Noyabrın 3-də 38-ci İstanbul Beynəlxalq Kitab Fuarında filologiya elmləri doktoru, şair, yazıçı, publisist Sona Vəliyevanın "Yurt sevdası" kitabının təqdimatı olub. 2019-cu ildə Türkiyənin "Zəngin yayıncılık" nəşriyyatı tərəfindən beş min tirajla çap olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam aşılayan mövzularda, eləcə də ayrı-ayrı fəlsəfi, həyati məzmunlu 100-dən çox sərbəst və heca janrında qələmə aldığı şeirləri yer alıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn tədbiri açıq elan edib qonaqları, oxucuları salamladıqdan sonra S.Vəliyevanın yaradıcılığı haqqında danışıb: "S.Vəliyeva çoxşaxəli yaradıcılığa malik ədibdir. O, Soltan Dadaşov, Əzim Əzimzadə haqqında kultroloji, Əlimərdan bəy Topçubaşov, İsmail bəy Qaspıralı barədə publisistik, Hüseyn Cavid, Məmməd Araz və s. söz adamlarından bədii, elmi məqalələr qələmə alıb. Eyni zamanda S.Vəliyeva Həsən bəy Zərdabinin həyat yolunu başdan sona canlandıran "İşığa gedən yol" adlı roman yazıb ki, həmin əsər Azərbaycanda və Rusiyada nəşr edilib, hər ölkənin ədəbi elitası bu əsəri yüksək qiyməyləndirib. Əsər ölkəmizdə Mətbuat Şurasının Ali Media Mükafatının birinci dərəcəsini qazanıb, eyni zamanda Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatının nəsr nominasiyası üzrə qalibi olub. Sona xanım elmi fəaliyyətində də uğurlar əldə edib, onun Azərbaycançılıq haqqındakı əsərləri – "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" və "Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası" kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi baxımından əhəmiyyətli və aktual araşdırmalardır. Eyni zamanda Sona xanım Hüseyn Cavid irsinin araşdırmaçısıdır, "Hüseyn Cavid sənətinin qüdrəti", "Hüseyn Cavid ədəbi irsinin poetikası" adlı elmi əsərlər, monoqrafiyalar yazıb. Ötən il "Hüseyn Cavid ədəbi irsinin poetikası" mövzusunda elmi iş müdafiə edən Sona xanım filologiya elmləri doktoru adına layiq görülüb. Yaddaş üçün deyim ki, o, həm də "Hüseyn Cavid – 135", "Hüseyn Cavid – Vətənə qayıdış" kitablarını nəşrə hazırlayıb. Sona xanım Hüseyn Cavid irsinin Türkiyə, İran, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdə nəşr etdirilməsi üçün də əlindən gələni əsirgəməyib, indiyə qədər ölkəmizdə və onun hüdudlarından kənarda dahi ədibin yaradıcılığına həsr edilən onlarla beynəlxalq konfranslara qatılıb. Bu gün Sona xanım bu kitabın təqdimatına üzrlü səbəbdən qatılmayıb, çünki Özbəkistanın Xivə şəhərində Xarəzm Universitetində Hüseyn Cavidə həsr olunmuş konfransda məruzəçidir.
Sona xanımın İngiltərə, Serbiya, Polşa, İran, Rusiya, Gürcüstan, Özbəkistan və sair ölkələrdə kitabları tərcümə olunaraq nəşr edilib, həmçinin əsərləri haqqında 300-dən çox elmi, publisistik məqalələr yazılıb, həmin yazılar "Zaman xəbərsiz ötdü", "Bitməyən söz", "Ruhun yaddaşı" kitablarında cəm olub. Sona xanımın "Dünya Tanrı biçimdədir" adlı bir kitabı var: Orada şeirlərin mövzu üzrə bölgüsü belədir: "Tanrı", "Söz", "Dünya", "İnsan", "Vətən". Bildiyiniz kimi, əvvəl Tanrı vardı, sonra Tanrı "Ol" dedi dünya yarandı, sonra insanlar, nəhayətdə də Vətən anlayışı yarandı. Həmin kitab quruluşu və mahiyyəti etibarı ilə sanki dünyanın yaradılış alqoritminin poetik inikasıdır. Bu gün Türkiyə türkcəsində yayımlanan "Yurd sevgisi" kitabı da eynən mövzu baxımdan belə rəngarəngdir. İnanırıq ki, bu kitab daha geniş oxucu kütləsinə qovuşacaq, rəğbətlə qarşılanacaq. İndiyə qədər Sona xanımın "Türkün gəlişi", "İşığa gedən yol", "Bu dünya görüş yerimiz" adlı kitabları da Türkiyə türkcəsində yayımlanıb, bu sıraya daha bir kitabın əlavə olunması da sevindirici haldır".
