ki, yol boyu söhbət zamanı atasının gözəl məziyyətlərini gözümə soxmağa çalışmırdı. Yəqin, o zırramanın hansı yuvanın quşu olduğunu özü də çox yaxşı bilir. Stadiona getmək əvəzinə, Tomsen təpəsinə dırmaşıb, oradan oyuna tamaşa eləməyimin səbəbi bu idi ki, qılıncoynadanlar komandasının tərkibində Nyu-Yorkdan təzəcə qayıtmışdım. Mən bu heyvərə komandanın həm də kapitanıydım. Hə, yaman böyük vəzifə sahibiydim. O gün səhər tezdən Nyu-Norka – Mak-Berni məktəbi ilə yarışa getmişdik, amma yarış baş tutmadı, çünki rapiralarımızı, idman formalarını – bir sözlə, bu zirzibillərin hamısını yolda itirdim. Yadımdan çıxıb, metroda, vaqonda qoymuşdum. Günah məndə deyildi. Tez-tez durub vaqonun divarındakı sxemə baxırdım, çünki düşəcəyimiz stansiyanı yaxşı tanımırdıq. Elə ona görə də geri qayıdanda gecikdik, Pensiyə nahar vaxtı əvəzinə, saat üçün yarısında çatdıq. Yol boyu uşaqlar mənim huşsuzluğumu lağa qoyub güldülər. Amma, doğrudan da, gülməli iş idi. Stadiona getməməyimin bir səbəbi də bu idi ki, qoca Spenserlə, tarix müəllimilə görüşüb, onunla
vidalaşmalıydım. Qoca qrip tutmuşdu, ona görə də fikirləşdim ki, bu gün getməsəm, Milad tətili başlananacan onunla görüşməyə fürsət tapmayacağam. Həm də özü xəbər göndərmişdi ki, evə
yola düşməzdən qabaq mənimlə danışmaq istəyir. Bilirdi ki, daha Pensiyə qayıdan deyiləm. Hə, yadımdan çıxdı sizə deyim – axı məni bu andıra qalmış məktəbdən qovublar. Qış tətilindən sonra onsuz da bura qayıtmağımın mənası yox idi, çünki dörd fəndən kəsirim vardı, açığı heç
özüm də baş qoşmurdum. Min dəfə xəbərdarlıq eləmişdilər: çalış, oxu, yoxsa qovulacaqsan.
Rübün ortalarında valideynlərimi də qoca Termerin yanına çağırdılar, yenə mənə təsir eləmədi. Ona görə də dalımdan dəydilər. Ümumiyyətlə, Pensidə yaman çox uşaq qovulur. Çünki burada akademik mənimsəmə faizi çox yüksəkdir, ciddi deyirəm, çox yüksəkdir. Dekabr ayıydı, soyuq adamın iliyinə işləyirdi, illah da bu lənətə gəlmiş təpənin başında.
Əynimdə tək bir gödəkcə vardı, əlcək-zad da götürməmişdim. Bir həftə bundan qabaq dəvə dərisindən olan paltom yataqxanadakı otağımızdan yoxa çıxanda, isti əlcəklərim də paltonun cibində getdi. Bu lənətə gəlmiş məktəbdə oğurluq kefin istəyən qədərdir, baxırsan ki, burada
oxuyanların çoxu kübar ailəsindəndir, di gəl ki, gündə bir şey oğurlanır. Bahalı məktəbin oğrusu da bahalı olur. Zarafatsız. Nə isə, hələ də bu çər dəymiş topun yanında oturub oyuna tamaşa eləyirdim, yançaqlarım soyuqdan buz bağlamışdı. Gözüm stadionda olsa da, fikrim başqa
yerdəydi. Əslinə qalsa, ona görə burada ilişib qalmışdım ki, buradan həmişəlik ayrıldığıma görə bir növ sevinmək istəyirdim. Onu demək istəyirəm ki, neçə məktəbdən, neçə yerdən ayrılmışamsa, heç zaman, heç kimlə vidalaşıb eləməmişəm. Belə şeylərdən zəhləm gedir.
Bu ayrılığın mənim üçün xoş və ya naxoş olacağını heç vecimə də almamışam. Ancaq haçansa haradansa çıxıb getmişəmsə, həmişə buna sevinmək istəmişəm. Yoxsa, adamın kefi lap pozular.
