Kiyevdə kəskin enerji böhranı səbəbindən metro nəqliyyatı dayandırılıb, şəhər tamamilə iflic vəziyyətinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat yayıb.
Merin sözlərinə görə, Ukraynanın bir çox şəhərlərində olduğu kimi, paytaxtda da təcili elektrik kəsintiləri tətbiq olunur:
“Gərginliyin aşağı olması səbəbindən metro qatarlarının hərəkəti dayandırılıb və hazırda yeraltı stansiyalar ehtiyat enerji mənbələri hesabına yalnız sığınacaq kimi fəaliyyət göstərir”.
Qeyd edək ki, hazırda Kiyevdə vəziyyət kritik həddə çatıb. Şəhər üzrə su və istilik təchizatı sistemləri dayanıb, paytaxta gələn elektrik qatarlarının hərəkəti də dondurulub. Kəsintilər temperaturun kəskin şəkildə düşdüyü şiddətli şaxtalar zamanı baş verdiyindən 400-dən çox çoxmərtəbəli bina tamamilə istiliksiz qalıb.
***
Kiyev metrosu xarici enerji mənbələrindən gərginliyin itməsi səbəbindən yaranan fasilədən sonra hər üç xətt üzrə fəaliyyətini tam bərpa edib.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Bildirilib ki, paytaxt metrosunda qatarlar hazırda 6 dəqiqəlik fasilələrlə hərəkət edir.
Qeyd edək ki, bu gün Ukraynanın enerji sistemində baş verən texniki nasazlıq səbəbindən Kiyevlə yanaşı, bir çox regionda elektrik kəsintiləri yaranmışdı. Gərginliyin kəskin düşməsi nəticəsində metroda qatarların və eskalatorların hərəkəti müvəqqəti dayandırılmış, yeraltı stansiyalar yalnız sığınacaq kimi fəaliyyət göstərmişdi. Energetiklərin operativ müdaxiləsindən sonra şəhərin kritik infrastruktur obyektləri ilə bərabər, nəqliyyat sisteminin də işi qaydasına düşüb.
Son xəbərlər
Son Xəbərlər