Sentyabrın 16-da yeni tədris ilinin ilk günündə Beyləqan rayonu Kəbirli kəndində M.Fərzəliyev adına 1 saylı tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçışı Əziz Əzizov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Təhsil idarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, məktəb rəhbərliyi və pedoqoji kollektiv, şagirdlər və kənd ictimaiyyəti iştirak edib.
Mərasimdə çıxış edən Əziz Əzizov bildirib ki, Azərbaycan dövləti təhsil sahəsinin inkişafı naminə həyata keçirdiyi layihələrə görə bütün dünyada lider ölkələrdən biridir. Xüsusən də son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı onu deməyə əsas verir ki, bu sahə hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
RİH başçısı əlavə edib ki, yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Ə.Əzizov əsaslı təmir olunan məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, məktəbliləri, eləcə də kənd sakinlərini təbrik etdi və onlara yeni dərs ilində uğurlar arzuladı.
Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, şəhid atası Hüseynov Aydın və digərləri çıxış edərək əsaslı təmir olunan məktəb binası ilə bağlı məktəb kollektivini təbrik etmiş, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, aparılan islahatlardan, əldə olunan uğurlardan danışıblar.
Daha sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar, onlara məktəbin fəaliyyəti, əsaslı təmir olunan binanın tikintisi haqqında məlumat verilib.
Bildirilib ki, müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir.
Məktəb binası 504 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana var.
Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlar sonda bir daha məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri adından yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.