Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Gelzenkirxen şəhərində filmləri xatırladan soyğun hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, oğrular Milad tətilindən istifadə edərək şəhərdə yerləşən əmanət bankının seyfini qarət ediblər.
Polisin verdiyi məlumata görə, soyğunçular əvvəlcə Buer rayonunda dayanacağın altından keçən tunel vasitəsilə bankın zirzəmisinə daxil olublar. Daha sonra seyflərə çatmaq üçün divarı deşən oğrular şəxsi əşyalar və pul saxlanılan seyfləri açaraq hadisə yerindən qaçıblar.
Araşdırmalar zamanı məlum olub ki, cinayətkarlar peşəkar üsullardan istifadə ediblər. Onlar divarı qazarkən su püskürdərək yaranan istilik və tozun yanğın siqnalizasiyasını işə salmasının qarşısını almağa çalışıblar. Polis istifadə olunan qazma alətlərinin adi tikinti materialları mağazalarında satılmadığını və oğruların yüksək texniki biliklərə malik olduqlarını bildirib.
Gelzenkirxen polisi soyğunun Milad tətilinə təsadüf etməsinin əvvəlcədən planlaşdırılmış cinayətdən xəbər verdiyini qeyd edib. Oğurlanan pulun məbləği hələ açıqlanmayıb, cinayətkarların bankda nə qədər müddət qaldıqları da dəqiqləşdirilməyib.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər