"Kifir bir qadın haqqında təzadlı düşüncələr"
O dondurma kafesinin ilk sıralarındakı stollarından birinin arxasında əyləşmişdi. Və mən əmin idim ki, bu ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi – ilk anda onun bu cür qəribə, xariqüladə kifirliyi məni necə sarsıtdı, karıxdırdısa, hətta mənə elə gəldi ki, çətin ki, şlyapa nəyisə dəyişə bilər – uzun, iri yaşıl güllü meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta tanışım həkim Armando Solano belə onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə lap stolunun kimsə tərəfindən tutulmadığını düşünərək onunla əyləşərdi də.
Amma onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı,. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda o heç gözlənilmədiyimiz anda məlahətli, cəzbedici olur. O küçədə görüb üz-gözümüzü turşudaraq “Ay Allah, necə də eybəcərdir!” dediyimiz qadınlara heç cürə bənzəmirdi. Burada vəziyyət tamamilə başqa cürdür. Təsəvvür edin ki, təkrarsız gözəlliyə malik bir dilbəri görəndə olduğu kimi bu cür qadını görərkən də nitq tutula bilər, yerində donub qalmaq olar. Məhz elə buna görə də dünən kafedə əyləşmiş qadın heç belə bir iddiada bulunmadan özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada biləcəyi bir təəssürat oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o ən füsunkar, canalıcı afətin oyada biləcəyi hissləri oyadırdı. Kimyəvi maddələrlə doldurulmuş ingilis isimli çox sərsəm bir dondurma sifariş verdi, elə iyrənc bir şey idi ki, sadəcə ispanca bilənlər bunun nə mənə şey olduğunu bilə bilərlər. Müasir kulinariyanın nailiyyətləri meyvə ağacları ilə dolu bağ kimi stolun üzərinə düzülür. Və budur, ofisiant rəngbərəng dondurmalarla meyvə formasında ifrat bəzədilmiş ləbələb boşqabı naməlum qadının qarşısına qoyduqda, onun bütün kifirliyi “assorti”nin təmtaraqlı bədiiliyi ilə ziddiyyət təşkil etdi.
Əslində mən hələ də anlaya bilmirdim, məni ən çox təəccübləndirən nə idi: bu qədər eybəcərliyi ilə məni özünə dəfedilməz dərəcədə cəzb etmiş həddən artıq kifir qadınmı, yoxsa kulinariya sənətinin ikrah oyadacaq dərəcədə bəzədilmiş bu təmtəraqlı təamımı. Mübhəm tarazlıq bəlkə də ziddiyyət yaradırdı. Kifir qadınla – o acgözlüklə dondurmanı utduqca daha da kifirləşdi - və hər dəfə qadın qaşığı boşqaba batırdıqca daha da iyrəncləşən bu ifrat bəzədilmiş boşqab arasındakı qəribə və qaçılmaz ziddiyyət.
Nəhayət təam əridi, rənglər xaotik şəkildə bir-birinə qarışdı və qadın daha yemədi. Yeməkdəki ifratçılığından utandığı üçün deyil, kiminsə onu gizlicə seyr etdiyini hiss etdiyi üçün ətrafa göz gəzdirdi. Sonra dizinin üstündəki çantanı açdı, içindən kosmetika qabını çıxardı və stolun üstündə qoydu. Ağlasığmaz arxayınlıqla güzgüdə özünə baxdı, üz-gözünü büzüşdürdükdən sonra elə bil bir anlıq qəşəngləşdi, yəqin ona görə ki, heç bir eybəcərlik zahirini korlaya bilməz. Və dodaqlarını boyamağa başladı, çox ehtimal ki, qadın təbiətindən gələn naz – qəmzəyə görə deyil , elə – belə, qeyri – iradi, dodaqları solğun görünməsin və nə qədər dondurma yediyi bilinməsin deyə boyadı. O stoldan qalxarkən gördüm ki, qadın azad və sərbəst xanımın özünə rəva biləcəyindən də uzun və arıqdır. O qədər uzun və o qədər arıq ki, bu artıq nə isə təbii bir şey kimi görünürdü…
O dəqiqədə ki, o hesabı istədi və onun zəif cansıxıcı səsi eşidildi, mən tamamilə özümü itirdim və daha anlaya bilmədim ki; kafedə həyatımın ən kifir qadınınımı gördüm və ya tamamilə əksinə – nadir gözəlliliyə malik qadınınımı.