İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar

isanin-doguldugu-sehere-milad-qayitdi
Oxunma sayı: 2841

Qəzza müharibəsi fonunda iki il ardıcıl olaraq hər cür ictimai tədbirlərinin ləğv edildiyi Beytləhm şəhəri yenidən bayram işıqları ilə işıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, sülhə dair əldə olunan son atəşkəsdən sonra şəhərin mərkəzində ənənəvi Milad ağacı iki illik fasilədən sonra yenidən quraşdırılıb.

Şəhər meri Maher Kanavati bayram dekorasiyasının bərpasını iki illik səssizliyin sonu kimi qiymətləndirib:
“Bu iki il bizim üçün çox ağır keçdi. Nə Milad vardı, nə iş, nə də gəlir… Bu işıq bizim üçün ümid deməkdir”.

Mer bunun bəziləri tərəfindən “uyğun olmayan addım” kimi görülə biləcəyini də etiraf edib. O, Qəzzada davam edən humanitar böhran fonunda qərarın asan alınmadığını vurğulayıb.

Qeyd edək ki, Beytləhm Fələstinin Qərbi Şəriə bölgəsində yerləşir.

Ərazi bütövlükdə İsrailin nəzarəti altındadır. Şəhər xristian inanclarına görə İsa Məsihin doğulduğu yer kimi qəbul edildiyi üçün Milad bayramının dünyadakı ən önəmli simvolik mərkəzlərindən biridir.

Məhz buna görə də Beytləhmdə Milad ağacının yenidən işıqlandırılması həm dini, həm də mədəni baxımdan xüsusi anlam daşıyır.