İtaliyanın Baş nazirinə telefon zarafatı etdilər

italiyanin-bas-nazirine-telefon-zarafati-etdiler
Oxunma sayı: 2309

Rusiyalı komediya ustaları Vladimir Kuznetsov və “Vovan&Lexus” kimi tanınan Aleksey Stolyarov İtaliyanın Baş naziri Giorgia Meloniyə telefon zəngi edərək zarafat ediblər.

“Qafqazinfo” xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, rusiyalı komediya aktyorlarından biri telefonda özünü Afrika lideri kimi təqdim edərək Melonini Fransa Prezidenti Emmanuel Makronla münasibətlər və Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar haqda danışdırmağa çalışıb.

İtaliya Prezident Administrasiyası da yazılı açıqlama ilə hadisəni təsdiqləyib.

“Baş nazirin diplomatik müşavirinin ofisi özünü Afrika İttifaqı Komissiyasının sədri kimi təqdim edən saxtakarın Baş nazirlə (Meloni) danışmasından təəssüflənir”, - açıqlamada deyilir. 

Açıqlamada hadisənin Meloninin 19-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyalarına qatılmağa hazırlaşarkən və Afrika liderləri ilə əlaqələri gücləndirməyə çalışdığı sentyabrın 18-də baş verdiyi qeyd edilib. 

Bildirilib ki, rusiyalı komediyaçılar daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançesə və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenə də oxşar zarafatyana zənglər ediblər.