Bəxtim gətirdi. Birdən elə bir şey yadıma düşdü ki, buradan birdəfəlik canımı qurtarmağıma sevindim. Birdən yadıma düşdü ki, ay yarım bundan qabaq – oktyabrda mən, Robert Tiçner və Pol Kembl birlikdə tədris korpusunun önündə top-top oynayırdıq. Əla uşaqlardır illah da Tiçner.
Axşam düşürdü, hava əməlli-başlı qaralmışdı, ancaq biz hələ də öz oyunumuzdan əl çəkmək istəmirdik. Hava lap qaranlıqlaşdı, indi heç topu da seçmək olmurdu, ancaq oyundan heç ayrılmaq istəmirdik. Axır ki, ayrılmalı olduq. Biologiya müəllimi mister Zabesi başını
pəncərədən bayıra çıxarıb üstümüzə acıqlandı, dedi ki, rədd olun yataqxanaya, paltarlarınızı dəyişin, şam yeməyinə hazır olun. Belə şeyləri xatırlayanda, o dəqiqə özünü rahat hiss eləyirsən: yəni buradan çıxıb getdiyin üçün heç təəssüflənməyə də dəyməz. Hər halda, mən həmişə belə bilmişəm. Və buradan həmişəlik canımı qurtarmağıma bir daha əmin olandan sonra geriyə dönüb, yamacla üzüaşağı – qoca Spenserin evinə sarı götürüldüm. O, məktəb korpusunda yaşamırdı. Entoni Ueyn küçəsində olurdu.Bütün yol boyu, əsas giriş qapısına çatanacan dayanmadan qaçdım, sonra ayaq saxlayıb bir dəqiqəliyə nəfəsimi dərdim. Açığını deyim ki, mən tez-tez təngnəfəs oluram. Çünki, birincisi, möhkəm siqaret çəkənəm, daha doğrusu, çəkən idim. Bu sanatoriyada bunu mənə tərgitdirdilər.
İkincisi də, keçən il boyum altı dyüm yarım uzanıb. Yəqin, elə ona görə vərəmə tutuldum və ona görə də məni bu çərdəymiş sanatoriyaya müayinəyə və müalicəyə göndərdilər. Hərçənd ki, sağlamlığıma söz ola bilməz. Bir sözlə, nəfəsimi dərən kimi, təzədən götürüldüm, qaça-qaça küçənin o tayına keçdim. Asfalt buz bağlamışdı, şüşə kimiydi, az qaldı kəllə-mayallaq olam. Nə üçün qaçdığımı heç indi də başa düşə bilmirəm, yəqin ki, xoşuma gəlirdi, onun üçün. Yolu keçən kimi, mənə elə gəldi ki, dərin bir uçuruma yuvarlandım. Çox sərsəm bir gün idi, soyuqdan adamın dişi-dişinə dəyirdi, günəşdən əsər-əlamət qalmamışdı, yəni elə zırrama havaydı ki, hər dəfə yolu keçəndə, elə bil, quyuya düşürdüm.
Off! Axır ki, çatdım qoca Spenserin evinə. Əl atdım zəngin düyməsinə. Əməlli-başlı donmuşdum. Qulaqlarım göynəyirdi, barmaqlarımı güclə tərpədirdim. «Tez olun, açın qapını”, – bərkdən qışqırdım.
– “Kim var orada? Açın qapını!» Nəhayət, missis Spenser gəlib, qapını açdı.
Bunlar qulluqçu-zad saxlamırlar, qapını da həmişə özləri açırlar. Pulları çatmır, ona görə.
– Holden! – missis Spenser dedi. – Xoş gəlmisən! Gir içəri, gir içəri, əzizim! Lap donmusan ki!
Məncə, mənim gəlişim bu qadın üçün, doğrudan da, xoş idi. Məndən çox xoşu gəlirdi. Hər halda,
mənə belə gəldi.
İlahi! Bircə içəri tez keçsəydim.
– Necəsiniz, missis Spenser? – dedim. – Mister Spenser necədir?
– Gödəkcəni ver bəri, – dedi. Deyəsən, o mənim nə soruşduğumu heç eşitmədi. Bir balaca
karlığı vardı.
Gödəkcəmi dəhlizdəki paltar şkafından asdı, mənsə barmaqlarımı daraqlayıb saçıma sığal
çəkdim. Ümumiyyətlə, saçlarımı həmişə qısa vurdururam. Ona görə də çox vaxt heç daramaq da
lazım gəlmir.
