“İqtidar da söyür, biz də...” - IV Hissə

iqtidar-da-soyur-biz-de-iv-hisse-
Oxunma sayı: 915




“Qafqazinfo” Azərbaycan Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin 2010-cu ilin parlament seçkilərindən sonra öz partiyadaşlarına ünvanladığı şok müraciətini əldə edib. “Niyə məğlub oluruq?!” başlığı ilə edilən müraciət bütün ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılancaq məqamlarla zəngindir. Müraciətdə ilk dəfə olaraq, ölkədə real siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, dini durum və digər həssas məqamlar tam çılpaqlığı ilə təsvir edilir. Əlavə şərh vermədən yazının sonuncu hissəsini təqdim edirik.


Əvvəli BURADA

Təəssüflə qeyd etmək istərdim ki, mövcud Azərbaycan müxalifətinin böyük əksəriyyəti 1992-1993-cü illərdə demokratik hakimiyyət dövrü hesab edilən zamanlarda vəzifə başında olub, sonra bu iqtidar tərəfindən devrilib, illər keçdikcə arzu etdikləri hakimiyyəti qura bilmədikləri və ya mübarizələri nəticəsizliklə sonuclandığına görə indiki iqtidara oxşamağa başladılar. Mahiyyətcə kommunist olmayanlar iqtidarın kommunist sayağı idarəçiliyini iqtidarı qorumağın tək yolu hesab etməyə başladılar. Təbii ki, belə düşüncənin formalaşmasında mövcud iqtidarın hakimiyyətini bu sayaq idarəçiliklə uzun illər qorumasının da əhəmiyyətli rolu oldu.

Müxalifət düşərgəsində olan bu totalitar düşüncə ilə demokratik cəmiyyət qurmaq mümkünsüzdür. Demokratiyanın birinci şərti düşüncədir. Biz ilk növbədə düşüncə, fikir, yanaşma etibarı ilə fərqli olan insanları sıralarımıza cəlb etməyi və ya onlarla bir sırada durmağı bacarmalıyıq. Belə insanlar siyasətə gəlməyənə qədər demokratik cəmiyyət quruculuğu prosesi başlamayacaq. Bir tərəfdə mövcud iqtidar – onun kimi düşünməyənləri, hadisələrə onun pəncərəsindən baxmayanaları vətən xaini adlandıran hakimiyyət, digər tərəfdə eyni düşüncəli müxalifət - iqtidarı və onun fikrini dəstəkləyənləri satqın, işbirlikçi elan edən qüvvə. Bu yanaşma ortada olduqca Azərbaycan dəyişməyəcək.

Seçici, ziyalı, gənclik tükü tükdən seçə bilir. Hakimiyyət dəyişikliyi ilə bağlı seçici qarşısında aparılan təbliğat və çıxışlardan sonra ən çox səslənən fikir – “guya başqası gəlsə nə edəcək” – kimi ironik sualdır. Bu sualı doğuran səbəb isə müxalifətlə iqtidarın mahiyyətcə oxşarlığıdır. Biz iqtidara oxşamağı tərgitməliyik – zahirən və daxilən. İqtidar da söyür, biz də, iqtidar da barmaq silkələyir, biz də, iqtidar da beynəlxalq təşkilatların üzərinə gedir, biz də, onlar da öz daxilində fərqli düşüncəyə düşmən kimi baxır, biz də, görün nə qədər oxşarıq? Fərqlərimiz də var, təbii ki… Amma heç kim təminat vermir ki, əlimizdə hakimiyyət olarkən bu fərqlər dərhal aradan qalxaraq bizi mövcud iqtidarın eynisi etməyəcək? Hələ ortada olan qüvvələrin əksəriyyətinin üzərində uğursuz hakimiyyət damğası var ikən (1992-1993-cü illər)…