Daha sonra Azərbaycanın İstanbuldakı Baş konsulu Mənsim Hacıyev Azərbaycanın İstanbul Kitab Fuarındakı uğurlu fəaliyyətindən söz açdı və təqdimatı keçirilən "Yurd sevgisi" kitabı haqqında ətraflı danışdı.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver maraqlı nitqi ilə yadda qaldı: "Hörmətli xanımlar və cənablar, bu gün biz Azətbaycan ədəbiyyatının aydınlıq üzünün göstəricisi olan bir tədbirdə iştirak edirik. Qədim tarixə və çoxəsrlik ənənələrə söykənmiş Azərbaycan ədəbiyyatının yeni və dəyərli nümunələrini kitab halında 38-ci İstanbul Fuarında Türkiyəli oxuculara təqdim edilməsinə şahidlik edirik.
Sona xanım həm də Hüseyn Cavid irsini dünyada tanıdılması yolunda böyük zəhmət çəkən, ləyaqət nümunəsi göstərən bir aydındır. Az əvvəl Fərid bəy Sona xanımın şeirlər kitabının quruluşunu dünyanın yaranışı ilə müqayisə elədi, icazənizlə mən də onun məhz aləmlərin bərqərar olunması haqqındakı gözəl bir şeirini sizlərə oxumaq istəyirəm:
Yer üzü bomboş idi.
Mənim qəlbim kimi...
Tanrı "OL" dedi.
Sən qarşıma çıxdın...
Mən sən "OL"dum,
Sonra meşələr,
dağlar,
dənizlər,
hər şeylər "OL"du,
Beləcə
dünya yarandı...
Doğurdan da, kiçik həcmli bir şeirdə dünyanın yaranışı haqqında dərin bir fəlsəfi dünyagörüş ifadə olunub. Əziz tədbir iştirakçıları, madam ki, sözümüzü şeirlə açmışıq, elə Sona xanımın sevdiyim "Şeirin rəngi" adlı bir poetik nümunəsi ilə də tamamlayım:
Bu gecə
şeirin rəngini gördüm.
Tanrı şeiri
ağappaq işıq rəngində,
ağappaq yolla,
ağappaq təbəssümlə
göndərmişdi.
Hər sətir ağappaq
işıq saçan közdü...
İçimə dolduqca
yol göründü, yol açıldı.
Sonra o yolla söz
doğuldu,
söz yarandı.
Söz vərəqin
Üzünü ağartdı,
sonra, sonra
şeir sözü
rənglədi,
cilaladı...
Sözdən
ağappaq almaz,
yarandı,
asıldı könlümüzdən,
gözəlləşdi içimiz.
Olanlar, qalanlar,
qürbətlər, ayrılıqlar,
sevib unudulanlar,
kədərdən ağlayanlar,
ağappaq işıqla
boylandılar şeirdən.
Tanrı sətir-sətir
Yeni doğulmuş
körpə kimi
gülümsündü üzümüzə,
göndərdiyi
işıq töhfəsindən,
ağappaq şeirdən...
Var olsun, Sona xanım və onun poetik varlığı. Təşəkkür edirəm".
Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov çıxış edib. A.Cəfərov qeyd edib ki, hər il olduğu kimi bu il də İstanbul Kitab Fuarında Azərbaycan kitabına olduqca böyük diqqət var. Stendimizi ziyarət edən çoxsaylı oxucular Azərbaycan müəlliflərinin əsərləri ilə maraqlanır və əldə edirlər. "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi əsasında Türkiyə türkcəsinə çevrilən çoxsaylı nəşrlər stendimizə olan böyük marağı daha da artırıb. Builki fuarda biz Nizami Gəncəvinin "Xəmsə"sinin, İmaddədin Nəsiminin "İraq divanı" kitablarının da təqdimat mərasimini də keçirdik. Nəfis şəkildə nəşr edilən bu kitablar Türkiyə oxucusu tərəfindən rəğbətlə qarşılandı və layiq olduğu qiyməti gördü. Bu gün də növbəti bir kitabın – "Yurd sevgisi"nin təqdimat mərasiminə toplaşmışıq. Stendimizdəki nəşrlərə, keçirdiyimiz tədbirlərə olan maraq arzulanan səviyyədə olması bizi sevindirir".
Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu kitablar "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkəti tərəfindən nəşr edilib.


