“Real Madrid” klubu UEFA-ya genişhəcmli rəsmi hesabat göndərərək əbədi rəqibi “Barselona”nın ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Məlumata görə, bu addım İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın adı ilə bağlı olan səs-küylü korrupsiya skandalı çərçivəsində atılıb.
Florentino Perezin yenidən prezident seçilməsindən dərhal sonra “Real”ın UEFA-ya təqdim etdiyi təxminən 500 səhifəlik sənəddə Kataloniya klubuna qarşı bu radikal tələblər irəli sürülüb:
1. “Barselona”nın Avrokuboklardan tamamilə kənarlaşdırılması;
2. Klubun 2001-2018-ci illər aralığında qazandığı bütün titullardan (ümumilikdə 23 kubokdan) məhrum edilməsi.
Madrid təmsilçisi iddia edir ki, sözügedən illərdə “Barselona” vasitəçi şirkətlər vasitəsilə Neqreyrada cəmləşən şəbəkəyə hakimlərin qərarlarına təsir göstərmək məqsədilə milyonlarla avro ödəniş edib. Paytaxt klubu hətta hesabatda hakimlərin qərəzi ucbatından onlardan “oğurlanmış” xalların mövsümlər üzrə statistikasını da təqdim edib.
“Barselona” rəhbərliyi isə ittihamları qətiyyətlə rədd edir. Klubun hüquq müdafiəçiləri bu ödənişlərin sırf texniki xarakter daşıdığını, hakimlərin idarəçilik üslublarına dair analitik hesabatlar və videoanaliz xidmətləri üçün qanuni şəkildə edildiyini bildirirlər.
Mənbənin məlumatına görə, UEFA rəhbərliyi, xüsusən də prezident Aleksander Çeferin məsələni diqqətdə saxlasa da, rəsmi qərar verməyə tələsmir. Qurum yalnız İspaniya məhkəmələrində davam edən cinayət işi və hüquqi proseslər tam başa çatdıqdan sonra yekun addım atacaq. Ekspertlər isə UEFA-nın retrospektiv şəkildə daxili çempionatın titullarını geri almaq kimi belə bir ağır və görünməmiş sanksiyaya əl atacağını real hesab etmirlər.
Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının son çempionudur, Madrid “Real”ı isə başa çatan 2025/2026 mövsümünü ikinci pillədə başa vurub.
Son xəbərlər
Son Xəbərlər