Mövcud müxalifət qüvvələrinin böyük əksəriyyətinin iqtidara oxşadığını qeyd etdim. Qeyd edilməli məqamlardan biri də müxalifət qüvvələrinin də artıq kifayət qədər yaşlanması, çevik, ardıcıl və ümidli siyasət sərgiləməməsidir. Adını çəkmək istəmədiyim kifayət qədər müxalifətçi dostlarımız var ki, onlar artıq təqaüdə necə gedəcəklərini düşünürlər. Həm bu düşüncənin ortada olması, həm də dəyişən dünyada özlərini dəyişə bilməyən qüvvə halında qalmaları müxalifətin demokratik proses başladacağına ümidi tam öldürür. Elə iqtidar da müxalifətin bu zəif nöqtələrini görərək klassik müxalifəti səhnədən getməyə qoymur, siyasi vitrini mövcud müxalifət qüvvələrinin içərisindən çıxarılan qüvvələrlə bəzəməyə çalışır. Əvəzində siyasətə müstəqil və ya ictimai təşkilatlar, sosial şəbəkələr vasitəsi ilə daxil olan gəncləri, yeni simaları əzir, onlarla daha amansız davranır.

Sadaladığım məqamlar bir daha göstərir ki, sıralarımıza prosesi apara bilən yeni düşüncə sahiblərini cəlb etməkdən başlamalıyıq. Cəlbetmə məsələsi gündəmə kimi heç kəs yuxarıda qeyd etdiyimiz ideoloji hərəkat modelinin ortaya gətirilməsini şərt kimi irəli sürməsin.

Hakimiyyətdə olan qüvvələr ona qarşı olan bizləri ona görə prosesdən uzaqlaşdırmağa, əzməyə, sıradan çıxarmağa çalışmır ki, Azərbaycanı bizdən çox sevirlər və ya Vətənə bizdən daha çox bağlıdırlar. Sadəcə ona görə ki, şəxsi həyatlarının komfortunu məhz oturduqları kürsünün onlara verdiyi qanuni və qeyri-qanuni imkanlarından təşkil edə biliblər. Demək şəxsi komfortları naminə hamımızı əzirlər. Biz də iddia etsək ki, siyasətə gəlişimizin tək səbəbi ictimai maraqlardır, səmimi olmarıq. Hər birimiz həm də hakimiyyətin verdiyi qanuni üstünlüklərlə öz şəxsi həyatımızı daha yaxşı qurmaq niyyətindəyik. Bugünkü vəziyyətdə bizə elə gəlir ki, biz daha vicdanlı və qanuni şərtlərlə Azərbaycanın maraqlarını, həmçinin öz şəxsi istəklərimizi gerçəkləşdirə bilən hakimiyyət qura bilərik. Demək, hakimiyyətə gəlmək üçün ardıcıl və davamlı, dözümlü və dayanıqlı, o cümlədən maraqlarını siyasət vasitəsilə gerçəkləşdirmək istəyən insanları tapmalıyıq. Bunların sayı hərəkat və ya təşkilatın gücünü göstərəcək qədər olmamalıdır. Bu say ən yaxşı halda qanunverici orqanın sayı (+ 25 nəfər = 150 nəfər) qədər olmalıdır. Bu gün biz (125+25 nəfər) Respublikanı idarə etməyə, demək, həm də siyasət vasitəsi ilə şəxsi həyatını təmin etmək istəyən – istəkli və ardıcıl olan, düşüncə etibarı ilə bu iqtidara və müxalifətin əsas hissəsinə oxşamayan iddialı siyasi liderlər (bu ifadəyə aydınlıq gətirəcəm) ortaya çıxara bilməyəcəyiksə, deməli hakimiyyətə gəlmək və ya uğur qazanmaq sadəcə bir illüziyadır. Əziz partiyadaşlar, sizi inandırım ki, bu say o qədər də çox deyil. Biz israrlı axtarışa başlasaq çox qısa bir zamanda ən azı bu sayın yarısı – məhz düşüncə fərqi və siyasi iddiasını gerçəkləşdirmək naminə ardıcıl olan siyasi adamlardan söhbət gedir - ilə yeni proses başlaya bilərik. Biz məcbur deyilik ki, ümumi ifadə etdiyimiz sayı toparlayıb sonra prosesə başlayaq. Mövcud olanlarla belə bu prosesə yanvar ayının 1-dən etibarən başlamaq lazımdır. Bu gün ən azı 20 nəfər – demək həm də 20 dairə - bu prosesi başlaya bilər. Biz inandığımız yolu uğurla qət etməyə başlayıb, onun nəticələrini cəmiyyətə və partiyadaşlarımıza göstərə bilsək çox yaxın zamanlarda sıralarımız genişlənəcək. Nizamnamə prinsiplərinə uyğun olaraq mövcud partiya strukturları saxlanılmaqla dairə rayonlarının qurulması xətti götürülməli, dairə, məntəqə komissiyaları da məhz həmin prinsiplə formalaşdırılmalıdır.