– Nə var, nə yox, missis Spenser? – bu dəfə bərkdən soruşdum. O da eşitdi.
– Yaxşıyam, Holden, yaxşıyam! – Şkafın qapısını örtdü. – Bəs sən necəsən?
O saat başa düşdüm ki, mister Spenser hər şeyi buna xəbər verib. Məktəbdən qovulmağımı-
zadı deyirəm.
– Yaxşı, – dedim. – Mister Spenser necədir? Qripi hələ sovuşmayıb?
– Hara sovuşur! Holden, bilirsən, özünü necə pis aparır... Söz də tapmıram deyim... İçəridə, öz
otağındadır, oğlum. Keç içəri.
2.
Hərəsinin öz ayrıca otağı vardı. Hərəsinin yetmiş, yetmişdən çox yaşı olardı. Bir ayaqları gorda
olsa da, hələ də həyatdan doymamışdılar. Bilirəm, belə danışmaq ədəbsizlikdi, amma mən o
mənada demirəm. Yəni demək istəyirəm ki, əvvəllər bu qoca Spenser barədə çox fikirləşmişəm
və onun haqqında bu qədər çox düşündükcə istər-istəməz bu qənaətə gəlirsən: bu adam indən
belə nə üçün yaşayır? Demək istəyirəm ki, beli bükülüb, addımlarını zorla atır, sinifdə isə
vəziyyəti lap pis olur. Sinifdə dərs zamanı hər dəfə tabaşir əlindən yerə düşəndə qabaqda oturan
uşaqlardan biri onu yerdən götürüb qoca Spenserə verməli olur. Məncə, bu, dəhşətdir. Ancaq bir
şey də var. Əgər ona da hamıya baxdığın gözlə baxsan, yəni onun hərəkətlərinə o qədər də çox
diqqət yetirməsən, görərsən ki, özünə görə o qədər də pis qalmayıb. Məsələn, bir dəfə bazar günü
başqa uşaqlarla birlikdə mən də onlara isti şokolad qonaqlığına dəvət olunmuşdum, onda o, bizə
nimdaş bir hindu adyalı göstərdi. Qoca onu missis Spenserlə bir yerdə Yelloustoun Milli
parkında bir hindudan almışdı. Elə bil, kişiyə dünyanı bağışlamışdılar. Mən də elə bunu deyirəm.
Yəni belin bükülə, bir ayağın gorda ola, özü də adi bir nimdaş hindu adyalı almağına uşaq kimi
sevinə biləsən.Onun otağının qapısı açıq olsa da, nəzakət-zad xətrinə qapını tıqqıldatdım. Otağın içi aydın
görünürdü. Bayaq dediyim adyalı başına çəkib, yekə bir dəri kresloda oturmuşdu. Qapını
döyəndə başını çevirdi, mənə sarı baxıb ucadan səsləndi: «Kimdir? Kolfild sənsən? Keç içəri,
oğlum!» – Sinifdən kənarda o, həmişə belə bağırardı. Bəzən bu, adamı lap əsəbiləşdirirdi.
İçəri girən kimi, gəldiyimə peşman oldum, nəyə lazım idi axı. O, «Atlantik mansli» jurnalını
oxuyurdu. Otaq cürbəcür dərman şüşələri və atma həblərlə doluydu. Hər şeydən burun
damcılarının iyi gəlirdi. Lap mütəəssir oldum. Əslində, xəstə adamlara o qədər də ürəyim yanan
deyil. Elə indi də məni mütəəssir eləyən mister Spenserin xəstəliyi deyil, onun əynindəki nimdaş,
cındırı çıxmış xalat oldu, bu xalata baxanda elə bilirdin, zalım oğlu bu cındırı anadan olduğu
gündən bəri heç əynindən çıxarmayıb. Belə ahıl adamları bu cür xalatda, ya pijamada görəndə
ürəyim bulanır. Yaxalığından solğun taqqa sinələri görünürdü. Qıçları da bundan betər. Yəqin ki,
siz də çimərlikdə bu cür solğun, tüksüz qoca qılçalarını çox görmüsünüz.
– Salam, ser! – dedim. – Xəbər göndərmişsiniz, ona görə gəldim. Dəvət etdiyinizə görə çox sağ
olun. – O mənə xəbər göndərmişdi ki, tətilə getməzdən əvvəl ona baş çəkim, onunla sağollaşım.
