Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, R.Hüseynov 1974-cü il aprelin 16-sı Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
***
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Yolçu Məmmədovun nəşinin qalıqları 34 il sonra doğulduğu Şəmkir rayonunda torpağa tapşırılıb.
Şəhidin nəşinin qalıqları bu gün doğulduğu Seyfəli kəndinə gətirilərək ailəsinə təhvil verilib.
Cənazə namazı qılındıqdan sonra onun nəşi Seyfəli kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Yolçu Sarı oğlu Məmmədov 1966-cı ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. 1992-ci ilin iyun ayında könüllü şəkildə Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 13 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb. O, ailəli olub.
***
33 ildir itkin şəhid olan olan Qurban Göyüşovun cənazəsi ailəsinin məskunlaşdığı Bərdə rayonunun Şirvanlı kəndinə gətirilib.
Vida mərasimindən sonra şəhid Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Qurban Ramazan oğlu Göyüşov 26 iyun 1974-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olub. O, 12 mart 1992-ci ildə Ağdərədə gedən döyüşlər zamanı xəsarət alıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlı qüvvələrinin fasiləsiz atəşi səbəbindən yaralını təhlükəsiz əraziyə aparmaq mümkün olmayıb.
Bildirilib ki, Q.Göyüşovun qalıqları antiterror əməliyyatlarından sonra atasının onu qoyduğu ərazidə yaxınları tərəfindən aşkarlanıb.
***
32 ildir itkin düşmüş şəhid Dadaş Dadaşovla Bərdədə vida mərasimi keçirilib.
Mərasimdən sonra onun nəşi Bərdə rayonunun Mollaisalar kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Dadaş Şərif oğlu Dadaşov 1972-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. O, 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nofəl Əsgərovla Gəncədə vida mərasimi keçirilib.
Şəhidin nəşi Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Xatırladaq ki, Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Daha sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüblər. O, 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək şəhid olub.
Ziya Əmirxanlı
Yunis Quliyev















Son xəbərlər
Son Xəbərlər