Növbəti Parlament seçkilərinə qədər bir dairədə 5 il ardıcıl işləməyi bacarmalıyıq. Qarşıda 3 il seçkisiz dövr var. Ərazimizdə insanları qruplara bölərək – rayonlarda tayfalara – onların maraqlarını öyrənməliyik. Biz ümid etməməliyik ki, seçici iqtidarı sevmədiyi və onun problemlərini həll etmədiyi üçün bizdən başqa kimsəyə səs verməyəcək. Qəbul etməliyik ki, seçici, sadəcə, seçkini boykot edə bilir – təbii ki, narazı təbəqə. Hakimiyyət onun olan, aldada bildiyi, cari maraqlarını təmin etdiyi seçicisini seçkiyə gətirə bilir. Bizim narazı protest elektoratı hesab etdiyimiz seçici isə sadəcə heç kimi seçməyə həvəs göstərmir. Əvvəlki illəri misal gətirib də düşüncələrimizi qarışdırmayaq. Məsələn: 2000-2003-cü illərdəki vətəndaş aktivliyini. O dövrdə vətəndaş aktivliyi seçki günü seçicinin səsverməyə gəlişi ilə ölçülürdü. Bu sadəcə vətəndaşın üzərinə düşən vəzifəni yerinə yetirməsi idi. Bununla yanaşı, siyasi təşkilatlar, namizədlər və onların komandası vətəndaşla bərabər, öz üzərinə düşəni yerinə yetirə bilmədi. Hakimiyyətin mahiyyəti bizə bəllidir. Seçkini saxtalaşdırmaq üçün bütün çeşidli variantlardan – ağla gələn və gəlməyən – istifadə edir. Siyasi təşkilatlar heç bir zaman iki işi paralel görməyə özlərini hazır hesab etməmişlər. Bunun nəticəsində də biz bir cəbhədə udanda, digər sahədə hakimiyyət bizi diqqət etmədiyimiz yerdə udub. Elə 2003-cü ildə ortada hər cür qalibiyyət görünürkən məntəqə və dairələrdə müşahidə missiyasını çox zəif yerinə yetirə bildik. Bakıda və iri şəhərlərdə təşkil etdiyimiz müşahidələr kütləvi olmadı. Kənd rayonlarında isə azsaylı partiya üzvlərimizdən başqa heç kim bu missiya üçün sıralarımıza qoşulmadı. Müşahidə missiyasını yerinə yetirəcək üzvlərimiz isə ya əvvəlcədən polis nəzarətinə götürüldü, ya da qorxudularaq prosesdən çəkindirildi. Çox azsaylı müşahidəçilərimiz isə seçkidən dərhal sonra yaşadıqları ərazini hakimiyyət nümayəndələrinin təzyiqi nəticəsində tərk etməli oldular.

Biz prosesi birtərəfli apardıq. Çağırışlarımız daha çox səsvermədən sonra səsləri məntəqə qarşısında, sonrakı gün də meydanlarda qorumaq xarakterli daşıyırdı. Hüquqi sənədlərin əldə edilməsi, seçki nəzarətinin həyata keçirilməsi istiqamətində kütləviliyi təşkil etmək qədər iş görmədik. Seçkini həm kütləvilik, həm də hüquqla udmağı bir strategiya kimi qarşımıza qoya bilmədik.