Çünki yaxşı bilirdi ki, bir də geri qayıdan deyiləm. – Nahaq əziyyət çəkmisiniz, onsuz da özüm
gəlib sizinlə vidalaşacaqdım.
– Keç bura, otur görüm, – qoca Spenser çarpayını göstərdi.
Oturdum.
– Qriplə necəsiniz, ser?
– Bilirsən, oğul, əgər özümü azca babat hiss eləsəydim, həkimə gedərdim, – qoca Spenserin
atmacası özünə yaman xoş gəldi. Dəli kimi uğunub getdi. Axırda birtəhər özünü ələ alıb soruşdu:
– Bəs oyuna baxmağa niyə getməmisən? Axı mən bilən bu gün finaldı.
– Elədir. Mən də oradaydım. Ancaq mən Nyu-Yorkdan təzəcə qayıtmışam. Qılıncoynatma
yarışına getmişdik – İlahi, yorğan-döşək daş kimiydi.
Birdən-birə ciddiləşdi. Özüm bilirdim ki, belə olacaq.
– Deməli, bizdən gedirsən? – soruşdu.
– Bəli, ser. Deyəsən, elədir.
Başladı başını bulamağa. Ömrümdə mister Spenser kimi başını bu qədər çox bulayan adama rast
gəlməmişəm. Heç vaxt da anlaya bilmirsən ki, nə səbəbə belə eləyir: fikrə getdiyinəmi görə,
yoxsa, qocalıqdan ağlı azdığınamı?
– Doktor Termer səninlə nə barədə söhbət elədi, oğul? Eşitdiyimə görə söhbətiniz xeyli uzun
çəkib.
– Elədir, uzun çəkdi. Xeyli danışdı. Bəlkə də, iki saat onun kabinetində oturmalı oldum.
– Axı sənə nə deyirdi?
– Eh... Həyat belə gəldi, oyun belə getdi. Nə bilim, gərək, bu oyunda bütün qaydalara düzgün
riayət edəsən. Avazı yaxşı gəlirdi, içində bir şey yox idi. Elə tutmuşdu ki, həyat oyundur, nə
bilim, gərək, bu oyunda... Özünüz bilirsiniz də.
– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe
olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir.
Söz tapıblar da. Oyundur. Yox bir... Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan
da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda
ip də getdi, it də. Elə şey yoxdu.
– Doktor Termer valideynlərinə yazıbmı bunu? – Qoca Spenser soruşdu.
– Dedi, bazar ertəsi yazacaq.
– Bəs özün? Onlara bildirmisənmi?
– Xeyr, ser. Onlarla danışmamışam, çünki onsuz da evə gedirəm, çərşənbə günü axşam
yanlarında olacam.
– Sən bilən, onlar bu xəbəri necə qarşılayacaqlar?
– Yəqin ki... bərk hirslənəcəklər, – dedim. – Hökmən, hirslənəcəklər. Bununla dördüncü
məktəbdi ki, dəyişirəm. – Başımı buladım. Özü də lap çox buladım. Artıq vərdiş eləmişəm.
Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Bir səbəbi də budur ki, yaşım artsa da, ağlım artmayıb. Onda on altı yaşım vardı, indi isə on yeddidir, amma özümü lap on üç yaşlı uşaq kimi aparıram.
Özü də bu çox gülünc çıxır, çünki boyum altı fut iki düym yarımdır, saçlarımsa əməlli-başlı
ağarıb. Gerçək sözümdür. Başımın bir tərəfi sağ tərəfi təmiz ağappaqdır. Lap körpəlikdən. Ancaq
hələ də hərdən elə hərəkətlər eləyirəm ki, elə bil, on iki yaşındayam. Bunu mənə hamı irad tutur,
illah da atam. Bəlkə də, haqlıdır, amma o qədər də yox. Camaata həmişə elə gəlir ki, hər şeyi
düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə: “Yekə oğlansan, uşaqlıq eləmə,” –
deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, – ciddi
sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç vaxt yaxşı şeyi görmək
istəmir.
Qoca Spenser yenə də başını bulamağa başladı. Bu dəfə həm də burnunu qurdalayırdı. Özünü elə
göstərirdi ki, guya burnunu silir, amma şəhadət barmağını dibinəcən burnunun içinə soxmuşdu.
