İranla Rusiya “3+3” formatı ilə bağlı danışıqlar apardı

iranla-rusiya-33-formati-ile-bagli-danisiqlar-apardi
Oxunma sayı: 2247

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə ilə regionda iqtisadi və ticarət əlaqələrinin açılması ilə bağlı “3+3” danışıqlar formatının yaradılması təşəbbüsünü müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu gün iranlı həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib.

Lavrovun sözlərinə görə, məhz Moskva Dağlıq Qarabağ münaqişəsini dayandırmaqda və üçtərəfli bəyanatı imzalamaqda həlledici rol oynayıb. 

“Bundan əlavə, üçtərəfli bəyanatda bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə işlər də daxil olmaqla, razılaşmanın irəliləməsi üçün birgə addımları müəyyən edən prinsiplər var idi.

Bundan isə nəinki Ermənistan və Azərbaycan, həmçinin Gürcüstan da faydalanacaq. Bununla yanaşı, bundan sözügedən üç ölkənin yaxın qonşuları - İran, Rusiya və Türkiyə də bəhrələnəcək. Bu gün üç Qafqaz ölkəsi və onların üç böyük qonşusunun daxil olduğu “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik”, - deyə S.Lavrov əlavə edib.

Lavrov qeyd edib ki, İran tərəfi bu ideyaya müsbət yanaşma nümayiş etdirib: “Bu cür münasibət Azərbaycan və Türkiyədə də müşahidə edilir. Erməni həmkarlarımız ilə işləyirik. Hesab edirik ki, Gürcüstan da bütün problemlərinə baxmayaraq, bu cür məsləhətləşmə mexanizminin yaradılmasında öz əsas maraqlarını görə biləcək”.