2003-cü ildə Azərbaycandan az sonra hakimiyyət dəyişikliyi yaşayan Gürcüstan, 2004-cü ildə Ukrayna müxalifəti seçkidən öncə bizim kimi kütləvilik nümayiş etdirə bilməsələr də, seçkinin nəticələrinin hüquqi sənədlərlə tanınması və müşahidə missiyasını həyata keçirmək baxımından mütəşəkkil bir sistem təşkil etmişdir. Hüquqi sənədlər əldə edilən kimi də xalqın kütləviliyini təmin edən proses başladılar. Bizdə vəziyyət bir qədər başqa olsa da, prosesi həmin məcraya yönəltmək üçün kifayət qədər imkan var idi. Əziz partiyadaşlar, iddia etməyək ki, Azərbaycan polisi, seçki müşahidəsi həyata keçirərkən kütləvi saxtakarlığa etiraz edən müşahidəçiləri seçki məntəqəsindən qovur, həbs edir, protokol tərtib edib prosesdən uzaqlaşdırır. Təbii ki, belə hadisələr demək olar hər dairənin ərazisində baş verir. Amma hər məntəqədə olmur. Olsa-olsa bir dairənin ərazisində cəmi bir neçə məntəqədə bizim aktiv müşahidə missiyamız təşkil olunur. Əgər qalib gəlmək istəyən namizəd hər dairədə və ya məntəqədə, sonra da Respublikada onun namizədliyi üçün prosesə qoşulan bir faiz seçici tapa bilmirsə, qalibiyyət xülyadır. Əgər biz dairə ərazisində qələbəmizin qorunması üçün 1% aktiv vətəndaş (seçici sayının bir faizi nəzərdə tutulur) tapıb onu ya sıralarımıza cəlb edə, ya da təəssübkeşimizə çevirib müşahidə missiyamızda mövqe sərgilədə bilmiriksə, nəyə ümid edirik?? Hakimiyyətin mahiyyəti və seçki saxtakarlığı bəlli ikən onu insanların vasitəsi ilə durdurmağın yollarını düşünməliyik. Bir dairədə orta hesabla 40-45 min seçici, 25-30 məntəqə var. Hər məntəqədə 15 nəfər müşahidə missiyası həyata keçirən tərəfdaşımız olsa, seçkinin nəticələrini orada dəyişmək elə də asan deyil. Əziz dostlar, hələ hakimiyyət nümayəndələri anlasa ki, bu bir məntəqəni deyil, dairə ərazisini deyil, bütöv Respublikanı əhatə edir, onda nəticələrə müdaxilənin nə ilə sonuclanacağını təxmin etməyə bilməz. Onu da nəzərdən qaçırmamalıyıq ki, məntəqə üzvləri və sədrləri də bu hakimiyyəti cani-dildən sevən insanlar deyil. Onlar da heç saxtakarlıq etməyə o qədər də həvəsli deyillər. Müqavimət olmadığı üçün hakimiyyətin sifarişlərini yerinə yetirməyə razı olurlar. Əgər kütləvi müşahidənin olduğunu bilsələr, təbii ki, onlar da bütövlükdə olmasalar da üzvlərinin bir qismi ilə seçki saxtakarlığına qarşı çıxarlar. Demək, həm də məntəqə üzvləri mövqe nümayiş etdirməyə hazır duruma gələr. Müqavimət bir müstəvidən digərinə keçə bilər. Bu da saxtakarlığa ümid edən hakimiyyət üçün yaxşı sonluqla nəticələnməz. 2009-cu ilin referendumunu müşahidə edən müxalifət nümayəndələrinin rəsmi sayı bütün respublika üzrə heç 300 nəfər deyildi. Xatırlatmaq yerinə düşər ki, Respublika üzrə məntəqələrin sayı 5500-ə yaxındır. Unutmayaq ki, istənilən seçkidə namizəd təkcə bizim partiyadan olmayacaq. Demək, müşahidə üçün əlavə qüvvələr də ortada olacaq. Biz indiyə qədər partiya strukturları vasitəsi ilə seçki marafonunu aparmaqda maraqlı olmuşuq. Söhbət təbii ki, ümumi seçki strategiyasından gedir. Amma heç bir araşdırmaq istəməmişik ki, bizim güvəndiymiz yerli strukturlarımızın bəzilərinin istək və maraqlarının sərhədi harada başlayıb, harada qurtarır. Kimin ali məqsədi icra strukturlarından torpaq