Bəlkə də, elə bir qəbahət iş görmürdü, çünki otaqda ikimizdən savayı heç kəs yox idi. Mənə nə
dəxli, intəhası burnunu qurdalayan adamdan xoşum gəlmir.
Sonra o dedi:
– Sənin ata-ananla mən də tanışam, bir neçə həftə bundan qabaq doktor Termer onları öz yanına
söhbətə çağırtdıranda görüşmüşük. Çox nəcib adamlardır.
– Əlbəttə, elədir. Nəcib adamlardı.
Nəcib? Ən zəhləm gedən sözdür bu söz. Adam lap iyrənir. Hər dəfə bu sözü eşidəndə ödüm
ağzımdan gəlir.
Birdən qoca Spenserin sir-sifəti elə dəyişdi ki, elə bil, bu saat mənə nə isə şad bir xəbər verəcək,
ağıllı bir söz deyəcəkdi. Kresloda dikəldi, yerini rahatladı. Heç demə, yanılmışam. O, sadəcə
dizinin üstündəki jurnalı qaldırıb, onu mənə sarı çarpayının üstünə tullamaq istəyirdi, amma
bacarmadı. Ikicə dyüm arası vardı çarpayıyla onun, ancaq yenə onu ora ata bilmədi. Özüm durub
jurnalı yerdən götürdüm, çarpayının üstünə qoydum. Və birdən buradan qaçmaq istədim. Hiss
eləmişdim ki, bu dəqiqə uzun-uzadı, zəhlətökən nəsihət dərsi başlayacaq. Əslində, heç vecimə də
olmazdı, amma belə bir otaqda, dərman iyindən boğula-boğula, qoca Spenser də əynində cındır
xalat gözünün qabağında otura-otura sənin başına ağıl qoymağa çalışalar – bax, buna dözməyə
halım yoxdu. Belə şeylər mənlik deyil.
Doğrudan da, belə oldu.
– Sənə nə olub? – qoca Spenser ciddiləşdi. Əvvəllər mən heç vaxt onu bu qədər ciddi
görməmişdim. – Bu rübdə necə fəndən qiymət almısan?
– Beş, ser.
– Beş? Bəs neçəsindən kəsilmisən?
– Dördündən, – istər-istəməz yerimdə qurcalandım. Ömrümdə bu qədər daş kimi bərk döşək üstə
oturmamışdım. – Ingilis dilindən yaxşı çıxdım, – dedim, – çünki “Boevulf” və “Lord Lendal,
mənim oğlum” kimi dərsləri hələ Hutton məktəbindəykən öyrənmişəm. Yəni, burada “Ingilis
dili və ədəbiyyatı” fənninə yalnız inşa tapşırılanda hazırlaşmalı olmuşam.
O heç qulaq da asmırdı. Ümumiyyətlə, başqasının nə dediyinə qulaq asan deyil.
– Mən səni tarixdən ona görə kəsmişəm ki, heç nə öyrənməmişdin.
– Özüm bilirəm, ser. Özüm bilirəm. Sizlik bir iş yox idi.
– Tamamilə heç nə, – bir də təkrar elədi.
Dəli oluram də. Axı bunu bir də təkrar eləməyin nə mənası. Bu, camaatın qanındadır, elə ki,
onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən ləzzət alırlar. O hətta
üçüncü dəfə təkrar elədi:
– Sən tamam heç nə öyrənməmişdin. Mən hətta bütün rüb ərzində sənin tarix dərsliyinin üzünü
bircə dəfə açdığına belə şübhə edirəm. Açmısanmı? Düzünü de, oğul?
– Yox, niyə ki, bir-iki dəfə açıb baxmışam, – dedim. Sadəcə onun xətrinə dəymək istəmirdim.
Çünki bu adam öz fənninin tarixin dəlisiydi.
– Demək, açıb baxmısan, hə? – kinayəli-kinayəli soruşdu. – Sənin imtahan yazı işin odur orada –
şifonerin başındadır. O dəftər qalağının üstündə. Buyur, gətir onu bura.Lap heyvanlıq eləyirdi mənə qarşı, heç hənanın yeriydi? Əlacım kəsildi, durub dəftəri gətirib ona
verdim. Sonra yenə də qayıdıb onun beton çarpayısında oturdum. İndi bura, onunla vidalaşmağa
gəldiyimə görə nə qədər peşman olduğumu heç təsəvvürünüzə də gətirə bilməzsiniz.
O, dəftəri elə bir əda ilə tutmuşdu ki, elə bil, əlindəki dəftər deyil, mal təzəyi, yaxud buna
bənzər bir şey idi.
– Bax, biz noyabrın dördündən dekabrın ikisinə kimi “Misir tarixi” dərsini keçmişik, – dedi. –
İmtahan işi üçün sən özün bu mövzunu seçmisən. Burda yazdıqlarına qulaq asmaq istəyirsənmi?
– Yox, ser. Nəyə lazım? – dedim.
Ancaq yenə oxudu. Bir müəllimin ki ağlına bir şey girdi, onu bu fikirdən daşındırmaq müşkül
məsələdi. Hökmən öz bildiyini eləyəcək.
“Qədim misirlilər qədim Qafqaz irsinə mənsub olub, Afrikanın şimal əyalətlərində yaşamışlar.
Afrika isə, biz bildiyimiz kimi, Şərq yarımkürəsində ən böyük qitədir.”
Mən yazıq indi bu cəfəngiyata axıracan qulaq asmağa məhkum idim. Mənə qarşı bundan
böyük qanacaqsızlıq olmazdı.
“Misirlilərin həyatı bu gün bizim üçün bir çox səbəblərə görə maraqlıdır. Müasir elm qədim
misirlilərin öz ölülərini basdırmazdan əvvəl necə mumiyaladıqlarını və bu yolla onların əsrlər
boyu öz sir-sifətlərini olduğu kimi, saxlamağa necə nail olduqlarını izah etməkdə hələ də acizdir.
Bu qəribə müəmma iyirminci əsrdə də müasir elmdə tapmaca kimi qalır”.
O susdu, dəftəri yerə qoydu. Artıq ona əməlli-başlı nifrət eləməyə başlamışdım.
– Bu da sənin inşan, o elə buradaca bitir. – O, kinayə ilə əlavə etdi. Bir ayağın gorda ola, özün
də bu qədər acıdil olasan! – Hələ səhifənin sonunda, mənə kiçik bir qeyd də yazmısan, – dedi.
– Özüm bilirəm. Yazmışam, – dedim. Özü də bunu elə cəld dedim ki, heç olmasa, bu qeydi
oxumağa ona imkan verməyim. Amma onu saxlamaq çətin idi, yaman cuşa gəlmişdi.
«Hörmətli mister Spenser! – O, ucadan oxudu – Misirlilər haqda bildiklərim bundan
ibarətdir. Sizin mühazirələriniz çox maraqlı olsa da, bu misirlilər məni o qədər
maraqlandırmır. Siz bu inşaya görə məni kəsməli olsanız, bunu o qədər də
ürəyinizə salmayın. Onsuz da “Ingilis dili və ədəbiyyatı”ndan başqa, bütün fənlərdən
kəsilmişəm. Sizə böyük hörmət bəsləyən Holden Kolfild».
O, bu çərdəymiş dəftəri bir yana qoyub məğrur-məğrur üzümə baxdı, sanki, indicə məni pinqponq oyununda-zadında udmuşdu. Onun bu cəfəng yazıları ucadan və kinayə ilə oxumasını
ömrüm boyu ona bağışlamaram. Əgər o özü belə bir şey yazmış olsaydı, mən bunu heç
vaxt onun üzünə vurmazdım, bu cür kinayə ilə oxumazdım. Vallah, oxumazdım. Axı mən
bu andıra qalmış qeydi ona görə yazmışdım ki, məni kəsəndə ürəyi ağrımasın.
– Səni kəsdiyim üçün məni təqsirkar sayırsanmı, oğul?
– Xeyr, ser. Allah eləməsin, – dedim. Barı, dəqiqəbaşı “oğul” deməyəydi.
Dəftəri çarpayının üstünə tulladı, ancaq bu dəfə də düz ata bilmədi. Yenə ayağa durub dəftəri
yerdən götürdüm, jurnalın üstünə qoydum. Dəqiqəbaşı durub-oturmaqdan lap təngə gəlmişdim.
– Sən mənim yerimdə olsaydın, neyləyərdin? – dedi. – Amma düzünü de, oğul.
Görünür, məni kəsməyinə pərt olmuşdu. Ancaq özümü o yerə qoymadım, başladım girişməyə.
Dedim ki, mən, həqiqətən, korazehin adamam, beynimə heç nə girmir. Onun yerində olsaydım,
mən də elə onun kimi hərəkət eləyərdim. Və hamı elə bilir, müəllimlik asan işdir və sair və
ilaxır. O ki var gopladım.