almaq, kimi dairədə təmsil olunmaq, kimi bu seçki marafonunda həyat şəraitini yaxşılaşdırmağı düşünür. Göstərdiyimiz istəklər təbiidir. Elə yuxarıda da qeyd etmişdim ki, biz siyasətdə təkcə ictimai maraqlar naminə deyilik. Amma qəbul edək ki, bir iddialı partiyanın bölgədəki marağını da fərdlərin xırda ehtiyaclarına qurban vermək ciddi xəyanətdir. Təəssüf ki, uzun illərdir siyasi partiyalarda buna yaxın proses gedir. Bu proses durdurulmalıdır. Yəni yuxarıda bəhs etdiyim yerli iddialı liderlər ortaya çıxarılmalıdır. Düşüncə, fikir fərqi ilə yanaşı prosesə cəlb edəcəyimiz insanlarda və həmçinin özümüz də regionun iddialı lideri keyfiyyətləri də olmalı və ya onu formalaşdırmalıyıq. Təkcə yerli partiya strukturlarının ümidinə qalsaq qalibiyyətə həsrət komanda təsiri bağışlayacağıq. Heç bir rayon strukturunu aşağılamaq niyyətində deyiləm. Amma onu qeyd etməyi vacib və gərəkli bilirəm ki, yerli təşkilat rəhbərlərinə təzyiq və təsirlər, o cümlədən maraq və şirnikəndirici təkliflər mövcud iqtidar tərəfindən çox asanlıqla həyata keçirilən bir xəttə çevrilir. Uzağa getməyək, bələdiyyə seçkilərində sərgilədiymiz xətt demokratik ölkələrdə bəlkə də uğura yaxın bir sonuc gətirə bilərdi. Amma Azərbaycanın bugünkü siyasi-psixoloji reallıqları ilə bizim bələdiyyə seçkiləri hazırlığımız heç də uğur yox, əksinə bir az da xəyal qırıqlığı gətirdi. Bunu da istərdim xüsusi qeyd edim, hakimiyyətin basqısı nəticəsində namizədlərimizin geri çəkilməsi bizi yalnız iqtidarın mahiyyəti baxımından ciddi düşünüb “nəticə” çıxarmağa sövq etdi – bu iqtidarla mümkün deyil nəticəsi… Heç düşünmək istəmədik ki, belə partiya strukturu və namizdələrlə də mümkün deyilmiş. Nəticə olaraq iqtidarın dəyişməli olduğu qənaətini dönə-dönə qeyd etdik. Amma heç vurğulamadıq ki, iqtidarı dəyişmək üçün mütləq onu dəyişməyə iddialı, səbrli, dözümlü və ardıcıl olan insanlar tapmalıyıq – yəni iqtidarı dəyişməyə cəhd etməyən, namizəd olmayan, mübarizə aparmayan adamlarımızı dəyişək. Rayon rəhbərliyi bələdiyyə seçkilərində iştirak etmir, parlament seçkilərinə qatılmır – bəs niyə siyasətdədir? Iddiası nədir? Siyasətdən, partiyadan, bizdən nə istəyir? Bu təbii ki, həm də partiyanın daha yuxarı struktutlarında təmsil olunan şəxslərə də şamil oluna bilər. Ona görə qeyd etdim ki, dairələr üzrə iddialı liderlər prosesə başlamalıdır. Sədr olaraq mən 2008-ci ildə prezident, 2009-cu ildə bələdiyyə, 2010-cu ildə isə deputat olmağa iddia qoya bilmirəmsə – söhbət hər seçkidə namizəd olmaqdan getmir – partiya və ümumi xətt məndən fayda götürə bilməz. Əgər mən 2008-ci ildə prezident seçkisinə qatıldımsa, 2009-cu ildə Xətai rayon ərazisində bələdiyyə seçkilərində birbaşa maraqlı, 2010-cu ildə isə deputat seçiləcəyim dairədə lider olmağı bacarmalıyam. Partiya da məndən əslində, bunu sormalı və hesabat istəməlidir. Biz isə sədr, müavinlər, şöbə müdirləri səviyyəsində ümumi iş apardığımızı imitasiya edərək məsuliyyəti ya ictimai-siyasi-psixoloji vəziyyətin, ya da çox az imkanlara malik yerli strukturların, ən sonda isə qeyri-demokratik iqtidarın üzərinə qoymaqla işimizi bitmiş hesab edərək iqtidarın antidemokratikliyindən ağız dolusu danışırıq. Partiya üçün bu mərhələ bitməlidir.