Ancaq məzə burasındaydı ki, dilimə güc versəm də, fikrim tamam ayrı yerdəydi. Mən özüm
Nyu-Yorkda yaşayıram. Və elə bu anda Mərkəzi park, onun cənub girəcəyindəki göl yadıma
düşdü. Fikirləşdim ki, görəsən, mən evə qayıdanacan o göl başdan-ayağa donacaqmı, əgər
donacaqsa, bəs onda oradakı ördəklər necə olacaq? Heç cür ağlıma gətirə bilmirdim ki, göl tamam donub buz bağlayandan sonra ördəklər hara gedə bilər? Bəlkə, kimsə yük maşınında gəlib
onları zooparka-zada aparır? Bəlkə də, özləri başqa yerə uçub gedirlər?
Deyəsən, mənimki pis gətirmir. O mənada ki bir yandan qoca Spenserə gopa basıram, o biri
yandan isə ördəklərin fikrini çəkirəm. Gülməli işdir, eləmi? Belə çıxır ki müəllimə hesabat
verəndə beynini əziyyətə salmasan da olar.
Birdən sözümü kəsdi. Bu qoca qəribə adamdı, həmişə adamın sözünü ağzında yarımçıq qoyur.
– Bəs sən özün bu haqda nə fikirdəsən, oğul? Bunu bilmək mənim üçün çox maraqlıdı. Çox.
– Mənim Pensidən qovulduğumu deyirsiniz? – soruşdum. Barı çılpaq sinəsini örtəydi. Adamın
lap ürəyi bulanır.
– Səhv eləmirəmsə, elə Huttonda da, Eklton-Hillzdə də sən bu cür çətinliklərlə üzləşmisən. – Bu
dəfə onun dilindən nəinki kinayə, lap zəhrimar yağırdı.
– Eklton-Hillzdə elə bir çətinliyə düşməmişdim, – dedim ona. – Orada məni kəsən-zad
olmamışdı. Sadəcə, özüm çıxmışdım oradan.
– Soruşmaq olarmı niyə?
– Niyə? Bu, çox uzun əhvalatdır. Həm də çox qəliz məsələdir. – Hər şeyi olduğu kimi, təzədən
ona danışmağa həvəsim yox idi. Onsuz da başa düşməyəcəkdi. Bu, onun xörəyi deyildi. Başlıca
səbəb bu idi ki, oradakıların hamısı bədniyyət adamlardı. Vəssalam. Vitrinlərdə saxlanan
manekenlər kimi. Məsələn, elə onların direktoru mister Haası götürək. Ömrümdə onun qədər
riyakar adama rast gəlməmişəm. Mister Termer onun yanında toya getməlidi. Məsələn, bazar
günləri valideynlər öz uşaqlarını görməyə gələndə bu Haas dediyim onlarla əl tutub görüşərdi.
Özünü elə mehriban, elə qayğıkeş göstərərdi ki, deyirdin, bundan yaxşısı tapılmaz. Amma vay o
şagirdin halına ki, valideynləri kasıb olaydı. Kaş siz onun mənim otaq yoldaşımın ata-anası ilə
necə görüşdüyünü öz gözlərinizlə görəydiniz. Onu demək istəyirəm ki, əgər birinin anası
gombuldursa, yaxud paltarı dəbə uyğun-zad deyildisə və ya birinin atası çiyinləri enli kostyum
geyibsə, ayağındakı ayaqqabılar isə dəbdən düşmüş, burnu enli ayaqqabılardırsa, onda bu Haas
dediyim onlarla ağızucu salamlaşar, azca dişlərini ağartmaqla kifayətlənərdi. Amma varlı-karlı
valideynlərlə düz yarım saat şirin-şirin çənə vurardı. Mən belə şeylərə dözən deyiləm. O saat
özümdən çıxıram. Hirsimdən az qalıram, dəli olam. Nifrət edirəm o Eklton-Hillzə.
Qoca Spenser yenə də nə isə soruşdu, amma eşitmədim. Hələ də fikrim o murdar Haasın
yanındaydı.
– Nə dediniz, ser? – soruşdum.
– Pensini tərk etdiyinə görə, heç olmasa, təəssüflənirsənmi?
– Əlbəttə. Əlbəttə, təəssüf edirəm, amma... o qədər də yox. Hələ yox. Yəqin ki, bir müddətdən
sonra mənə təsir edəcək. Vaxt lazımdır buna. Mən indi ancaq çərşənbə günü evimizdə olacağım
barədə düşünürəm. Gönüqalınlıqdandı, yəqin.
– Doğrudanmı, sən öz gələcəyin barədə heç nə fikirləşmirsən?
– Niyə ki aradabir fikirləşirəm. Əlbəttə, fikirləşirəm. – Bir anlığa bu barədə fikrə getdim. –
Ancaq o qədər yox. O qədər də yox, məncə.
– Fikirləşəcəksən! – Qoca Spenser hökm verdi. – Hökmən, fikirləşəcəksən. Ancaq onda çox gec
olacaq.
Bu sözləri eşitmək heç xoşuma gəlmədi. Bu, niyə belə danışır. Bəyəm ölmüşəm, nədir? Çox pis
təsir elədi mənə.
– Hökmən, fikirləşərəm, – dedim.
– Bilmirəm, sənin başına necə ağıl qoyum. Mən sənə kömək eləmək istəyirəm, oğul! Məni
düzgün başa düş. İmkanım daxilində kömək eləmək istəyirəm.
Doğru deyirdi. Özüm hiss elədim. Ancaq biz ayrı-ayrı qutblərdə dayanmışdıq, vəssalam.
– Bilirəm, ser – dedim, – bunun üçün sizə çox-çox təşəkkür edirəm. Zarafatsız. Qiymətli
sözlərdir. Gerçək sözümdür. – Dedim və oturduğum yerdən qalxdım. Başımın üstündə lap
əlisilahlı dayansaydılar belə, məni bu daş kimi çarpayıda onca dəqiqədən artıq oturmağa məcbur
edə bilməzdilər. – Təəssüf ki, indi getməliyəm. Şeylərimin çoxu idman zalında qalıb, hələ gedib
onları da götürməliyəm. Evdə lazım olacaq mənə. O başını qaldırıb üzümə baxdı. Sonra yenə başsnı bulamağa başladı. Sifəti daha da ciddiləşdi,
kövrəldi. Birdən-birə yaman yazığım gəldi ona. Ancaq ömrüm boyu onun böyrünü kəsdirib qala
bilməzdim ki? Özü də bu vəziyyətdə – hərəmiz bir qütbdə dayana-dayana. Axı hər dəfə əlindəki
jurnalı ikicə addım aralıdakı çarpayının üstünə ata bilməyən, köhnə, kirli xalatının açıq
yaxasından çılpaq sinəsi görünən əldən düşmüş bir qocayla, bu cür dərman iyi verən bir otaqda
bundan artıq necə qalaydım?!
– Qulaq asın, ser. Mənə görə narahat olmayın, – dedim. – Doğru sözümdür, hər şey yaxşı olacaq.
İndi mənim yaşımın elə vaxtıdır ki, belə də olmalıdır. Keçid dövründə hamı belə olur. Elə
deyilmi?
– Bilmirəm, oğul. Bilmirəm.
Cavab vermək əvəzinə, bu cür donquldananda lap ətim tökülür.
– Olan şeydi. Kimin başına gəlməyib ki, – dedim. – Xahiş edirəm, mənə görə çox narahat
olmayın. – Əlimi onun çiyninin üstünə qoydum. – Yaxşımı? – Dedim.
– Yolüstü, bəlkə, bir fincan isti qəhvə içəsən? Missis Spenser məmnuniyyətlə...
– İçərdim, hökmən, içərdim, amma gecikirəm. Mən hələ idman zalına qayıtmalıyam. Çox sağ
olun. Təşəkkür edirəm.
Sonra bir-birimizin əlini sıxdıq. Əlbəttə, ona dediklərimin hamısı gop idi, amma, nədənsə yaman
mütəəssir oldum.
– Yazacağam sizə, ser. Qriplə ehtiyatlı olun, yaxşımı?
– Əlvida, oğul.
Qapını örtdüm. Nahar otağından keçəndə arxamca nə isə qışqırdı, ancaq yaxşı eşidə bilmədim.
Güman ki: “Yaxşı yol” – deyə çığırdı. Bəlkə də, yox. Yəqin ki, yox. Mən heç kimin arxasınca:
«Yaxşı yol» – deyə çığırmazdım. Əslinə qalsa, çox sarsaq adətdir.
davamı var