2011-ci ildə yeni təşkilatlanma mərhələsi başlamalıyıq. İlk növbədə, prosesdə iştirak etmək istəyənlər iddialarını və bölgələrini dəqiq, aydın ifadə etməlidirlər. Bölgədə isə konkret seçki dairəsi hədəf kimi götürülməli, partiyanın ümumi işini davam etdirməklə yanaşı, hər kəs özünü bir dairənin liderinə çevirməyi bacarmalıdır. Onsuz da partiyada tutduğumuz vəzifənin böyük ağırlığı yoxdur.

Dairəsindən seçilən şəxs nədən başlamalıdır?

İlk növbədə dairəni niyə seçdiyini aydın bilməlidir. Doğulduğu ərazi, yaşadığı yer, regional baxımdan bağlılığı və s. Namizədin prioritet verdiyi səbəblər olmalıdır. Dairəni seçdikdən sonra namizəd ərazisini çox detallı, tam şəkildə incələməlidir. Regionun əhali tərkibi, təhsil səviyyəsi, sosial durumu, yerli sakinlərin üstünlük verdiyi dəyərlər, milli və etnik tərkibi, yerli və gəlmə olması kimi önəmli xüsusiyyətlər namizəd olmaq istəyən şəxs tərəfindən ilk növbədə araşdırılmalıdır. Saydığım xüsusiyyətlərdən başqa digər özəlliklərlə də rastlaşa bilərik. Onlar da nəzərdən yayınmamalıdır. Bəlkə ilk anda kimlər üçünsə saydığım parametrlər bir qədər mənasız və bəsit görünər. Çünki biz narazı elektoratın səsini almaq istəyirik. Xalqın böyük əksəriyyəti isə bu iqtidardan çox narazı görünür. Belədə isə ümummüxalifət kontekstində narazı təbəqəni bu iqtidara qarşı səfərbər edib səsləri qazanmaq daha asan variant deyilmi? Mənə elə gəlir ki, ümummüxalifət kontekstindən yanaşma adı altında bir siyasət sərgiləsək şəxsi problemlərini həll etmək istəyən seçicini yenə də itirəcəyik. Seçiciyə nə verəcəyik sualı hər an bizi düşündürən sual olmalıdır. Elə vətəndaşlarımızın da böyük əksəriyyəti “mənim xeyrim nə olacaq?” sualına cavab tapmaq istəyidir. Misallara keçsəm bəlkə daha asan anlaşılan dildə cavab vermiş olaram. Sabirabad rayonundan (63 saylı) namizəd olan şəxs təbii fəlakətin yaratdığı problemləri bütün dairə ərazisinə şamil edib də səs qazana bilməz və ya regional tərkibə görə 48-53-cü illərdə bu ərazidə məskunlaşmış Ermənistanlılarla Şamaxıdan gələnlərdən standart yanaşma ilə səs almaq olmaz. Hökmən fərqli yanaşma tələb olunur. Əgər onlardan biri bazara pambıq, biri qarpız, biri çiyələk, digəri ayrı məhsul çıxarırsa, hökmən yanaşma da fərqli olmalıdır. Və yaxud 46 saylı Şirvan dairəsində Ermənistanlılar, şirvanlılar, cənublular yaşayırsa hər birindən eyni yanaşma ilə səs almaq çox çətin görünür. Cənublular Ağsaqqal prinsipi ilə hərəkət edirlərsə, Ermənistanlılar yerliçilik, Şirvanlılar isə daha çox problemə baxışa görə namizədə üstünlük verirlərsə, dairə lideri bu yanaşmaları nəzərə almadan marafona qoşula bilməz. İstənilən bölgənin bu tipli yanaşmaya ehtiyacı var və əhali problemlərinə ən azı kiçicik bir kənd səviyyəsində yanaşan insana dəyər verilir. Buna görə də namizəd regionu incələməyə borcludur.

Regionun lideri (və ya namizəd) olmaq istəyən şəxs kənd, rayon səviyyəsində iddiası olan, lakin onu mövcud iqtidarın şərtləri çərçivəsində gerçəkləşdirə bilməyən və ya bu hakimiyyətin aşırı problem yaratdığı adamları ətrafına toplamağı bacarmalıdır. Region incələndikdən sonra təbii ki, xırda bir kənddə kimin hansı iddia ilə yaşadığını da öyrənmək çox asandır. Hakimiyyət seçkini kənd icra nümayəndəsi, məktəb direktoru və müavinləri, bağça müdirləri, bələdiyyə üzvləri, xəstəxananın baş həkimi, şərait yaratdığı fermerlər vasitəsi ilə udur. Hakimiyyətin vəzifə verdiyi bu adamlar iqtidarın sifarişini can başla yerinə yetirilər. Sizcə, heçmi bir kənddə məktəb direktoru olmaq istəyən, bələdiyyə seçkilərində seçilmək arzusunda olan, dövlətin imkanlarından yararlanaraq yaxşı fermer olmaq arzusunda bulunan seçicilərimiz yoxdur? Həm də nəzərə alsaq ki, böyük əksəriyyət bu hakimiyyətin idarəetməsindən, keçirdiyi seçkilərdən, yaşam tərzindən, sosial durumdan olduqca narazıdır və fəaliyyətini vicdanlı vətəndaş olaraq sürdürmək istəyir, onda işimiz bir qədər də asanlaşar. Əyri yollarla o vəzifəni tutmaq imkanlarının da olduğunun fərqindəyəm. Amma heç də hamı vəzifəyə əyri yollarla gəlmək niyyətində deyil və həmçinin hakimiyyətin prinsiplərini ödəyə biləcək qabiliyyət və imkanında deyil. Belə şəraitdə isə biz iddialı insanları tapmaqda elə də çətinlik çəkməyəcəyik. Hələ onu da nəzərə alsaq ki seçici qarşısına heç də əliboş getmirik. Ən azı Ümid Partiyasının adı, mövqeyimiz seçiciyə bəllidir, az-çox partiya strukturlarımız var, işimiz bir qədər də asanlaşır. Kəndlərdən başlayan seçim bütün dairənin ərazisini əhatə etməklə bizim çevrəmizi müəyyənləşdirəcək. Bizlə bərabər digər iddialılar, ictimai-siyasi proseslərə laqeyd olmayanlar, mövcud iqtidardan narazı olanlar və siyasiləşmiş elektorat aktiv olduğumuz bölgədə zaman keçdikcə bizim ətrafımızda təmərküzləşməyə başlayacaq. Yetər ki, hər kənddə adımız keçsin, bizlə bir yerdə olan insanların kiçik də olsa qrupu fəaliyyət göstərsin. Biz bu qrupu seçiciyə təqdim etdikcə seçici ümid işığının harada olduğunu doğru təxmin edib problemlərinin çoxluğu, ədalət axtarışı sorağı ilə bizim regionda və Respublikada lider olmağımızı sürətləndirəcək. Demək, bölgəsini seçən iddia sahibi, ərazisinin hər guşəsindən seçkili və təyinatlı orqanlara, o cümlədən, biznes strukturlarına iddialı şəxsləri tapmalı, onları siyasi təşkilatımızın üzvünə çevirməli, onların vasitəsi ilə təəssübkeşlərin sayını artırmalı, hakimiyyətdən narazı insanların problemlərinin həlli istiqamətində bəlli addımlar ataraq onları özlərinə yaxınlaşdırmalıdırlar. Digər siyasi partiyaların üzvü olan şəxslərin indiyə qədər ki, fəaliyyətlərinin nəticəsizliyini və yerli hakimiyyət strukturlarının onlara münasibətindən formalaşan sərtlik müqabilində də təbii ki, sıralarımıza qoşulanlar olacaq.

Son